"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?

15.06.2026 19:12 48
Aktual / Ölkə futbolu
Ölkəmizi Çempionlar Liqasında təmsil etməyə hazırlaşan “Sabah” heyətini gücləndirməkdədi. Daha əvvəl Eyden Makkarti və Yunis Laçabla müqavilə imzalayan "bayquşlar"ın üçüncü transferi Junior Erivaldo Almeyda olub. Masazır təmsilçisi braziliyalı müdafiəçiylə 3 illik razılıq əldə edib.

"Football-plus.az"ın məlumatına görə, 26 yaşlı futbolçu Portuqaliya “Maritimu”sundan transfer edilib. Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-23), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-23) və “Maritimu” (2024-26) komandalarında oynayıb.

Almeyda 189 sm boya malikdi. Onun "Transfermarkt"dakı dəyəri 400 min avrodu. Müdafiəçi 2025/26 mövsümündə Portuqaliyada 2-ci liqada 9, ölkə kubokunda 1 oyun keçirib. Bu oyunların 5-də mübarizəyə start heyətində başlayıb. Futbolçu bu matçlarda cəmi 610 dəqiqə meydanda olub. Qol və məhsuldar ötürməylə yadda qalmayan Almeyda 3 dəfə sarı vərəqəylə üzləşib.

Xatırladaq ki, "Sabah" mövsümlərarası fasilədə Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev və Amin Seydiyev ilə vidalaşıb.

KƏNAN BAHADIR