“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Ötən ilin bu günlərində gənc məşqçi Qurban Sadıqzadəylə həmsöhbət olub, layihəmizin mövzusuna uyğun suallara ondan cavab almağa çalışmışdıq. Həmin vaxt Qurban bəy futbola gəliişində, onun məşqçi kimi fəaliyyət göstərməsində böyük rolu olan mütəxəssisləri xatırlayarkən Zöhrab Səttarovun adını çəkmişdi. Qismət elə gətirdi ki, Zöhrab Səttarovla tanış olmaq imkanı qazandıq. Onu azyaşlılara futbolun sirlərini öyrədərkən, iş başında gördük. Böyük həvəslə uşaqlara futbol elementlərini öyrədən, onlara həssas valideyn kimi yanaşan Zöhrab müəllimin məşqini izlədikdən sonra həmsöhbət olmaq imkanını da qaçırmadıq. O da suallarımızı həvəslə dinləyib, ətraflı cavablamaqla indi oxuyacağınız müsahibənin araya-ərsəyə gəlməsində yardımçı oldu.

- Zöhrab bəy, haqqınızda çoxdan eşitmişdik, bu gün də sizi görmək fürsətimiz yarandı. İstərdik ki, əvvəlcə özünüz haqda danışasız. Futbolla maraqlanmağa necə başladız? Karyeranıza nəzər salanda nələri xatırlayırsız?- Mən 1966-cı ildə Bakı şəhərində dünyaya göz açmışam. Futbola marağım 9-10 yaşımdan başlayıb. Əsasən futbola baxmağı çox xoşlayırdım. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatına çox maraqla baxırdım. Bəzən oyunlar gecəyarısı bitirdi, bilirdim ki, vaxtında yatmaq lazımdı. Gec yatmaq uşaq üçün vacibdi. İndi də valideynlərə məsləhət görürəm ki, uşaqları tez yatızdırsınlar. Onlar üçün yaxşı yuxu vacibdi ki, məktəbdə itirdikləri enerjini bərpa etsinlər. Qayıdım özümün futbola marağıma. Bizim uşaqlığımız sovet dövrü idi. İndiki kimi kompüter, telefon, internet yox idi. Hamı böyüklərlə birlikdə otururdu, televizora baxırdı. Uşaqların maraq dairəsi də belə formalaşırdı. Mən də böyüklərlə otururdum, dünya çempionatının oyunlarını böyük həvəslə izləyirdim. Özüm də Hövsan qəsəbəsində yaşayırdım. Braziliya yığmasına azarkeşlik edirdim, Maradonaya da xüsusi sevgim var idi. O dahinin oyununa həsəd aparırdım. Hövsanda bir ağsaqqal kişi yaşayırdı. Özü məşqçi deyildi, amma onun futbola böyük marağı var idi. 9-10 yaşım olanda bizi başına topladı, ərazidə boş sahəni iməcilik etməklə təmizlədik, özümüz üçün meydança düzəltdik. Həmin şəxs də iş yerində dəmirdən qapılar düzəltdirmişdi, gətirib meydançaya qoydu. Bizim valideynlərimiz də bu işə kömək göstərirdi. Düzdü, stadion qumlu idi, amma biz ora daxil olanda özümüzü dahi futbolçu kimi hiss edirdik. Həmin vaxt “FŞM” klubları var idi. Biz də o futbol məktəblərinə üz tutduq. İndi məşhur FİFA referisi olan Əliyar Ağayevin atası Kərim Ağayev gördü ki, futbola böyük marağımız var, bizi başına toplayıb məşq keçməyə başladı. Onun rəhbərliyi altında Qax rayonuna getmişdik, “Sevinc kuboku”nda iştirak edirdik. Biz o turnirdə ikinci yer tutduq. Çox güclü komandamız var idi, biz qarşı “lipa”lardan istifadə etdilər Allah Kərim Ağayevə can sağlığı versin, onu özümə ilk məşqçi sayıram. Sonra da şəhərə doğru getdik. İstəyirdik ki, başqa komandada oynayaq. “Xətai” metrostansiyasına yaxın meydançada Vadim Fyodorov məşq keçirdi. Onun rəhbərliyi altında Bakı birinciliyinə qatıldıq. Mən sonuncu müdafiəçi rolunda oynayırdım, Aleksandr Çivadze mənim kumirim idi. Çalışırdım ki, ondan nəsə öyrənim. İqor Ponomoryovun qardaşı bizimlə futbol oynayırdı. Eləcə də Şahin Diniyevlə uşaq vaxtı bir yerdə futbol oynamışıq. 1984-cü ilə Nalçik şəhərində turnirə getdik, finala yüksəldik. Finalda Ukraynaya uduzub ikinci olduq. Orda mən Vəli Qasımovla tanış oldum, Vəli Ukrayna yığmasının heyətində çıxış edirdi. Vadim Fyodorov bir məşqçi kimi mənə çox inanırdı, məni kapitan seçmişdi. Növbəti məşqçim Böyükağa Ağayev oldu. Sonra Boris Tibilovun rəhbərliyi altında Buzovnanın “Gənclik” klubunda oynadım. Ən böyük uğurum da “Gənclik”də oldu. 1989-cu ildə Azərbaycan çempionu olduq, növbəti il Azərbaycan kubokunu qazandıq. İmanxan Sultani, Azər İsayev kimi futbolçularla çiyin-çiyinə oynayırdım. Azər İsayevlə bir-birimizi çox gözəl başa düşürdük, Tibilov məni bütün mövqelərdə sınayırdı. Tibilovun rəhbərliyi altında Vladislav Qədirov da bizimlə birlikdə oynayırdı, sonra da SSRİ yığması ilə dünya çempionu oldu. 1983-cü ildə Mingəçevirin “Avtomobilçi” komandasına yollanmışdım. Orda Yaşar Vahabzadə və Nazim Süleymanov kimi futbolçularla tanış oldum. Orta məktəbi də çox yaxşı oxuyurdum, 6-cı sinfə kimi əlaçı idim. Məktəbi bitirəndə də heç vaxt “3” qiymətim olmayıb. Spartakiadada ikinci yeri tutandan sonra “İdman ustası” adını da qazandım. Əsgərliyə gedəndə istədim “Terek”də oynayım, amma məni komandaya götürmədilər. Amma 6 aydan sonra Volqoqrada getdim, orda gördülər ki, futbolçuyam, məni şəhərin yığmasına dəvət etdilər. Orda məşhur qapıçı Zaur Xapov da çıxış edirdi. Beləcə əsgərliyin qalan müddətində futbol oynadım. Bakıya qayıdandan sonra da mənə futbol oynamaq asan oldu, çünki formada idim. Buzovnanın “Gənclik” komandasında çıxışımı davam etdirdim, sonra “Xəzri”də oynadım. Beləcə 12 il peşəkar futbol həyatıma davam etdim. Karyeramı da “Xəzri”də bitirdim. Buna da ağır zədələr səbəb oldu. Əməliyyatdan sonra gördüm ki, əvvəlki kimi oynaya bilmirəm. Mən metropolitendə də işləyirəm, həvəskar səviyyədə metronun komandasında oynasam da, peşəkar futbol karyeramı bitirdim. Metro işçiləri arasında üç dəfə çempion adı qazanmışam.

- Bəs məşqçi karyerasına keçid necə alındı?- Məşqçiliyi çox arzulayırdım, amma məşqçi kimi çalışmırdım. Bu işdə də mənə Vaqif Davudov böyük köməklik etdi. 2006-cı ildə Vaqif müəllimlə rastlaşdıq. Buzovnadan bir-birimizi tanıyırdıq, məni məşqçilər üçün seminara dəvət etdi. İdman Akademiyasındakı kurslara qatıldım, kateqoriya aldım. Beləcə 9-cu mikrorayon ərazisində uşaqları topladım, 157 saylı məktəbin meydançasında məşq keçməyə başladım. Bu uşaqların arasında hazırda “Şamaxı”nın liderlərindən olan Bahadur Həziyev də var idi. Bilirsiz ki, Bahadur Həziyev Təbriz Həsənovun rəhbərliyi altında U-17 yığmamızın heyətində Avropa çempionatının final mərhələsində Azərbaycanı təmsil edib. “Vətən” futbol məktəbində də 9 ilə yaxın işləmişəm. Üç dəfə Bakı birinciliyinin qalibi oldum, bir dəfə də Ruslan Abdullayevin xatirəsinə həsr olunmuş turnirin qalibi adını qazandım. 1995-96-cı illərdə doğulmuş uşaqlar arasında yaxşı uşaqlar vardı. Elgün Nəbiyevin adını çəkə bilərəm. Xeyli perspektivli uşaq var idi. Heyf ki, sona qədər gedə bilmədilər.
- Yaxşı məqama toxunduz. Belə hallar haqda çox eşitmişik. Pepspektivi olan istedadlı uşaqlar müəyyən mərhələdən sonra itib-batırlar. Bunun səbəbu nədi?- Azərbaycan futbolunun problemlərindən biri də budu. Sanki həmin futbolçular uşaq futbolunda qalır. Valideynlərin seçimi də buna təsir göstərir. Bizim cəmiyyətdə uşaqlar valideynlərdən çox aslıdı. Mən həmişə valideynlərə səslənirəm, deyirəm ki, gəlin, uşaqların məşqlərinə baxın. İstənilən valideyn uşağı futbola yazdıran kimi soruşur ki, bu uşaq futbolçu olacaq, ya yox?! Axı uşaqların potensialı fərqlidi, onu dərhal müəyyənləşdirmək olmaz. Bəzən uşaq olur ki, potensialı iki ildən sonra açılır. Yaxud da fiziki cəhətdən zəif olur, məşq etdikcə səviyyəsini artırır. Futbolçu savadlı olmalıdı, özü qərar verməyi bacarmalıdı. Perspektivli futbolçular olur ki, özündənrazılığa qurban gedib. Düşünüb ki, ondan yaxşı heç kim oynaya bilmir. Uşaq özündən narazı olmalıdı. Mən uşaqları tərifləyirəm, çalışıram onlara dəstək verim ki, o da həvəslənsin. Konkret iki uşaq olub ki, mən klublarla danışmışam, istəmişəm uşaq peşəkar futbol oynasın. Amma valideyn son anda gəlib ki, qoy mənim uşağım ali məktəbə getsin. Mən belə valideynləri də başa düşürəm. Özüm də Neft Akademiyasını bitirmişəm, eyni zamanda da “İdman ustası”yam. Deməli, həm oxumaq, həm də idmanla məşğul olmaq mümkündü.

- Bir müddət Bakıdakı “Real Madrid” futbol məktəbində də çalışmısız. Bu barədə danışardız...- Rəhmətlik Azad Rəhimov və nazir müavini Mikayıl Rəhimov bu layihəyə böyük önəm verirdi, ciddi yanaşırdılar. Azad Rəhimov “Real” akademiyasını Bakıya gətirməyə nail oldu, klubun prezidenti Pereslə müqavilə imzalandı. Təhsil Naziri Misir Mərdanov da açılış mərasiminə gəlmişdi. “Vətən” futbol məktəbi dünyanın ən məşhur klublarının biriylə əməkdaşlıq edirdi. Mən bu layihədə beş il çalışdım, sona qədər qaldım. Yeganə məşqçiyəm ki, bu layihə çərçivəsində beş sertifikat almışam. Bu layihə sosial bir layihə idi. Madriddən məşhur mütəxəssislər dəvət olunurdu, biz azərbaycanlılar da onlardan öyrənməyə çalışırdıq. Məktəbin məqsədi hamıya futbol oynamaq üçün şərait yaratmaq idi. Madriddə “Real”ın bazasında yeddi məşq meydançası var. O məşq meydançalarını uşaqların ixtiyarına verirlər. Uşaqları peşəkar futbol oynatmağa tələsmirlər, onlara əylənə-əylənə futbolu sevməyə şərait yaradırlar. Uşaq futbolu sevəndən sonra ona bağlanacaq, gələcəkdə futbolçu olmaq üçün məşqlərə can yandırmağa başlayacaq. Buna görə də bu layihə sosial futbol layihəsi adlanırdı.
- Belə layihələrin gələcəkdə yenidən tətbiq olunması mümkündümü?- Fərqli layihələr mütləq olmalıdı. Mən özüm də bu cür layihələr üzrə çalışıram, müxtəlif səlahiyyətli şəxslərə təkliflərimi vermişəm. Uşaqlar akademiya kimi vahid bir yerə toplanmalıdı. Bunun nümunəsi Qəbələdə var. Beş gün bir yerdə qalan uşaqlar həm birlikdə məşq etməlidi, həm dərsə getməlidi, oxumalıdı. Futbolçu təhsildən də kənarda qalmamalıdı. Bizim uşaq məşqçiləri müxtəlif yerlərdə çalışırlar, hər bir yerdən 200-300 manat qazanırlar ki, ailələrini saxlaya bilsinlər. Məşqçi bir yerdə çalışmalıdı ki, ora həm normal enerjisini sərf etsin, həm də güzəranını təmin etsin ki, fikri dağınıq olmasın.
- Elə son sualımız da təhsillə bağlıdı. Təhsilin futbolçunun həyatında nə kimi rolu var? Təhsil futbolçuya nə verir?- Bir var adi futbolçu, bir də var savadlı futbolçu - tam fərqli şeylərdi. Futbolçunun ağlı olmalıdı, meydanı görmək, topu paylaya bilmək, oyunu “oxumaq” üçün beynin fəaliyyəti vacibdi. Futbolçu beynini işlətməlidi. Eyni zamanda savadlı futbolçuda natiqlik qabiliyyəti olmalıdı ki, komanda yoldaşlarını irəli aparsın. Lider futbolçuların yeri həmişə meydanda görünür. Uşaq futbolunda məşqçilərdən nəticə tələb etmək də doğru deyil. Məşqçi uşaqdan nəticə tələb etdikcə onun sərbəstliyini əlindən alır.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.