“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Budəfəki müsahibimiz Ramazan Abbasovdu. “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “Rəvan” kimi klublarda çıxış etmiş Abbasov milli komandamızın da formasını geyib. 21 yaşadək futbolçulardan ibarət yığmanın da şərəfini qoyuran həmsöhbətimiz əsas millidə Ukraynaya qarşı oyunda debüt edib. Ümumilikdə milli komandanın formasını 9 dəfə geyən Ramazan bu formayla fərqlənə bilməyib. Onunla söhbətimiz zamanı həm karyerasını vərəqlədik, həm də Azərbaycan futbolunun bugünündən söz açdıq.
- Ramazan, futbola gəlişininin tarixçəsi necədi? İlk məşqçini və ilk komandanı necə xatırlayırsan?
- Futbola ilk addımlarımı Gəncədə atmışam. 1995-ci ilə qədər Gəncədə yaşamışıq. Elə orda da 8 yaşımdan uşaqlarla “Metallurq” stadionuna futbol oynamağa gedirdik. Həmin stadionda rəhmətlik Sübhi müəllim də məşq keçirdi. Biz də onun məşqini gördük. Gəncə futbol məktəbinin tanınmış nümayəndələrindəndi. Onun məşqlərini görəndə sonra məndə maraq daha da artdı. Heç bir valideyn bizi futbola aparmayıb. Özüm məşqçiyə yaxınlaşdım, dedim ki, mən futbol oynamaq istəyirəm. Məşqə qoşuldum, həmin məşq bitən kimi Sübhi müəllim dedi ki, sabahdan komandaya qoşuluram, məşqlərə davam edim. 1995-ci ildə Bakıya köçdük. Burda Canbaxış müəllimin qrupuna yazıldım. O da yadımdadı ki, məni ora dayım aparmışdı. Canbaxış müəllimin yanından “Dinamo”nun əvəzedici komandasına yollandım. Bir müddət həvəskarlar liqasından oynadıqdan sonra “Dinamo”nun əsas heyətinə cəlb olundum. Beləcə böyük futbolda ilk addımlarımı atdım.
- Futbolçu karyeranın yaddaqalan məqamları hansılardı? Ən uğurlu komandan, oyunun hansı olub?
- Belə yaddaqalan məqamlar çoxdu. “Bakı”nın heyətində “Sioni”yə qarşı keçirdiyim oyunda qırmızı vərəqə aldım. Ondan sonra “Neftçi”yə transfer olundum, yeni komandamla Avstriyaya - təlim-məşq toplanışına getdim. Ordakı yoxlama oyunlarında çıxış etdim. Düşünürdüm ki, əsas heyətdə “Rid”ə qarşı oynaram. “Rid”lə oyuna bir neçə gün qalmış yadıma düşdü ki, mən “Bakı”nın heyətində qırmızı vərəqə almışam. Bu barədə rəhbərliyə məlumat verdim. Onlar da dəqiqləşdirdi ki, mən meydana çıxa bilmərəm. Futbolda ən çox məyus olduğum anlardan biri budu. Heç vaxt unuda bilmirəm. Səfərdə 1:3 hesabıyla məğlub olduq. Bakıdakı oyunda 2:0 hesabıyla öndəydik. Mərhələni keçmək üçün kifayət idi. Son dəqiqələrdə buraxılan qol ümidlərimizin üzərindən xətt çəkdi. Hamımız xeyli məyus idik. Futbolçu karyeramın ən yaxşı vaxtlarını “Bakı”da keçirmişəm. İki dəfə Azərbaycan çempionu olmuşuq, iki dəfə ölkə kubokunun qalibi adını qazanmışıq. Bir dəfə gümüş, iki dəfə bürünc medallar qazanmışıq. O günləri unuda bilmərəm.

- Futbolla məşğul olmaq səni təhsildən uzaq salıbmı? Ümumiyyətlə, futbolla təhsili bir araya sığışdırmaq mümkündümü?
- Futbolla təhsili bir araya sığışdırmaq lazımdı. Futbol oynamaq o demək deyil ki, hər şeydən uzaq qalmalısan. Yüksəlmək, uğur qazanmaq üçün təhsil də vacibdi. “Rubin” futbol akademiyasının hazırladığı bir videoçarxda görmüşdüm. Uşaqlara həm məşq keçirdilər, gimnastika öyrədirdilər, həm də dərs keçirdilər. Əsl akademiyada elə əsl futbolçu, şəxsiyyət də yetişər. Uşaqların təhsilinin və məşqinin paralel getməsi çox önəmlidi. Belədə insani cəhətdən də uşaq düzgün inkişaf edir. Uşaq həm oxumalıdı, həm də idmanla məşğul olmalıdı.
- Məşqçiliyə keçidin necə alındı? Hansı məşqçi kateqoriyasına sahibsən? Hazırda harda çalışırsan?
- Futbolçu karyeramı bitirəndən sonra bir müddət işsiz qaldım. Sağ olsun “Səbail” rəhbərliyi və Mirbağır İsayev. Mənə dəvət göndərdilər. Artıq iki aydı “Səbail”in U-11 komandasında məşqlərə başlamışıq. C kateqoriyasına sahibəm. B kateqoriyasını da oxuyub, alacam. Futbolçu olmaq heç də məşqçi olmaq deyil. Məşqçiliyin çox incə məqamları var. Onları oxuyub, öyrənmək lazımdı. Gələcək planlarıma bu sahədə oxumaq, başqa kateqoriyaları almaq da daxildi.
- Səncə, Azərbaycanda uşaq futbolunun inkişafı üçün hansı problemləri həll etməliyik, nədən başlamalıyıq?
- Bir qədər əvvəl təhsillə bağlı sualın cavabında da vurğuladım. Mütləq akademiyalar olmalıdı. Xaricdəki akademiyalara baxırıq, heyrətə gəlirik. Akademiyada uşaqlar ciddi nəzarət altında olur. Hətta onların mobil telefondan neçə dəqiqə istifadə etməsinə də nəzarət edirlər. Belə akademiyalarda futbolçu yetişməməsi mümkün deyil. Fikirləşirəm ki, hər 100 uşaqdan azı 40 futbolçu çıxar. Əvvəllər “Bakı”nın akademiyası vardı. Orda, eləcə də “Qəbələ”nin akademiyasında xeyli istedad yetişib. “Bakı” futbol akademiyası qalsaydı, indi nə qədər futbolçumuz olardı... Təəssüf ki, indi belə akademiyamız yoxdu. Bir də ki, uşaqlar böyüdükcə diqqətdə saxlanılmalıdı. 17-18 yaşında uşaq gəlir məşq edir, gedir. Bilmirsən yemək yeyir, ya yox, istirahət edirmi... Belə istedadlara ciddi nəzarət edib, onlara düzgün istiqamət vermək lazımdı ki, səhv yola düşməsinlər.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.