“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Son vaxtlar Azərbaycanda futbol hakimliyi ilə bağlı şikayətlər artsa da, bizim hakimliyin keçmişi, ənənələri həmişə qürurla dolu olub. Rəhmətlik Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatının final qarşılaşmasına qərarıyla möhür vurmağı bacarmışdı. Eldar Əzimzadə isə 1980-ci ildəki Moskva Olimpiadasının final qarşılaşmasında söz sahibi olub. Bütün bu məqamlar onu göstərir ki, Azərbaycanda futbol hakimliyinin ciddi ənənələri var. Hazırda həmin ənəni Avropanın yaşıl meydanlarında Əliyar Ağayev davam etdirməyə çalışır. Bir müddət əvvəl futbol hakimliyi Azərbaycanda yeni inkişaf dövrünə qədər qoymuşdu. Əliyar Ağayev, Rəhim Həsənov kimi perspektiv vəd edən baş hakimlərlə yanaşı, laysman Rza Məmmədov UEFA-nın etimad göstərdiyi azərbaycanlılardan idi. Həmyerlimiz 2018-ci ilin mayında İngiltərədə keçiriən U-17 komandalarının Avropa çempionatına dəvət almış, təkcə qrup oyunlarında yox, 1/4 final qarşılaşmasında ədaləti qoruyanlardan olmuşdu. Budəfəki həmsöhbətimiz də Rza Məmmədovdu. Onunla həm hakimliyə gəlişiylə bağlı danışdıq, həm də 2018-ci ilin mayını xatırladıq.
- Rza bəy, ilk sualımız hakimliyə gəlişinizlə bağlıdı. Yəqin ki, bir çox hakimlər kimi, siz də əvvəlcə futbola, sonra hakimliyə başlamısız. İstərdik ki, bizə bu tarixçəni danışasız.
- Hakimliyə başladığım tarix indiyə qədər yaxşı yadımdadı. 2015-ci il oktyabrın 15-də hakimliyə başlamışam. Amma bir məqamı qeyd edim ki, futbolçu kimi elə də böyük karyeraya sahib deyiləm. Heç şübhəsiz, futbola olan böyük marağım, futbola heç də yad olmayan ailədə böyüməyim məndə hakimliyə sevgi oyadıb. Yəqin siz də bilirsiz ki, atam Məmmədəli Məmmədov Azərbaycanın əməkdar məşqçisidi, ilk ölkə kubokunu onun rəhbərliyi altında 1992-ci ildə “İnşaatçı” komandası qazanıb. Bizim ailədə həmişə futbol sevilib. Məni də futbola həvəsləndirən, bu oyunu sevdirən elə atam olub. Futbolçu kimi uşaq komandalarında oynamışdım. Bakı birinciliyində “Neftqaz”ın formasını geyirdim. Futbolçu kimi karyeram çox da uzun sürmədi. 2005-06-cı illərdə uşaq liqalarına hakim kimi yollanmağa başladım. Həm Bakı birinciliyinə, həm də “Sabahın ulduzları” turnirinə hakim kimi gedirdim. Bəzən baş hakim kimi ədaləti qoruyurdum, bəzin isə daha təcrübəli hakimlərə köməkçi qismində. 2008-ci ildə hərbi xidmətə yollandım, 2009-cu ildən xidmətimi başa vurub, geri qayıtdım. Ondan sonra artıq premyer-liqada yan xətt hakimi kimi oyunlara təyinat alırdım.
- Maraqlıdı ki, siz baş hakim olmağı yox, baş hakimin köməkçisi olmağı seçmisiz. Bu nə ilə bağlı oldu? Ümumiyyətlə, necə düşünürsüz: hansı daha çətindi?
- Premyer-liqadakı ilk oyunum “Xəzər Lənkəran” – MOİK qarşılaşmasına təsadüf edib. Amma həmin görüş Lənkəranda yox, Suraxanı stadionunda keçirilirdi. O görüşə qədər artıq bir çox oyunlara yan xətt hakimi kimi çıxmışdım. Bir növ bu cür püxtələşmişdim. O ki qaldı çətinliklə bağlı suala, hər birinin özünəməxsus çətinliyi var. Bunu əminliklə deyirəm. Mən yan xətt hakimi olduğum üçün daha çox bu mövqedə olan hakimin çəkdiyi çətinlikləri bilirəm. Lakin həmkarlarımın da hansı çətinliklərlə üzləşdiyini bilirəm. Xüsusən də ilk addımlarımı atanda çox çətin idi. Təzə başlayırdım, həyəcanlanırdım. Ümumilikdə götürsək, təbii ki, baş hakimin məsuliyyət payı çoxdu. Son sözü deyən şəxs də odu. Belədə baş hakimin işinin daha çətin olduğunu deyə bilərəm.
- Hakimlikdə uzun bir yol keçmisiz, FİFA dərəcəsinə qədər yüksəlmisiz. Necə düşünürsüz, yaxşı hakim olmaq istəyən şəxsdə hansı keyfiyyətlər olmalıdı? Bu yolda ilk addımlarını atanlar üçün hansı vacib məqamları qeyd edərdiz?
- Hər kəs hansısa işə başlayanda qarşısına müəyyən məqsədlər qoymalıdı. Təbii ki, mən də hakimliyə başlayanda qarşıma məqsədlər qoymuşdum. Allaha şükür, həmin məqsədlərə çatdım. Məqsədlərini biləndə onlara çatmaq da asan olur. Hakimliyə gələn hər bir şəxs hansı sahəyə qədəm qoyduğunu bilməlidi. Başa düşməlidi ki, onun işi xeyli məsuliyyətlidi. Hakimin hansısa xırda səhvi böyük problemlərə, qalmalaqallara səbəb ola bilər. Ona görə də bunları bilmək, təhlil etməyi bacarmaq lazımdı. Heç də hər insan futbolçu və ya hakim ola bilmir. Hakim futbolçu ola bilir, amma heç də hər yaxşı futbolçu yaxşı hakim ola bilməz. İlk addımlarını atanlara demək istərdim ki, hakimin xarakteri güclü olmalıdı. Zəif xarakterli insan yaxşı hakim ola bilməz. Şükürlər olsun ki, mən müəyyən uğurlar qazanmışam. Avropa Liqasının qrup mərhələsində idarəçilik etmişəm, Avropa çempionatının seçmə mərhələsinə təyinat almışam. İngiltərədə keçirən U-17 Avropa çempionatının final mərhələsinə dəvət alan yeganə azərbaycanlı hakim olmuşam. “Böyük oyun”a baxırdım, həzz alırdım, arzulayırdım ki, “Xəzər Lənkəran”la “Neftçi” arasındakı qarşılaşmalara təyinat alım. Bu arzum həyata keçdi. Sonra da ölkə kubokunun finalında iştirak etmək istəyirdim, bu da mənə qismət oldu. Rəhim Həsənovun rəhbərlik etdiyi briqadanın tərkibində “Neftçi” ilə “Qarabağ” arasındakı finalın hakimlərindən biri də mən idim.
- Sizinlə həmsöhbət olmuşkən, 2018-ci ili xatırlamaya bilmərik. Özünüz də az öncə toxunduz. Həmin ilk keçirilən 17 yaşadək futbolçuların Avropa çempionatının final mərhələsində ədalət təmsilçilərindən biri siz idiz. Beş il əvvələ səyahət edək, o turniri necə xatırlayırsız?
- 2018-ci ilin mayı mənim həyatımda və hakim karyeramda ən möhtəşəm anlarla zəngindi. U-17 komandaları arasında Avropa çempionatının final mərhələsinə dəvət almışdım. Bir azərbaycanlı kimi fəxr edirdim ki, ölkəmi bu mötəbər yarışda təmsil edirəm. Möhtəşəm hisslər keçirirdim. Yarımfinala qədər beş oyunda hakimlik etdim. Bütün oyunlardakı idarəçiliyim də yüksək qiymətə layiq görüldü. Bu qarşılaşmalardan ən maraqlısı 1/4 finala təsadüf edən Belçika – İspaniya görüşü idi ki, birincilər həmin oyunda 2:1 hesabıyla qalib gəldilər.
- Son sualımız karyeranızın bugünü ilə bağlıdı. Bir vaxtlar Azərbaycan hakimliyinin ən aparıcı simalarından olan Rza Məmmədov indi “kölgəyə çəkilməyib” ki?
- Az əvvəl də vurğuladığım kimi, insan hansısa sənəti seçirsə, onu sevməlidi. Mən də hakimliyi sevirəm, ona ürəkdən bağlıyam. Hazırda futbol hakimi kimi yaşıl meydanlara çıxmasam da, futzalda hakimlik edirəm. İki ildi futzaldayam. Bu sənəti sevdiyim üçün hakimlikdən uzaqlaşmadım. 2005-ci ildən hakimlik edirəm. 19 ilə yaxın vaxt keçib, müəyyən yol keçmişəm. İnsan sevdiyi işi buraxa bilməz. Mən də bu işə canımı qoymuşam, illərimi vermişəm. Azərbaycan hakimliyi adına nəsə edə bilmişəmsə, təkcə mənim yox, ümumilikdə Azərbaycan hakimliyinin uğurudu. Buna görə də fəxr edirəm. Bundan sonra da çalışacam ki, futbolda olduğu kimi, futzalda da ədalətli və yüksək səviyyəli hakimlik edim.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.