2004-cü ildə mövcudluğunu itirmək təhlükəsi ilə üzləşən kluba sahib çıxmaqla və böyük borcu ödəməklə xilaskara çevrilən Aurelio De Laurentis “Napoli” tifozisinə müraciət edib. Klubun prezidenti həm geri boylanaraq verdiyi vədləri xatırlayıb, həm də növbəti hədəfi açıqlayıb.
“Siz həmişə mənə “biz qalib gəlmək istəyirik” deyirdiniz. Və biz qalib gəldik! Birlikdə zəfər qazandıq. Hamınız sağ olun!
Bu məqam 33 il çəkən həsrətin sonudu. Kluba yenicə gələndə avrokuboklara düşmək üçün hardasa 10 il gözləmək lazım gələcəyini demişdim. Biz buna daha tez nail olduq. Mən skudettonu qazanmaq üçün daha 10 il səbr etməli olacağımızı da demişdim. Biz buna da tez nail olduq. Bu çempionluğu yenidən, yenidən və yenidən qazanmalıyıq.
Və əlbəttə ki, ÇL-də də qalib gəlməliyik. Ona görə ki, bu mövsüm bu turnirdə ən güclü komandalardan biri idik. Həlledici iki oyunda pis hakimlik üzündən mübarizəni dayandırmalı olduq. Amma bu futboldu. Bu UEFA-dı. Ona görə də növbəti mövsümdə və sonrakı illərdə də şansımızı sınayacağıq.
Bu layihə heç vaxt dayanmır. Skudetto mənim üçün son deyil, dönüş nöqtəsidi. Biz növbəti mövsümdə Spalletti ilə birgə yeni hədəfə köklənəcəyik. Artıq məşqçimizlə müqavilənin müddətini artırmışam.
Komandanın sabiq oyunçuları İnsinye, Mertens və Kulibalinin skudettonun qazanılmasında rolu nə qədərdi? Bu uğurumuzda Kavani, Lavessi, Kvalyarella və İquaynın da rolu var. Fikrimcə, biz son illər skudetto üçün çox böyük işlər görmüşük. Fransızlar demişkən, je ne regrette rien (mən heç nəyə görə peşman deyiləm – red.).
Bu yay Osimheni satmayacağam. Bu addımı qətiyyən atmayacağam”.