Baş hakim Rohit Saqqi nə qədər ədalətli olmağa çalışsa da, meydan sahiblərinə müəyyən simpatiyası göz önündə idi. Məsələn, matçın 6-cı dəqiqəsində Eddi İsrafilovla rəqib futbolçunun çiyin-çiyinə mübarizəsini avtriyalıların lehinə qayda pozuntusu kimi qiymətləndirdi. 43-cü dəqiqədə Mərt Çəlikə qarşı kobudluğa göz yumdu, 48-ci dəqiqədə rəqib futbolçu Ante Bajiçin mübarizə zamanı Kenni Sayefin üzünə zərbəsini qayda pozuntusu kimi qiymətləndirsə də, sarı vərəqə göstərmədi. Amma matça əlavə edilən dəqiqədə analoji hərəkəti Qodsvey Donyo rəqib futbolçuya qarşı etdikdə, onu sarı vərəqə ilə "mükafatlandırdı". Ümumiyyətlə, qərarlarının böyük əksəriyyəti meydan sahiblərinin xeyrinə idi. Onu da qeyd edək ki, Saqqinin, demək olar ki, avrokubok təcrübəsi yoxdu. O bu vaxta kimi cəmi bir beynəlxalq matç idarə edib.
Ədalət təmsilçilərinin fəaliyyətini qiymətləndirmək üçün təcrübəli referi Tahir Süleymanovun fikrini öyrəndik:
"Rapid" - "Neftçi" matçı orta templə başladı. Belədə hakimlər briqadasının işi asanlaşdı. Amma referi hər xırda qayda pozuntusuna reaksiya verirdi ki, bu üzdən oyunun sürəti daha da aşağı düşürdü. Norveçliyə bənzəməyən baş hakim soyuq diyarın futbol fəlsəfəsinə yad olan idarəçiliklə yadda qalırdı. İkili mübarizələrə imkan vermir, tez-tez fasilələr yaranırdı. Fasilədən sonra da eyni idarəçilik davam etdi. Bir-iki epizodda hər iki komandanın futbolçularını bağışladı, sarı vərəqələr şifahi xəbərdarlıqla əvəzləndi. Referi ancaq 90 dəqiqənin sonunda və əlavə 30 dəqiqədə toparlana bildi. Matçda gərginlik artdıqca, məsuliyyətli davranmağa başladı. Göstərdiyi sarı vərəqələr yerində idi. İdarəçilikdə səhvlər olsa da, oyunun nəticəsinə təsir edəcək kritik hakim qərarları olmadı. Təəssüf ki, norveçlinin final fiti ilə "Neftçi" avrokuboklarla vidalaşdı".
ABDULLA İSMAYILOĞLU

