Cənub zonası dərin məyusluq içindədi.
Buna səbəb AFFA İcraiyyə Komitəsinin verdiyi son qərardı. Lənkəranlıların sevimli komandası, Region Liqasının favoritlərindən sayılan “Xan Lənkəran” 1-ci diviziona buraxılmadı. Səbəb isə Region Liqasında 3 il “staj toplamaq” şərtidi...
“Xan Lənkəran” necə yarandı?
2020-ci ildə Mamusta kəndində eyniadlı komanda yaradıldı. Adi kənd komandası kimi yarandı, bir müddət sonra “Xan Lənkəran” oldu. Polad Həşimovun xatirəsinə keçirilən “Polad Kuboku”nda bu addım atıldı. Cənublular 2021/22 mövsümündən Region Liqasında iştirak etməyə başladı. Yarımçıq qalan “Xəzər Lənkəran” sevgisinə görə azarkeşlərin istəyi ilə komandanın rəngləri yaşıl-ağ oldu. Komanda Region Liqasında ilk gündən hədəfini ortaya qoymağı və fərq yaratmağı bacardı. Beləliklə, lənkəran azarkeşlərin uzun sürən böyük futbol həsrəti bitdi.
Klub prezidenti bundan artıq nə etməlidi?
İlk gündən maraqlı oyun nümayiş etdirən klubun prezidentinin kimliyi hər kəsi maraqlandırdı. Axı həvəskar liqada çıxış edən bir komandaya bu qədər sərmayəni kim, nə üçün qoyurdu? Sonra aydın oldu ki, bu təşəbbüsün arxasında Mamusta kənd sakini, Rusiyada bizneslə məşğul olan Pərviz Hüseynov dayanır. Ən böyük istəyi Lənkərana futbolu qaytarmaq olan Pərviz bəy istəyinə nail oldu. O, azarkeşlərin futbol həsrətinə son qoydu. Gənclərin pis vərdişlərdən uzaq olması yolunda böyük addım atdı. Ən əsası gözü yolda qalan lənkəranlıları yenidən tribunaya yığdı. Komandanın Region Liqasında çıxış etməsinə baxmayaraq, hər oyuna minimum 1000 azarkeş təşrif buyurdu. Fanatlar hətta səfər oyunlarına da yollanırdı. Minlərlə azarkeşi bir araya gətirməyi bacaran “Xan Lənkəran” ölkənin cənubu üçün qaranlıq tuneldə görünən ümid işiği oldu. Gündən-günə istər oyun, istər peşəkarlıq baxımından irəliləyən klubun iddiaları da böyüdü. Heyətə Mahsun Qənbərli, Elşən Rzazadə, Bəxtiyar Soltanov, İlyas Səfərzadə kimi təcrübəli futbolçular cəlb olundu. Bir sözlə, Pərviz Hüseynov Lənkəran futbolunu dirçəltməyə çalışdı. Klub rəhbəri aşağı yaş qruplarını da daim diqqət mərləzində saxlayır. U-11 vəU-13 AFFA-nın çempionatlarında uğurla çıxış edir.Lənkəran təmsilçisinin qadın komandasıda qurulur. “Xan Lənkəran” qış fasiləsində Antalyada təlim-məşq toplanışı keçdi. Halbuki “Səbail” və “Keşlə” kimi elita təmsilçiləri bunu bacarmadı. Azarkeşlərlə daim təmasda olan prezident müxtəlif oyunlarda onlara forma paylayıb.
“Xan Lənkəran”a güzəşt etmək olarmı?
2022/23 mövsümündə birinci divizionda iştirak edəcək yeni komandalar “İmişli”, “Araz-Naxçıvan” və “Mingəçevir”di. Dəfələrlə maliyyə problemi yaşadığını dilə gətirən “İmişli”nin divizionda necə oynayacağı maraqlı məqamlardan biridi. Klubun infrastruktur baxımından hazır olmadığı aşikardı. Digər tərəfdən, Region Liqasının oyununda hakimi döyən, intizam problemi yaşayan “Energetik”in də (yola “Mingəçevir” kimi davam edəcək) vəsiqə qazanması maraqlı nüanslardan biridi. Bu komandanın da maliyyə vəziyyəti ürəkaçan deyil.
Məlum məsələdi ki, bu klubları AFFA maliyyələşdirəcək. Peşəkarlığa zidd olsa da, bəlkə də alqışlamaq olar. Bəs öz ayaqları üstündə duran, heç bir maliyyə və ya başqa problem yaşamayan, Region Liqasında yarımfinala vəsiqə qazanan komandanı 1-ci diviziona buraxmaq olarmı? Faktiki o klub həvəskar liqada peşəkar şəkildə fəaliyyətini davam etdirir. Mənə elə gəlir ki, AFFA “Xan Lənkəran”a münasibətdə 3 il tələbini aradan qaldırsa, dünya dağılmaz. Bu qurumun hesabına yaşayacaq üç-dörd klub yaxşıdı, yoxsa müstəqil fəaliyyət göstərən biri?
GÜNAY VƏLİYEVA