Dünən Avropa və Konfrans liqalarının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirildi.
Təəssüf ki, bu matçlar təmsilçilərimiz üçün uğurlu alınmadı. ÇSKA-ya uduzan “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı. “Neftçi”nin “Dinamo-Minsk”i məğlub etməsi və “Zirə”nin “Payde” ilə “sülh”ü isə ilk oyunlarda qeydə alınan uğursuz nəticələr üzündən yetərli olmadı. Beləliklə, avrokuboklarda cəmi iki təmsilçimiz – “Sabah” və “Qarabağ” qaldı.
Növbəti həftə “bayquşlar”ın Çempionlar, “köhlən atlar”ın Konfrans Liqasında görüşlərinə şahidlik edəcəyik. Artıq 3-cü təsnifat mərhələlərinin ilk oyunlarının vaxtı bəllidi.
“Football-plus.az”ın məlumatına görə, `”Sabah” avqustun 5-də, Bakı vaxtı ilə saat 20.30-da Danimarka “Orhus”unun qonağı olacaq. Bu komandaların cavab oyunu isə avqustun 11-də, saat 20.00-da “Bank Respublika Arena”da keçiriləcək. Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”ın da ilk matçı səfərdə olacaq. Ağdamlılar avqustun 6-da ev oyunlarını Polşanın Lyublin şəhərində keçirən Ukrayna təmsilçisi ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. Avqustun 13-də isə cavab oyununa şahidlik edəcəyik.
KƏNAN BAHADIR