Xoakin futboldan gedəndən sonra nə edəcək?
Tam adı: Xoakin Sançes Rodriges
Doğum tarixi: 21.07.1981
Doğum yeri: El-Puerto-de-Santa-Mariya, Kadis, İspaniya
Boy/çəki: 179/75
Mövqe: vinger
Nömrə: 17
Klub karyerası
1999-2006 Betis 218 (32)
1999-2000 Betis B 27 (2)
2006-11 Valensiya 158 (18)
2011-13 Malaqa 57 (6)
2013-15 Fiorentina 49 (4)
2015-indi Betis 201 (24)
Milli komanda
1999-00 İspaniya (U-18) 4 (0)
1998-01 İspaniya (U-21) 7 (0)
2002-07 əsas yığma 52 (4)
Uğurları: “Betis” (2005, 2022) və “Valensiya” (2008) ilə İspaniya kubokunun üçqat qalibi, İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu (2001/02).
Ötən şənbə, yəni aprelin 23-də “Betis” İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşdı. Əsas və əlavə vaxtı heç-heçə (1:1) bitən oyunda penalti seriyasına ehtiyac duyuldu ki, burda Sevilya klubu dəqiq oldu. Ancaq oyunun süjeti Xoakin Sançesin – “Betis”in ulduzunun və tarixindəki ən əsas oyunçunun üzərində qurulmuşdu. Onun artıq 40 yaşı var, bir aydan sonra karyerasını bitirəcək, indi isə son 14 ildəki 2-ci titulunu “Betis”lə qazanır. Bundan daha yaxşı süjet düşünmək olarmı?! Xoakin də belə düşünür. Bu üzdən qələbədən dərhal sonra göz yaşını gizlətmədi: “Göz yaşlarım bütün bu günlər ərzində saxlamağa çalışdığım emosiyaların nəticəsidi. Belə məqamlarda ağlamaq normaldı. Hamımız yenidən bu gözəl kuboku qazanmaq istəyirdik”.
Xoakinin klub tarixində necə görkəmli bir şəxs olduğunu xatırlayaq.
Meydanda möcüzələr yaradır, ancaq həm də içir və şənlənirdi
Xoakin Sançes fərqli ölçü vahidinə sığan futbolçudu. Məsələn, onun vaxtında yeniyetmə Ronaldinyo və Raul oynamağa başlayıb, “Ayaks” Çempionlar Liqasının finalında görünüb, “Liverpul” meydanda “Carlsberg” loqotipi ilə top qovub. Maraqlıdı ki, Xoakindən sevimli oyunçularının adını çəkməyi xahiş edəndə həmişə dəqiqləşdirir ki, ilkin dövrdən, yoxsa müasir futboldan?

Xoakin “Betis”də 1999-cu ildə debüt oyununa çıxıb və dərhal da cəlbedici driblinqlərlə yadda qalıb. Yeniyetmə vinger həmişə qeyri-standart qərarlar verir, bir neçə oyunçunu arxada qoyur, hədsiz çox məhsuldar ötürmə verirdi. Ancaq yeniyetmə Xoakin təkcə assist və driblinqlər ilə yox, fərqli həyat tərzi ilə də məşhurlaşmışdı. Müdafiəçi Xuanito xatırlayır ki, Xoakin hamburgerləri və şirniyyatı gözünə təpir, gecələr yaxşı yatmamağın əvəzini gündüz yuxusu ilə çıxırdı.
Gecə şənlikləri onun daimi “yoldaşı” olub. Xoakin 2001-in payızında Hellouin vaxtı yarımmüdafiəçi Benhaminin evində nəhəng şənlik qurmuşdu. “Betis”in ulduzu avtobioqrafik kitabında yazır: “200 adam toplaşmışdı. Şənliyin ortasında həyəcanlı Benhamin gözümə dəydi. Məndən soruşdu ki, bu dayını kim çağırıb? - Kimi? – Prezidenti! “Betis”in patronu Manuel Ruis de Loperanı gördüm. Prezident “axşamınız xeyir, deyəsən, oyuna hazırlaşırsız” dedi. Oyunçular onun qorxusundan qapı-pəncərələrə dırmaşdı, Denilson özünü eyvandan atmaq istəyirdi”.
Sonradan prezident həmin anı belə xatırlayırdı: “Ora Xuande Ramos ilə getmişdim. Biz maşında oturduğumuz müddətdə evə dayanmadan qadınlar daxil olurdu. Özü də oyuna iki gün qalmış!”
De Lopera həmin məclisdən sonra hədə-qorxu gəlmişdi ki, Xoakini 3-cü dəstəyə - “Melilya”ya göndərəcək. “Betis” qarşıdakı turda “Saraqosa”ya uduzdu (0:1), xoşbəxtlikdən prezident sözünü tutmadı.
Daha bir epizod onun “Malaqa” dönəmi ilə bağlıdı (ora 2011-də yollanmışdı). Xoakin təqdimat mərasimində standart və yorucu ab-havanı pozaraq əlinə mikrofon götürmüş və lətifə danışmışdı. Lətifə çox gülməli olmasa da, vəziyyətin özü – ulduz yeni layihəyə qatılır və lətifə danışır – çox qeyri-standart idi. Beləliklə, Sançesin həmin mərasimdə danışdığı lətifə: “Çempionlar Liqasının finalı gedir, stadiona gecikən kişi boş yer tapmağa çalışır, ancaq hər yer dolub. Gözünün ucu ilə boş yer tapır. Yaxınlaşır, həmin yerin qonşuluğunda əyləşən qadın deyir: “İstəyirsizsə, əyləşin”. Kişi çox minnətdardı, ancaq ÇL-in finalında nədən boş yerin qalmasının marağı ilə də qovrulur. Qadın deyir: - Həyat yoldaşımın yeridi. – Bəs həyat yoldaşınız hardadı? – O ölüb. – Ah, təəssüf... Məgər onun yerini tutası dostunuz və ya ailə üzvünüz yoxdu? Niyə heç kim sizlə gəlməyib? – Çünki onlar da dəfn mərasimindədilər”.
2004-də az qala “Çelsi”yə keçəcəkdi
Hər halda, o gecə məclislərinin arxasında superistedad dayanmasaydı. Biz bu gün Xoakin haqda oxumazdıq. O, 2000-lərin əvvəlində driblinqləri və yaradıcılığı ilə hamını təəccübləndirirdi, bütün bunlar isə uğurla qola və məhsuldar ötürmələrə çevrilirdi. 2001/02 mövsümünün sonunda La Liqanın ən yaxşı gənc oyunçusu üçün nəzərdə tutulan mükafatı aldı, növbəti mövsüm isə 12 qolla “Betis”in bombardiri oldu.
Məntiqəuyğun şəkildə top-klubların maraq dairəsinə düşdü. 2004-ün yayında 23 yaşlı Xoakini üfüqdə “Çelsi”yə keçmək və İngiltərə çempionu olmaq şansı gözləyirdi. Klublar transfer məbləğini (40 milyon avro) razılaşdırdı, Mourinyo ilə icraçı direktor Piter Kenyon Sevilyaya uçdular. “Betis”in prezidenti və Xoakin ilə görüş “Vértice de Sevilla Este” otelində olmalıydı. Ancaq görüş saatında futbolçu gözə dəymədi. Sonradan o Mourinyonun nömrəsini yığaraq durumu anlatdı. Mediaya isə belə açıqlama verdi: “Mourinyo bir neçə dəfə mənə yaxınlaşdı, nə qədər qazanmaq istədiyimi soruşdu. Ancaq iş pulda deyildi. Sadəcə, özünü Londonda yaşayan və oynayan adam kimi təsəvvür etmirdim. Sevilyada xoşbəxt olmaq istəyirdim”.

Mourinyo isə belə münasibətdən qətiyyən məyus olmadı. Əksinə, həyatında ən təmiz futbolçu imtinası ilə üzləşdiyini dedi. Elə həmin il “Real” da Xoakinlə maraqlanırdı. Vinger Florentino Pereslə məxfi görüşünü belə anlatmışdı: “Bir dəfə Raul mənə zəng etdi. Onda biz yığmanın düşərgəsindəydik, məndən otelin vanna otağına gəlməyi xahiş etdi. Peres də necəsə ordaydı. Prezident mənə dedi ki, “Real”ın rəngi sənə çox yaraşardı. Raul dedi ki, bunu elə indicə yoxlamaq lazımdı. Mən nəyin bahasına olur-olsun, “Real”a keçməyə can atmırdım, bu üzdən özümü itirdim. Raul məni sakitləşdirməyə çalışdı”.
Hər halda, bu transfer də baş tutmadı – hələ də səbəb bəlli deyil (şayiələr gəzir ki, De Lopera ilə Peres arasındakı gərgin münasibətlər üzündən). Ancaq belə görünür, Xoakin özünü tam itirməyibmiş. 2004/05 mövsümündə 5 qol, 15 məhsuldar ötürmə ilə yadda qaldı, ölkə kubokunu qazandı və “Betis”i Çempionlar Liqasına daşıdı. Sevilyalılar orda da yaxşı təsir bağışladı – “Çelsi” üzərində qələbə klub tarixinə düşdü.
Uzun illər ərzində qazanılan ilk titul De Loperaya necə təsir etmişdisə, 2005-in yayında kuboku Xoakinin ...toyuna apardı. Hətta kuboku istədiyi yerə qoydu. Onda Xoakin “prezident, məni rahat buraxın, xanımımı gözləyirəm, kuboku hara istəyirsiz, qoyun” demişdi. De Lopera onu dinlədi və qəniməti düz mərkəzdə, futbolçu ilə xanımının arasında qoydu.
İspaniya yığması ağrılı yeridi
Elə görünməsin ki, Xoakinin həyatı yalnız şad-xürrəm anlarla zəngin olub. Təbii, boz nöqtələr də var ki, bunlar da İspaniya yığması ilə bağlıdı. Milli komandada 2002-də debüt edən vinger həmin il dünya çempionatına yollandı. Koreyadakı ilk oyunda Raula məhsuldar ötürmə verdi, o da Cənubi Afrika Respublikasının qapısına qələbə topunu vurdu. Ancaq turnir qəhrəmanımız üçün faciəvi bitdi: Koreya ilə 1/4 oyununda seriya zamanı penalti nöqtəsinə yaxınlaşdı və imkanı boşa verdi. Nəticədə yarımfinala meydan sahibləri adladı.
Xoakin AÇ-2004 və DÇ-2006-ya da qatıldı, ancaq növbəti qitə birinciliyinin təsnifat mərhələsində Luis Araqones ona ehtiyac duymadı. “Alovlanan” vinger radiomüsahibəsində dedi ki, heç vaxt baş məşqçinin güvənini hiss etməyib, yığmada “bardaq” hökm sürür. Bəlkə də susmaq lazım idi. 2007-nin yayında Araqones Xoakini əfv etdi, ardıcıl 8 oyunda meydana buraxdı, ancaq AÇ-yə aparmadı: “Baş məşqçi mənə zəng və ya nəyisə izah etmədi. Seçmə oyunlarda iştirakımla yığmaya düşməyə layiq idim”.
Belə aqibət ikiqat məyusluq doğurur, axı məhz 2008-də İspaniya yığmasının qızıl erası başladı – komanda ardıcıl üç böyük turniri qazandı: “Avropa çempionatından sonra uşaqlar zəng edib dedilər ki, sənin də zəfərdə payın var. Ancaq həmin anlarda komanda ilə birgə olmadığıma görə məyusam. Göz yaşı içində sevinirdim”.
Həmin vaxtdan bəri Xoakin bir dəfə də yığmaya çağrılmadı. Məşqçilər dəyişdi, ancaq “qovulmuş adam” statusu qaldı. Maraqlıdı ki, Xoakin yığmaya dönüş ümidini itirmirdi. 2017-də “instaqram” hesabında Luis Enrikeyə məzəli videomüraciət göndərmişdi: “Luis, adımı siyahıda görmədim və bu məni narahat edir. Telefonumda naməlum nömrədən iki buraxılmış zəng var. Bu şəxs sizsizsə, zəhmət olmasa, mənə yenidən zəng edin”.
Təbii ki, yığmanın baş məşqçisi bu müraciətə reaksiya vermədi.
“Betis” onun yeganə sevgisidi
Xoakinin karyerası artıq 22 ildi davam edir və bu müddətin 14 ilini “Betis”də keçirib. Qısa müddət “Valensiya”, “Malaqa” və “Fiorentina”da da görünüb. “Valensiya”da Ronald Kumana savaş açsa da, 2-ci dəfə İspaniya kubokunu qazandı. “Malaqa”da şeyxlər futboldan tez yorulsa da, Xoakin komandanı ÇL-də 1/4 finala daşımağı və hətta qol vurmağı bacardı (irəliləmək mümkün olmadı, çünki rəqib “Borussiya” idi). Vinger “Fiorentina”da gənc Salahı ehtiyatda oturmağa məcbur etdi. Ancaq Xoakin heç yerdə “Betis”dəki qədər xoşbəxt olmadı. Özü də bunu anladığından 2015-in yayında evinə qayıtdı. “Benito Vilyamarin”dəki təqdimat mərasiminə 19 min azarkeş toplaşmışdı – “Betis”in heç bir futbolçusunu bu qədər adam qarşılamayıb. Xoakin meydana çıxdı, “Betis” bayrağı ilə matador fəndi göstərdi və ağladı. Əli bintlə sarınmışdı – transferin baş tutmamaq ehtimalına görə necə qəzəblənmişdisə, yumruğunu stola çırpmışdı.
Ancaq evdə Xoakini xoşbəxtlik gözləmirdi – ilk iki mövsüm sönük keçdi, hətta komanda az qala La Liqadan gedəcəkdi. Xoakin darıxır, karyerasını bitirmək haqda düşünür və müasir futboldan gileylənirdi: “Cinahda əvvəlki oyunum çatışmır, driblinq hesabına rəqiblərdən uzaqlaşasan, onlarla təkbətək mübarizə aparasan... Həmin vaxtlar üçün çox darıxıram. Futbol çox dəyişib, yəqin ki, yaxşılığı doğru. Mən başladığım dönəmin ruhu itirilib. Uyğunlaşmaq lazımdı. İndi vurğu topa nəzarətin, taktiki işin üzərindədi. Əvvəl daha asan idi, indi qol vurmaq çətinləşib”.
“Betis”də vəziyyət 2017-də - Kike Setyenin gəlişi ilə dəyişdi. O, komandanı toparladı və Xoakini ruhlandırdı. Qəhrəmanımız rejimi dəyişdi (alkoqoldan, şirniyyatdan və un məmulatlarından imtina etdi) və karyerasındakə ən yaxşı dönəmlərdən birini keçirdi. 2018-də La Liqada 500-cü oyununa çıxdı, ardından çempionatda ən “yaşlı” (38 yaş 40 gün) het-triki etməkıə Alfredo Di Stefanonu arxada qoydu. Ötən ilin oktyabrında (40 yaş 89 gün) La Liqa tarixinə 21-ci əsrdə 40 yaşdan yuxarı məhsuldar ötürmə verən ilk futbolçu kimi düşdü.
Düzdü, bəzən köhnə macəralarından da əl çəkmir. 2021-in yayında 40 yaşını qeyd etdi, üç gün sonra isə “Vulverhempton” ilə yoldaşlıq oyunu var idi. Xoakin oyunda iştirak etmədi, yoxluğunun səbəbi isə içkidən sonra özünə gəlməməsi idi: “Uşaqlar, mən elə yaşda deyiləm ki, hansısa axmaq bəhanə uydurum”.
2021-in payızında artıq 40 yaşlı Xoakin elan eytdi ki, sonuncu mövsümünü keçirir. Karyerasını bitirəndən sonra İspaniya televiziyasında şou aparacaq və bəlkə də nə vaxtsa “Betis”in prezidenti olacaq – klub səhmlərinin müəyyən faizi ondadı.
...2004/05 mövsümündə məhsuldar ötürmələrlə “Betis”i tarixində ilk dəfə ÇL-ə çıxardı. Klub həmin vaxtdan bəri bu turnirdə görünməyib. Xoakinin son mövsümündə “Betis”in yenidən ÇL-ə vəsiqə qazanması çox gözəl finiş olardı.
ORXAN