Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Qarabağ”ı qəbul edəcək ÇSKA-nın planı üzə çıxıb.
“Football-plus.az” xəbər verir ki, bu barədə “topsport.bg” məlumat yayıb.
Bolqarıstanlı həmkarlarımız bildirib ki, baş məşqçi Xristo Yanev bu qarşılaşmada da ilk oyundakı start heyətinə güvənəcək. Komanda meydana orta sahədən fəal şəkildə yararlana bilən və güclü rəqibə qarşı boşluq buraxmağa imkan verməyən 5-3-2 taktiki sxemiylə çıxacaq. “Çərçivə”ni Fyodor Lapuxov qoruyacaq. Müdafiə xəttində əsas məsuliyyət Bakıda 90 dəqiqə tər tökən Jan-Filipp Qbaminin çiyinləri üzərində olacaq. Burda Teodor İvanov, Fakundo Rodriges, Pastor və Angelo Martinonun da böyük güc sərf etməsi gözlənilir. Orta sahədə Stefano Sensi, Bruno Jordao və Maks Ebonq tər tökəcək. Hücumun sivri ucunda Yannis Pittas və Leandro Qodoy yer alacaq.
İlk oyunda iştirak ərizəsində yer almasa da, cavab matçı üçün heyətə daxil ediləcək Ceyms Eto'o 2-ci hissədə meydana çıxacaq. Maraq üçün bildirək ki, kamerunlu Yanevin qərarı ilə Bakıya gəlməmişdi. O, komandasının Bolqaristan çempionatında Botev “Plovdiv”inə qarşı oyununda da şans qazanmayıb.
KƏNAN BAHADIR