“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu

28.07.2026 13:50 132
Aktual / Ölkə futbolu
“Zaqatala” dünən baş məşqçisi Rüstəm Məmmədovla yollarını ayırdığını açıqladı. Klub mütəxəssislə müddəti başa çatan müqavilənin yenilənmədiyini elan etdi. Ardından Rüstəm bəy sosial şəbəkə hesablarında mövzuyla bağlı paylaşım etdi. O, klubla öz istəyi ilə vidalaşdığını bildirdi. Aydın oldu ki, bölgə təmsilçisi ona yeni anlaşma təklif etsə də, bununla razılaşmayıb və karyerasında yeni mərhələyə qədəm qoymaq niyyətində olduğunu dilə gətirib.

Bilindiyi kimi, “Zaqatala” uzun müddətdi ciddi maliyyə problemləri yaşayır. Mövcud vəziyyət 2025/26 mövsümünün ikinci yarısından daha da pisləşmişdi. Böyük ehtimalla, ayrılığın səbəbi məhz həmin maddi sıxıntılar olub. Nələrin baş verdiyini dəqiqləşdirmək və Rüstəm bəyin gələcəklə bağlı planları haqda ətraflı məlumat əldə etmək üçün özü ilə əlaqə saxladıq. Mütəxəssis əvvəlcə 2025/26 “futbol ili”ndə başına gələnləri açıqladı:

“Vurğuladığınız kimi, “Zaqatala”da vəziyyət heç də ürəkaçan deyil. Təəssüf ki, uzun müddət gözləsəm də, vədlərə rəğmən, müsbət yöndə dəyişiklik olmadı. Mən hələ ötən ilin yayında klubdan ayrılmaq haqda düşünürdüm. Lakin rəhbərin durumun düzələcəyini, problemlərin arxada qalacağını dedi. Guya heyətdə gəncləşdirmə prosesi olacaq, uşaq futbolunun inkişafı üçün yatırımlar ediləcək. Kəsəsi, 2-3 ili əhatə edən plandan bəhs edildi. Bu üzdən vəziyyətlə barışdım və yola davam etdim. Mövsümün ortasında sponsorlar bizi yarıyolda qoydu. Əsas maliyyə dayağı sayılan iş adamıyla yanaşı – onu tanımıram, hansısa əlaqəm olmayıb, sadəcə, klub rəhbərinin bizə verdiyi məlumat belə idi – Zaqatalada fəaliyyət göstərən, hər ay kluba 500-1000 manat məbləğində yardım edən şirkətlər maddi köməkdən imtina etdi. Belədə işimiz daha da çətinləşdi. Maaşlar gecikməyə başladı, hətta bəzi aylarda müəyyən məbləğ kəsildi. Belədə komandada ruh düşkünlüyü yarandı. Bəzi futbolçular məşqlərdə iştirak etmək istəmədi. Düzdü, mənim xahişlərimdən sonra məşqə qoşulanlar, meydana çıxanlar oldu. Ancaq bu cür uzun müddət davam edə bilməzdi. Hər halda, təslim olmadıq və sona qədər mübarizə aparıb, 1-ci liqadakı yerimizi qoruduq. İş ondadı ki, bu çətinliklərdən azarkeşlərin xəbəri yoxdu. Odu ki, nəticə tələb edirlər. Hətta vəziyyət göz önündə olduğu halda, rəhbərlik də qələbə istəyir. Təbii ki, baş məşqçi olaraq, mən də yaxşı nəticələrə imza atmaq arzusundayam. Amma perspektiv, struktur, maliyyə yoxdusa, nə edə bilərəm?!”

Rüstəm bəy rəhbərliyin yeni müqavilə təklifinin çox yubandığını da bildirdi:

“Bu gün iyulun 27-di. Yəni yeni mövsümün başlamasına təxminən bir ay qalıb. Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki... Birincisi, komandanı 1-ci liqada saxlamaq lazımdı. Düzü, minimum hədəfi imicimə sığışdırmıram. İddialı komanda çalışdırmaq istəyirəm. İkincisi, klub yalnız AFFA-dan gələn vəsait sayəsində varlığını davam etdirir. Bu baxımdan rəhbərliyi qınamaq olmur. Çünki həmin məbləğlə ortaya ciddi layihə qoymaq mümkünsüzdü. Ancaq belədə də mən öz potensialımı dəyərləndirə bilmirəm. Bununla belə, Allah eləməmiş, kollektiv 2-ci liqaya düşsə, bir nömrəli günahlar məşqçi elan olunacaq. Belə ağır yükün altına girmək istəmədim. Çünki maliyyə problemləri güclü komanda formalaşdırmağa imkan vermir. Təsəvvür edin, hələ də klubdakı hansısa futbolçuyla yeni mövsümlə bağlı danışıq aparılmayıb. Həmçinin heyətin gücləndirilməsiylə bağlı yeni oyunçular axtarılmayıb. Komandada qalsam, mövsümün gedişində ayrılmalı ola bilərdim. Bu səbəbdən indidən vidalaşmağa qərar verdim. Həmin şərtlərlə kim razıdısa, işləsin”.

Rüstəm bəyin gələcək planlarıyla bağlı açıqlaması isə belə oldu:

“Zaqatala”da 9 il çalışdım. Gah pis, gah yaxşı günlər yaşadıq. Ancaq irəli getmək lazımdı. İllərlə yerində saymaq olmaz. Mənə yaxşı təkliflər var idi. Klub rəhbərliyi şərtlərini gec açıqladığı üçün yubandım. Artıq PRO kateqoriyalı məşqçiyəm. Özümü premyer-liqada köməkçi məşqçi kimi daha da inkişaf etdirə, təcrübə toplaya, həmçinin uşaq akademiyalarından birində əlaqələndirici vəzifəsində çalışa bilərəm. Məlumdu ki, müxtəlif ölkələrdə təcrübəli mütəxəssislərin yanında praktika keçmişəm. İndi uşaqlardan ibarət komandalarım var. Onlarla çalışıram. Gələcəkdə hansısa təkliflər olsa, dəyərləndirəcəm. Təbii ki, söhbət perspektiv vəd edən, inkişafla bağlı konkret planı olan klublardan gedir”.

Mütəxəssis sonda “Zaqatala”nın aqibətiylə bağlı fikirlərini də bölüşdü:

“Bu klub 2-ci liqaya düşsə, Zaqatalada böyük futbol bitəcək. İnanmıram ki, həmin yerdən yüksələ bilsin. Ayrılsam da, qəlbim “Zaqatala” ilə döyünür. Hansısa mənfəət güdmədən, lazım olacağı təqdirdə komandaya kənardan yardım etməyə hazıram”.

Xatırladaq ki, bölgə təmsilçisi Rüstəm Məmmədovun rəhbərliyi altında 9 il ərzində 1-ci liqada bir gümüş, bir bürünc medal qazanıb.

KƏNAN BAHADIR