ÇSKA-nın kapitanı Teodor İvanov komandasının Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Qarabağ”ı mübarizədən kənarlaşdırmaları haqda danışıb.
“Football-plus.az”ın məlumatına görə, futbolçu bunları deyib:
“Çox emosional matçı geridə qoyduq. Komandamız növbəti dəfə fövqəladə performans sərgilədi. Əsl xarakter göstərdik. Allah bizimlə idi. Əlavə vaxtda 2-3 yüzfaizlik qol epizodu yaratdıq. Rəqib də qol vurmaq istəyirdi. Lapuxov qurtarışları ilə məni təəccübləndirdi. Ona komanda adından çox təşəkkür edirəm. Azarkeşlərə də “çox sağ olun!” deyirəm. Onlar Bolqarıstanın ən yaxşı futbolsevərləridi. Bizə dəstək göstərməyə davam etsinlər. Tərəfdarlarımızın xoşbəxt olması üçün mübarizə aparacağıq. Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Düzdü, bu gün bizə nifrət edənlər çoxdu. Ancaq nifrət qazanırsansa, deməli, həm də uğur qazanırsan”.
İvanov penaltini yerinə yetirməzdən əvvvəl ÇSKA-nın idman direktoru, həm də atası olan Valentin İliyevdən nə soruşduğunu da açıqlayıb:
“Ondan penaltini əvvəl, yoxsa sonra vurmalı olduğumu soruşdum. Mənə güvəndiyini, qərarlarıma hörmətlə yanaşdığını dedi”.
Xatırladaq ki, ÇSKA – “Qarabağ” oyununun əsas və əlavə vaxtı qolsuz “sülh”lə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Sofiya təmsilçisi (5:4) növbəti mərhələyə adlayıb. Bakıda keçirilən ilk oyunda da hesab açılmamışdı.
KƏNAN BAHADIR