“Zirə” Konfrans Liqasının 2-ci mərhələsində mübarizəni dayandırdı.
“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransı keçirdi.
- Təbii ki, bizim üçün oyun haqqında uzun-uzadı danışmaq çox çətindi. Bu, məyusedici bir məğlubiyyət oldu və mərhələni keçə bilmədik. Hər şey göz qabağında idi: erkən qol, çoxsaylı qol epizodları. Hətta o qədər imkan yaratdıq ki, bəlkə də 3-4 oyuna bəs edərdi. Təəssüf ki, bunları dəyərləndirə bilmədik. Dirəklər, qapıçı və müdafiəçilər buna mane oldu, sanki top qapıdan keçmək istəmirdi. Belə hallarda çox vaxt nəticədə məğlub olursan və bu gün də belə oldu. Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik və rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm və növbəti oyunlarda ona uğurlar arzulayıram. Biz isə çox məyusuq. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik. Təəssüf ki, yaratdığımız çoxlu qol vəziyyətini və üstünlüyümüzü nəticəyə çevirə bilmədik.
İSRAYIL XEYRULLAYEV