“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...

31.07.2026 10:57 82
Aktual / Ölkə futbolu
Son günlərin ən çox müzakirə olunan mövzularından biri də “Cəbrayıl”ın satılmasıdı. Əvvəlcə başverənləri xatırladaq.

Belə ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu “Cəbrayıl” 400 min manata satılıb! Gəncəli iş adamları hüquqi sənədləri sahmana salandan sonra adı “Gəncəbasar” olacaq komanda məhz “Cəbrayıl”ın hüquqi varisi sayılacaq. “Gəncəbasar”ın idarəçiləri “Kəpəz”in İdarə Heyətinin sabiq sədri, ötən mövsümün əvvəlində istefaya gedən Namiq Qədirov və sabiq icraçı direktor İlqar Nadiri olacaq. “Gəncəbasar”ın ev oyunlarını Mingəçevirdə keçirəcəyi haqda iddialar da var. Həmçinin komandanın 1-ci liqada çıxış edəcəyi gözlənilir. Təbii ki, hadisələrin axarına bələd olmayanlar başverənləri futbol dünyasında tez-tez rast gəlinən bazarlıq kimi qiymətləndirə bilər. Lakin burda söhbət tam başqadı...

Cavid Hüseynov 2021-dən bəri “Cəbrayıl” haqda danışarkən komandanın inkişafı, gələcəkdə premyer-liqada çıxış edə bilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Dəfələrlə klubdan ayrılan, sonra qayıdan mütəxəssis hər dəfə “Cəbrayıl”a da bağlı olduğunu bildirib, Cəbrayıla da. Bütün imkanlarını komandanın parlaq gələcəyi üçün səfərbər edəcəyini dilə gətirib. Klubun maliyyə problemləriylə üzləşdiyi vaxtda rayon camaatı pul toplayıb, kollektivə yardım edib. Bunlardan ən məşhur nümunə isə cəbrayıllıların klub 2-ci liqada çıxış edərkən 20 min manat yardım etməsidi. Hələ “Cəbrayıl” istər Region Liqasında, istərsə də 2-ci və 1-ci liqalarda çıxış edərkən komandaya dəstək göstərən minlərlə azarkeşi, rayonun icra hakimiyyətinin yardımlarını demirik. Kəsəsi, “Cəbrayıl” təkcə Cavid Hüseynovla Şahin Məmmədovun şəxsi mülkiyyəti deyil, həm də xeyli cəbrayıllının ümid yeri idi. Onlar da bir gün bölgələrinin böyük futbolda təmsil olunacağına inanır, həmin günün xəyalıyla yaşayırdılar. Lakin ümidlər satıldı.

Bu işdən kim qazancla, kim itki ilə çıxdı? Cavablar bəllidi. Ancaq camaatı Cəbrayıl adı ilə manipulyasiya etmək, sonra həmin inamı bazara çıxarmaq qazananlara yaraşmadı! Axı “Cəbrayıl” illərlə etibar qazanmış, ölkə futbolundakı yerini möhkəmlətmək baxımından xeyli irəliləmişdi.

Görünür, Cavid Hüseynovun “Araz-Naxçıvan”a baş məşqçi təyin olunması hadisələrin belə axarının təməlini qoydu. Axı o “Səbail”dən ayrılandan sonra rəsmi şəkildə olmasa da, burda çalışırdı. Həmçinin çox keçmədən komanda baş məşqçi Tariq Qasımovla vidalaşdı, bu post yenidən Elhad Nəziriyə həvalə edildi.

Beləliklə, maliyyə sıxıntılarıyla üzləşən “Cəbrayıl”ın 2021-ci ildən bəri davam edən varlığına son qoyuldu! İndi daha nələrin baş verəcəyi maraq doğurur. Axı rayon rəhbərliyinin, azarkeşlərin, sponsorların, ən əsası, Cəbrayıl camaatının komanda üçün xərclədiyi böyük məbləğdə vəsaiti var ki, həmin pulların bu şəkildə havaya sovrulması hər birini narahat edəcək!

Maraqlıdı, Peşəkar Futbol Liqası bu məsələyə necə baxır? Klubu olan hər kəs müəyyən məbləğ qarşılığında, necə deyərlər, ağına-bozuna baxmadan, satış prosesi həyata keçirə bilərmi? Bu sualla qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik:

“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb. Klub adının dəyişdirilməsinə təşkilati-hüquqi formanı saxlamaq və müəyyən hüquqi prosedurları həyata keçirməklə icazə verilir”.

KƏNAN BAHADIR