“Keşlə”nin “Şamaxı” olması və eyniadlı rayona köçməsindən sonra “ASK Arena”nın taleyinin necə olacağı hamı üçün maraqlıdı.
Bir neçə gün əvvəl mətbuatda Heydər Əliyev prosektində yerləşən arenanın “Sabah”ın nəzarəti altına keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Klub rəhbərliyi, daha dəqiq desək, “tələbələr”in idman direktoru İqor Ponomoryov bu məsələni təsdiq etməsə də, təkzib də etməmişdi.
Bəs “Ask Arena” kimə qismət olacaq? Əldə etdiyimiz bilgiyə əsasən, “Sabah” rəhbərliyi həqiqətən də arenaya sahiblənmək istəyir. Ancaq ortada bir əmma var... Mənbəmizin sözlərinə inansaq, arenanın yalnız əsas və 4-cü meydanı “Keşlə”nin olub. Ortadakı məşq meydanı və onun arxasındakı üstüörtülü mini-futbol meydanları “Azfar” şirkətinin balansındadı. Yəni hazırda “ASK Arena” iki hissəyə bölünüb. “Sabah” rəhbərliyi isə stadiona bütünlüklə sahib çıxmaq istəyir. Ancaq “Azfar”a görə addım ata bilmir. Hadisələrin hansı məcrada cərəyan edəcəyini zaman göstərəcək.
Yeri gəmişən onu da bildirək ki, “Keşlə” “Ask Arena”dan çıxdıqdan sonra klubun aşağı yaş qrupları Şağan Olimpiya Kompleksində məskunlaşıb. Mənbəmizin sözlərinə inansaq, artıq tarixin yaddaşına köçmüş “Keşlə” rəhbərliyi arenanın xidmətindən yararlanmaq üçün hər ay 36 min manat icarə haqqı ödəyiblər. Sözügedən məbləğ isə AFFA-nın büdcəsindən ayrılırdı.
RƏŞAD