“Qəbələ”nin qəribə taleyi var.
“Qırmızı-qaralar” Azərbaycan premyer-liqasına rəng qatan, akademiyası və yetirmələri ilə öyünən klubdu. Bölgə təmsilçisi vaxtilə pula “pul” demir, dünyanın dörd bir yanından səviyyəli legionerlər dəvət edrdi. Elə bunun da nəticəsi idi ki, ukraynalı çalışdırıcı Roman Qriqorçukun rəhbərliyi altında əla kollektiv formalaşmış, “qırmızı-qaralar” çempionluq yolunda “Qarabağ”ın əsas rəqibinə çevrilmişdi. Amma “pul bulağı”nın gözü quruyan kimi vəziyyət pisləşdi. Qriqorçuk və yüksəködənişli futbolçular bir-birinin ardınca “Qəbələ”nin sıralarını tərk etdi. Bəziləri bizim premyer-liqanın digər iddialılarından gələn sərfəli təklifləri dəyərləndirib, elə Azərbaycanda qaldı. Böyük bir qism isə Azərbaycanla vidalaşdı. Bəzi ehtiimallar vardı ki, yavaş-yavaş zəifləyən komanda fəaliyyətini dayandıracaq, tarixin yaddaşına köçəcək. Azərbaycan futbolu adına sevindirici hadisədi ki, belə bədbin pronqozlar özünü doğrultmadı. “Qəbələ” yaşayır, mübarizə aparır və Azərbaycan futbolunda özünəməxsus yer tutur.
Klubda çalışan, öz işini vicdanla görən əməkdaşların sayəsində “Qəbələ” kiçik büdcəylə böyük işlər görür. Ucuz, amma yaxşı tapıntı sayılan legionerlərlə fədakar yerlilərin vəhdətindən yaxşı kollektiv formalaşdırılıb. Özü də bu döyüşkən heyətə gənc azərbaycanlı çalışdırıcı Elmar Baxşıyev rəhbərlik edir. Zaman-zaman yazılarımızda həm onun işini, həm də “Qəbələ”nin apardığı mübarizəni alqışlayıb, layiq olduqları qiyməti vermişik. Komanda qazandığı nəticələrlə hətta rəqib azarkeşlərin alqışını qazanır, mütəxəssislərin diqqətini çəkir. Bu komandanın sirri elə də böyük deyil. İstər əcnəbi, istərsə də yerli futbolçular meydanda can qoyur, heç kimə asanlıqla təslim olmaq istəmir. Onlar meydana çıxdıqları andan etibarən geydikləri formanın haqqını verməyə çalışan döyüşçüyə çevrilir. “Qəbələ”nin oyununda, qazandığı qələbələrdə çox incə və vacib bir detal var. Bölgə təmsilçisi sanki fasilədən sonra coşur, rəqibinə “öldürücü” zərbələri ikinci hissədə vurur. Bu amil təkcə rəqibin yorğun olmasıyla bağlı deyir. Baxşıyev əvəzetmələrdən düzgün istifadə edir, lazımi anda komandasına “yeni nəfəs” verməyi bacarır.
Geridə qalan 21 tur ərzində 9 qələbə qazanıb, 7 heç-heçə edən “qırmızı-qaralar” 34 xalla 4-cü pillədə yer alır. “Qəbələ” ölkə kubokunda da yarımfinala yüksəlib. Düzdü, bu mərhələdə onların rəqibi “Qarabağ” olduğuna görə şansları elə də yüksək qiymətləndirilmir. Amma indidən həmin o iki qarşılaşmanın nəticəsini proqnozlaşdırmaq, “Qarabağ”ın finala yüksələcəyini əminliklə söyləmək çətindi. Kubok qarşılaşmalarının fərqli əhval-ruhiyyədə keçdiyi hamımıza məlumdu. Bununla belə, “Qəbələ” işini şansa saxlamamalı, mövsümü medalla başa vurub, avrokuboklara çempionatdan vəsiqə qazanmaq üçün sonadək mübarizə aparmalıdı. Unutmaq lazım deyil ki, qitəmiqyaslı yarışlarda iştirak təkcə nüfuz məsələsi yox, həm də ciddi qazanc mənbəyidi. Büdcəsi elə də böyük olmayan klub üçün UEFA-dan gələcək pullar çox əhəmiyyətlidi. Bu pulları qazanmaq üçün isə avrokuboklara vəsiqə qazanmaq lazımdı. Yəni indiki mövqedən azı bir pillə yuxarı qalxmaq.
3-cü yer “Qəbələ” üçün elə də əlçatmaz deyil. “Zirə” ilə aradakı xal fərqi 2-yə bərabərdi. Özü də “qırmızı-qaralar” mövsüm ərzində nəinki 3-cü, hətta 2-ci yerdə də uzun müddət qərarlaşıb. Komandaya könül verən azarkeşlər ona təəssüflənir ki, bölgə təmsilçisi martdakı oyunları heç də uğurlu keçirə bilmədi. Fevralın 27-də “Sumqayıt”ı 4:0 hesabıyla darmadağın edən “Qəbələ”nin işləri ondan sonra heç cür qaydasında getmir. “Qarabağ”a yenilgini hardasa başa düşmək olar. Onsuz da “köhlən atlar” çempionatda rəqib tanımır. “Neftçi”ylə oyundakı hesabı da “ağ-qaralar”ın yubiley ab-havasının ayağına yazaq. Amma doğma meydanda “Zirə” və “Keşlə” ilə baş tutan qarşılaşmalardakı xal itkilərinə haqq qazandırmaq xeyli çətindi. Hər iki görüş heç-heçə yekunlaşdı və “Qəbələ” qızıldan qiymətli 4 xaldan məhrum oldu. Həmin o 4 xal qazanılsaydı, indi “Qəbələ”nin hesabında 38 xal vardı və “Neftçi”ylə ikinci pilləyə şərik olmaq mümkün idi. Özü də “Keşlə” böyük zaman kəsiyində azlıqda oynamağa məcbur olmuşdu.
“Zirə”ylə oyunun axarını güclü qar pozdu. İş o yerə gəli çatdbı ki, FİFA referisi Əliyar Ağayev görüşü növbəti günə təxirə salmalı oldu. Bu matçdakı xal itkisindən sonra Elmar Baxşıyev havadan o qədər də şikayətçi olmamışdı. Di gəl ki, gənc çalışdırıcı “Keşlə” ilə oyunun erkən saatda keçirilməsindən, havanın hərarətinin yüksək olmasında şikayətlənib. Bir dəfə qar, bir dəfə də isti hava “Qəbələ”yə mane oldu deyək. Artıq bu bəhanələr arxada qalıb. “Səbail”lə oyun ərəfəsində məşqçilər koprusu ilə yeni müqavilənin bağlanması əlavə motivasiya mənbəyi olmalı, qələbəsiz seriyaya son qoyulmalıdı. Yoxsa “Qəbələ”nin bundan sonra işləri daha da qəlizləşəcək. Rəqiblər irəli gedir, arxadan da “Sabah”ın nəfəsi duyulur. Oyanmaq zamanıdı.
AMAL