Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin 3-cü mərhələsində bu gün növbəti görüşünü keçirib.
Reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib.
Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.