6 oyunda 4-ü böyükhesablı olmaqla 6 qələbə, 16-1 top fərqi! Bəli, Azərbaycan klubları avrokuboklarda ilk mərhələni birnəfəsə keçdi. “Sabah” “Nyu Seynts”i 2 oyunun nəticəsinə görə 4:1, “Zirə” və “Qarabağ”, uyğun olaraq, “Torpedo” və “Vestri”ni 6:0 hesabıyla üstələdi. Ortaya maraqlı sual çıxır: bu nəticələr Azərbaycanda klub futbolunun inkişafını göstərir, yoxsa rəqiblər hədsiz zəif idi?
“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimovun fikrini öyrəndik:
“Bu suala “hə” və ya “yox” cavabı vermək düz deyil. Məncə, klublarımızın səviyyəsində inkişaf olsa da, bu matçlar göstərici deyil. “Qarabağ” İslandiyanın 2-ci liqasında çıxış edən komandaya qarşı oynadı. “Zirə”nin “Torpedo”nu iki oyunda da 3:0 hesabıyla məğlub etməsini inkişaf saymaq olar. Hesab edirəm ki, əvvəllər Gürcüstan təmsilçilərini belə böyük hesabla məğlub etmək çətin idi. Onlarla yetərincə qarşılaşmışıq. Qələbə qazandığımız və ya məğlub olduğumuz matçlar olub. Lakin belə böyük hesabla qalib gəlməmişik. Bunu inkişaf hesab etmək olar. “Sabah”ın rəqibini açıq-aşkar geridə qoyması da böyük uğurdu. Daha öncə Uels təmsilçisi olan “Barri Taun” ilə “Şəmkir” qarşılaşıb. Həmin matçda məğlub olaraq mərhələ adlaya bilməmişdik. İndi isə bunu rahatlıqla bacardıq. Növbəti mərhələdə bu sıraya “Neftçi”də qoşulacaq. Ümumilikdə bunlar göstərici deyil. Bu səbəbdən bu suala dəqiq cavab vermək doğru olmaz”.
İSRAYIL XEYRULLAYEV