Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” bu gün “Nyu Seynts” ilə cavab matçına çıxacaq.
“Bayquşlar” evdə 2:0 hesabıyla qalib gəlmişdi. İlk yarıda çətinlik çəkən Masazır təmsilçisi 2-ci hissədə rəqib qapısına yol tapa bilmişdi. Bəs “Park Holl” stadionunda keçiriləcək oyunda çempionu hansı çətinliklər gözləyir? Bu gün “Sabah”a nə mane ola bilər - süni örtük, azarkeş dəstəyi, yoxsa başqa amillər?
“Football-plus.az” təcrübəli mütəxəssis Aslan Kərimovun fikrini öyrəndik:
“Əslində bunların hər biri kiçik amildi. Bunlar da toplanıb, böyük bir maneə ola bilər. Süni örtük, rəqibin stadionunda oynamaq, azarkeşlərin təzyiqi – bunlar az təsir edən amillərdi. Süni qazon istər-istəməz fiziki baxımdan oyunçulara mənfi təsir göstərə bilər. Əzələlər uyğunlaşmadan süni meydanda oynayırsansa, bu bir qədər təsir göstərir. Amma hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil oyunçuların 2:0 hesablı qələbədən sonra özünə arxayın olmasıdı. Ümid edirəm ki, “Sabah”ın texniki heyəti, baş məşqçi və köməkçiləri bu istiqamətdə yetərincə iş görüb. Böyük taktiki gedişlərə, məncə, ehtiyac yoxdu. 2:0 hesabıyla qalib gəlmisənsə, deməli, bütün göstəricilərdə rəqibdən üstünsən. Öz strategiyalarını davam etdirsələr, böyük ehtimalla qələbə qazanacaqlar. Yalnız mərhələni keçmək yox, hətta bu oyunda qələbə qazanmaq iqtidarındadılar. Ən böyük təhlükə matça arxayın çıxmaqdı. Arxayın çıxsalar, bunun acı nəticəsini görə bilərlər. Ümid edirəm ki, futbolçular bu matçın əhəmiyyətini dərk edir. Texniki heyət də bu yöndə futbolçulara pisixoloji yardım göstərib”.
Xatırtadaq ki, oyun 21.30-da start götürəcək.
İSRAYIL XEYRULLAYEV