Klublarımızın avrokubokların ilk mərhələlərindəki rəqibləri müəyyənləşdi. Bəs mütəxəssislər püşkün nəticəsini necə dəyərləndirir.
Vaqif Sadıqov “Futbol+”ə bu haqda danışdı:
“Püşkün nəticəsini ümumi şəkildə "rahatlıqla mərhələ keçmək" kimi qiymətləndirmək olmaz, lakin komandalarımızın hamısı üçün püşk uğurludu. Dördü də növbəti mərhələyə adlamaq potensialına malik olsa da, hər birini fərqli çətinlik və sınaqlar gözləyir. "Sabah" “Nyu Seynts” ilə oynayacaq. Uels futbolu fiziki gücə söykənsə də, texniki və taktiki hazırlıq baxımından seçilmir. "Sabah" bu cütün aşkar favoritidi. İllərdi qrup mərhələlərində böyük təcrübə toplayan “Qarabağ” üçün “Vestri” ciddi maneə deyil. "Qarabağ"ın bu mərhələni rahat keçəcəyi gözlənilir. “Zirə”nin rəqibi “Torpedo” olacaq. Komandalarımız arasında ən gərgin duel "Zirə"ni gözləyir. Gürcüstan klubları ilə oyunlar coğrafi yaxınlıq və prinsipiallıq baxımından həmişə çətin keçir. "Zirə" nizam-intizamlı oyunu ilə mərhələni keçməyə qadirdi. “Neftçi"nin rəqibi, çox güman, "Dinamo-Minsk" olacaq. Belarus təmsilçisi zəif rəqib deyil, lakin "Neftçi"nin heyət keyfiyyəti və ambisiyaları bu səddi aşmaq üçün kifayət etməlidi. “Klublarımızın dördü də rahat keçəcək” fikri futbol reallığı ilə üst-üstə düşmür. "Qarabağ" və "Sabah" böyük ölçüdə mərhələni adlamağa yaxındı. Lakin Konfrans Liqasındakı təmsilçilərimizi gərgin, fiziki mübarizəyə söykənən və asan keçməyəcək oyunlar gözləyir”.
İSRAYIL XEYRULLAYEV