Uruqvay yığmasının düşərgəsində futbolçularla baş məşqçi Marselo Byelsa arasında qarşıdurma baş verib.
"Football-plus.az" xəbər verir ki, qapıçı Serxio Roçet, yarımmüdafiəçilər Rodriqo Bentankur, Federiko Valverde və Manuel Uqarte də daxil olmaqla bir neçə aparıcı futbolçu argentinalı mütəxəssislə görüş keçirib. Futbolçular məşqdə yüklənmələrin həddindən artıq çox olmasından narazılıq edərək bunun zədələrə səbəb olduğunu bildiriblər. Onlar həmçinin İspaniya ilə qarşıdakı oyun üçün seçilən taktikanı tənqid ediblər.
Bundan sonra Byelsa bütün komandanı toplayaraq təxminən 50 dəqiqəlik çıxış edib. Təcrübəli mütəxəssis futbolçuların iradlarını qəbul etməyib və buna bənzər halların əvvəllər də yaşandığını vurğulayıb. Qarşılıqlı narazılıq bununla bitməyib. Bir neçə futbolçu məşqçinin nitqi başa çatmamış iclası tərk edib. Komandanın kapitanı Xose Ximenes onları saxlamağa çalışsa da, buna nail ola bilməyib.
İlk iki oyunda iki xal toplayan Uruqvayın pley-offa çıxması üçün İspaniya üzərində qələbə qazanması vacibdi. Digər nəticə variantlarında isə komanda Kabo Verde - Səudiyyə Ərəbistanı matçının nəticəsinə və digər qruplarda 3-cü yeri tutacaq yığmaların daha zəif göstəricilərinə ümid etməli olacaq.