32 ildən sonra avrokuboklara vəsiqə qazanan “Turan Tovuz”un UEFA-nın məlum qərarıyla Konfrans Liqasından uzaqlaşdırılması diqqəti həm də “Zirə”yə yönəldib. Ona görə ki, qəsəbə təmsilçisi mövsümü 5-ci pillədə bitirib və tovuzluların yoxluğunda avtomatik avrokubokda oynamaq şansı qazanır. Amma “Zirə”dən səs-səmir yoxdu.
Daha dəqiqi, “qartallar” “Turan Tovuz”un məlum qərarla bağlı CAS-a müraciətinin nə ilə nəticələnəcəyini gözləyir. Hər halda, klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə durumu dəfələrlə məhz həmin ifadələrlə izah edib. Ancaq bu durumla bağlı daha önəmli məqamlar var ki, bizi narahat etməyə bilməz. Axı avrokuboklardakı bütün klubların ölkəmizi layiqincə təmsil etməsini səmimi qəlbdən arzulayırıq! Söhbət “Zirə”də heyətlə bağlı görülən işlərdən gedir. Belə ki, “qartallar” indiyə qədər Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev ilə yolları ayırıb. Hamıya bəllidi ki, xüsusilə Ceyhun, Aka, Mikels və Silva komandanın aparıcı futbolçuları idilər. Hələ Silvanın ölkəmizə gəlib-gedən ən bacarıqlı qapıçılardan biri olduğunu demirik. Bundan başqa, qəsəbə təmsilçisi 5 futbolçu ilə müqavilənin müddətini uzadıb. Söhbət Ərən Aydın, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodiodan gedir. Həmçinin, "Sabah"dan ayrılan Amin Seydiyevlə müqavilə imzalanıb.
Heç şübhəsiz, “Zirə” Konfrans Liqasında çıxış edəcəksə, qeyd olunan yeniliklər komandanın böyük uğurlar qazanması üçün yetərli olmayacaq. Belədə yalnız ayrı-ayrı futbolçuların ustalığına, Rəşad Sadıqovun təcrübəsinə ümid etməli olacağıq. Hər halda, vəziyyət nəinki azarkeşləri, biz media nümayəndələrini də narahat edir. Axı hadisələrin mərkəzində avrokuboklarda uğur qazanmaq var.
Bəs, durumu necə dəyərləndirmək olar? Həqiqətənmi, “Zirə” Konfrans Liqasında çıxış edəcəyi təqdirdə ümidləri doğrulda biləcək? Klub üçün hansı plan daha effektiv ola bilər? Bu suallarla Aslan Kərimova müraciət etdik: