Daha dəqiqi, “qartallar” “Turan Tovuz”un məlum qərarla bağlı CAS-a müraciətinin nə ilə nəticələnəcəyini gözləyir. Hər halda, klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə durumu dəfələrlə məhz həmin ifadələrlə izah edib. Ancaq bu durumla bağlı daha önəmli məqamlar var ki, bizi narahat etməyə bilməz. Axı avrokuboklardakı bütün klubların ölkəmizi layiqincə təmsil etməsini səmimi qəlbdən arzulayırıq! Söhbət “Zirə”də heyətlə bağlı görülən işlərdən gedir. Belə ki, “qartallar” indiyə qədər Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev ilə yolları ayırıb. Hamıya bəllidi ki, xüsusilə Ceyhun, Aka, Mikels və Silva komandanın aparıcı futbolçuları idilər. Hələ Silvanın ölkəmizə gəlib-gedən ən bacarıqlı qapıçılardan biri olduğunu demirik. Bundan başqa, qəsəbə təmsilçisi 5 futbolçu ilə müqavilənin müddətini uzadıb. Söhbət Ərən Aydın, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodiodan gedir. Həmçinin, "Sabah"dan ayrılan Amin Seydiyevlə müqavilə imzalanıb.
Heç şübhəsiz, “Zirə” Konfrans Liqasında çıxış edəcəksə, qeyd olunan yeniliklər komandanın böyük uğurlar qazanması üçün yetərli olmayacaq. Belədə yalnız ayrı-ayrı futbolçuların ustalığına, Rəşad Sadıqovun təcrübəsinə ümid etməli olacağıq. Hər halda, vəziyyət nəinki azarkeşləri, biz media nümayəndələrini də narahat edir. Axı hadisələrin mərkəzində avrokuboklarda uğur qazanmaq var.
Bəs, durumu necə dəyərləndirmək olar? Həqiqətənmi, “Zirə” Konfrans Liqasında çıxış edəcəyi təqdirdə ümidləri doğrulda biləcək? Klub üçün hansı plan daha effektiv ola bilər? Bu suallarla Aslan Kərimova müraciət etdik:
“Əslində azarkeşlərin narahatlığını anlayışla qarşılamaq mümkündü. Ancaq klub nümayəndələrinin durumunu da düşünməliyik. Çünki UEFA-nın belə bir qərar verəcəyi gözlənilmirdi. “Zirə” artıq avrokuboklara vəsiqə qazanmadığı reallığı ilə barışmışdı. Bu qərardan sonra toparlanmaq, Konfrans Liqası üçün hazırlıq prosesinə başlamaq 1-2 günlük iş deyil. Ancaq hər şey bununla da məhdudlaşmır. Arxa planda başverənləri bilmədən, klubun xüsusilə maliyyə durumundan xəbərdar olmadan “Zirə”ni tənqid etmək, hədəf halına gətirmək doğru olmaz. Bəlkə də fərqli strategiya haqda fikirləşirlər. Düşünürlər ki, mövcud heyətlə avrokuboklarda mümkün qədər irəliləmək, təcrübə toplamaq olar. Düzü, məncə, “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər. Çünki Rəşad Sadıqovun komandasının potensialı var. Mövsüm ərzində yaxşı oyun göstərdilər. Sadəcə, zədəlilərin artması, başqa bəxtsizliklər “Zirə”nin xallar itirməsinə səbəb oldu. Sona qədər avrokuboklara vəsiqə uğrunda mübarizə apardılar. Bu gün bu komandanın avrokuboklarda “Turan Tovuz”dan zəif çıxış edəcəyini iddia edə bilmərəm. O başqa məsələ ki, rəqibin kimliyindən də çox şey asılıdı. Bəlkə “Turan Tovuz”un bəxtinə daha münasib rəqiblər düşəcək və daha irəli gedəcəkdi. Deyə bilmərəm. UEFA-nın qərarı dəyişməsə, yəqin ki, “Zirə” bir neçə futbolçu transfer edəcək. Ancaq bu gün önəmli reallıq var ki, bununla barışmalıyıq: “Qarabağ”dan başqa bütün komandaların avrokuboklarda nə dərəcədə uğurlu olacağı püşkatmanın nəticələrindən asılıdı. Ağdam təmsilçisi uzun illər ərzində yığdığı reytinq xalları, topladığı təcrübə sayəsində həm zəif rəqiblərlə qarşılaşır, həm də əsas mərhələyə vəsiqə qazanmaqda ciddi çətinliklə üzləşmir. Etiraf edək ki, bu baxımdan yeganə komandamız “Qarabağ”dı. Hər halda, bu gün istər “Turan Tovuz”, istərsə də “Zirə” Xorvatiya, Cənubi Kipr və Yunanıstan təmsilçiləriylə qarşılaşsa, çox ciddi çətinliklərlə üz-üzə gəlmiş olacaq”.
KƏNAN BAHADIR





