“İmişli”nin yaşı az olsa da, artıq müxtəlif təşəbbüslərlə ölkə futbolunda səs-küy yaratmağı bacarıb.
Aran təmsilçisi iyunun 5-də saytında və sosial şəbəkə hesablarında daha bir müsabiqə keçirəcəyini elan etdi. Hər il iyulun 22-də qeyd olunan Milli Mətbuat Günü ilə bağlı keçirilən müsabiqə “Qələmlə Meydana” adlanır. “Pələnglər”in müsabiqəsində jurnalistlər və bu sahəyə marağı olan hər kəs - o cümlədən tələbələr, blogerlər, podkasterlər, müəllimlər, televiziya və radio əməkdaşları iştirak edə bilər. 5 nominasiya - mövsümün yazısı, video süjeti/reportajı, bloqu, podkastı və 2025/26 mövsümünün futbol üzrə jurnalisti - uğrunda ciddi rəqabət gözlənilir.
Qalibləri diplom və pul mükafatı gözləyir. 1-ci yeri tutan 700, 2-ci yeri tutan 500, 3-cü yeri tutan 300 manat qazanacaq. Baş nominasiyalar üzrə isə bu məbləğ 1000, 700, 500 olaraq dəyişir. İştirak etmək istəyən hər kəs iyulun 6-na qədər ilk növbədə klubun rəsmi saytında dərc olunan elanda yer alan müraciət formasını doldurmalı, daha sonra müsabiqə materialını elektron qaydada media@imislipfk.com ünvanına təqdim etməlidilər.
Sonuncu nominasiya – ilin idman jurnalisti – bu sahədə çalışanlar arasında birmənalı qarşılanmayıb. Həmkarlarımız brlə hesab edir ki, futbol klubunun ilin idman jurnalistini seçməsi yaxşı təşəbbüs deyil, bununla Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və ya media üzrə ixtisaslaşan başqa qurumlar məşğul olmalıdı. Həmçinin lazımi infrastrukturu olmayan, ev oyunlarını başqa yerlərdə keçirən klubu belə təşəbbüsə baş vurmaqda qınayanlar da var.
Birmənalı qarşılanmayan müsabiqə elanı ilə bağlı “İmişli”nin mətbuat katibi Leyla Behbudlu ilə əlaqə saxladıq:
“Bu tipdə müsabiqə keçirməyi düşünürdük. Qarşıdan gələn Milli Mətbuat Günü ilə bağlı rəhbərlik ümumi, ortaq qərar verib. Həmkarların belə düşünməsinə gəlincə, bu, onların şəxsi fikridi. Hər birini hörmətlə qarşılayırıq. Müsabiqədə iştirak könüllüdü. Kim istəyirsə, qatıla bilər. Müsabiqə tam şəffaf şəkildə keçiriləcək. Toplanılan bütün müsahibələr, yazılar, materiallar münsiflər heyətinə təqdim olunacaq. Onlar qiymətləndirmə aparacaq. Stadionun olmaması klubun fəaliyyətinə təsir etmir. Stadion yoxdusa, bu sosial fəaliyyətlərin olmamasına səbəb deyil. Komandanın işi təkcə bundan ibarət deyil. Təbii ki, bu yöndə danışıqlar aparılır. Arxa planda işlər gedir. Klubda bu qədər insan çalışır. İctimai təşəbbüslər irəli sürmək qanunsuz deyil. Çağırış edirəm ki, həmkarlarımız qatılsın. Müsabiqə tam şəffaf şəkildə keçiriləcək. Biz maliyyə tərəfindən çıxış edəcəyik. Qiymətləndirmə münsiflər heyəto tərəfindən aparılacaq. Heç kim yanlış fikrə qapılmasın ki, klub özünə yaxın olan jurnalistləri dəyərləndirəcək. Qətiyyən belə şey ola bilməz. “İmişli”nin heç bir media qurumu ilə əməkdaşlığı yoxdu. Sponsorluq müqaviləmiz də yoxdu. Kiminsə bunu deməsi absurd fikirdi. İstəyən qatıla bilər. Bu şəxsi seçimdi. Hər kəsə uğurlar arzulayıram. Son müraciət tarixi iyulun 6-dı. Müvafiq şərtlər ilə imişlipfk.com saytında tanış ola bilərsiz. Beş nominasiyadan dördü müraciət tələb edir. Son müsabiqə ilin idman jurnalisti ilə bağlıdı və qalib sorğu əsasında müəyyənləşəcək. Qalibləri 12 premyer-liqa klubunun hər birinin baş məşqçisi, mətbuat katibi, kapitanı, AFFA, PFL və Futbol Veteranları İttifaqının sədri tərəfindən müəyyənləşəcək. Yazılı və video materiallar Azərbaycan futbolunun tarixi, regionlarda futbolun inkişafı, uşaq və gənclər futbolu, qadın futbolu, inklüziv futbol mühiti, eləcə də U-20-lər arasınds dünya çempionatı kimi mövzuları əhatə etməlidi. Bloq və podkast nominasiyalarında isə mövzu məhdudiyyəti yoxdu. Mövsümün yazısı dedikdə biz “İmişli”nin təriflənməsini nəzərdə tutmuruq, yazılar dediyim mövzuları əhatə etməlidi. Sırf “İmişli” ilə bağlı olmalı deyil. Kim istəsə məqalə, müsahibə, esse yaza bilər. Qatılacaq hər kəsə uğurlar arzulayıram”.
İSRAYIL XEYRULLAYEV