''Fənərbaxça''da baş məşqçi məsələsi hələ də həllini tapmayıb. Halbuki Əziz Yıldırımın prezident seçilən kimi bu vəzifəyə Aykut Kocamanı gətirəcəyi güman edilirdi.
Hər halda bunu Türkiyə mənbələri iddia edirdi. Amma bu təyinat əvəzinə bu gün ''Fənər''in rəsmi saytında qəribə və sürpriz bir məlumat yerləşdirilib. Əziz Yıldırım imzası ilə dərc olunan xəbərdə bunlar qeyd olunub:
''Yeni məşqçi və məşqçilər korpusu ilə anlaşmağımız barədə bir çox iddialar var. Bu iddiaların heç biri reallığı əks etdirmir. İdarə heyəti olaraq hazırda heç bir məşqçi ilə anlaşmamışıq. Media orqanlarına dezinformasiyadan uzaq durmağı məsləhət görürük''.
Türkiyə mətbuatının yazdığına inansaq, idarə heyəti bazar ertəsi toplantı keçirəcək və baş məşqçi məsələsi orda ciddi şəkildə müzakirə olunacaq. Hadisələrin bu cür axarı onu göstərir ki, Yıldırımın Kocamanla bağlı şübhələri var. Bu məşqçini klub üzvləri arasında istəməyənlərin də sayı az deyil. Yəni ona qarşı camiədə ciddi müxalifət var.
Düzdü, yerli məşqçilər arasında hələ də əsas namizəd Aykut Kocamandı. Amma Əziz Yıldırım bu vacib məsələdə səhvə yol vermək istəmir. Ona görə də bəzi əcnəbi məşqçilərin namizədliyi də müzakirə ediləcək.