“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”

11.06.2026 21:47 104
Aktual / Ölkə futbolu
“Dinamo”nun “Karvan-Yevlax”dan müəyyən məbləğ tələb etdiyini xəbər vermişdik.

Xatırladaq ki, paytaxt təmsilçisinin prezidenti Yaşar Seyidov yevlaxlıların premyer-liqada iştirak edə bilmək üçün U-17 və U-19 komandalarının olmadığını, belədə klublar arasında imzalanan müqavilə əsasında “Dinamo”nun aşağı yaş qrupları üzrə komandalarının onların sərəncamına verildiyini bildirmiş, bu səbəbdən “Qarabağ” Çempionlar Liqasında uğurlu nəticələr qazandığına görə “Karvan-Yevlax”a ödənilən maddi vəsaitin 9,6 faizini tələb etdiyini demişdi.

Bu məsələ ilə bağlı mövqeyini öyrənmək üçün bölgə təmsilçisinin icraçı direktoru Elvin Əjdərliylə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:

“Dinamo”nun tələbiylə tanışıq. Qarşı tərəfə müvafiq cavab verilib. Bildirilib ki, belə tələb əsassızdı. Biz “Dinamo”ya pul ödəməyəcəyik. Mövsümün əvvəlində imzalanan müqavilə əsasında bütün öhdəliklərimizi yerinə yetirmişik. Həmin müqavilənən şərtlərinə tərəfimizdən tam əməl olunub”.

Xatırladaq ki, premyer-liqada mövsümü sonuncu sırada bitirən “Karvan-Yevlax” 1-ci liqaya yuvarlanıb.

KƏNAN BAHADIR