Barseona – Real 2:1 (1:0)
Qollar: Pau Viktor, 42; 53 – Niko Pas, 81.
Barselona: Ter Ştegen (Penya, 64), İnyiqo Martines (Mikail Fay, 64), Aleks Balde (Jerar Martin, 46), Kristensen (Serxi Dominges, 46), Valle (Ektor Fort, 64), Kasado (Gündoğan, 76), Torre (Gilyermo Fernandes, 64), Unai Ernandes (Xunyent, 46), Bernal (Darvix, 76), Pau Viktor (Rafinya, 64), Levandovski (Vitor Roke, 76).
Real: Kurtua, Rüdiger (Obrador, 67), Militao (Xoan Martines, 56), Qarsiya (Ramon, 67), Vaskes, Modriç, Dias (Vinisius, 56), Sebalyos (Aquado, 76), Martin, Gülər, Endrik (Niko Pas, 67).
Karlo Ançelottinin “Real”la “Barselona” arasında yoldaşlıq oyunları ola bilməz” sözlərini dəfələrlə xatırlatmaq olar. Bəli, bu dəfə əzəli rəqiblər Amerikada qarşılaşdı və oyunu macəralar müşayiət etdi. Hələ oyundan əvvəl fırtına xəbərdarlığı var idi. Təşkilatçılar klub nümayəndələrini yerli təhlükəsizlik protokolu ilə tanış etmişdilər. Stadionun 12,8 km radiusunda ildırım çaxacağı halda oyun dayandırılacaq, komandalar və azarkeşlər stadionu tərk edəcəkdi. Eyni zamanda, sonrakı 30 dəqiqə ərzində təbiət şıltaqlığı təkrarlanmasa, oyun bərpa oluna bilərdi.
Hakimin start fiti səslənəndə hər kəsə elə gəldi ki, təhlükə sovuşub və artıq komandaların optimaldan uzaq heyəti ilə tanış olmağa dəyər. “Real”dan daimi əsas heyətin üç üzvü – qapıçı Kurtua və mərkəz müdafiəçiləri tandemi – Rüdigerlə Militao meydanda idi. İrəlidə isə məzuniyyəti davam edən Mbappenin yoxluğunda hücum “üçlüy”ünün ikinci versiyası çıxış edirdi. “Barsa”ya gəlincə, ötən mövsümün böyük hissəsini buraxan Baldenin heyətə dönüşü sevindirici idi. O, bu yay artıq qısa müddət də olsa, “Mançester Siti”yə qarşı oynamışdı.
Artıq 12-ci dəqiqədə ehtiyat oyunçular skamyasına yaxınlaşan polislər matçın dayandırıldığını xəbər verdi. Komanda təmsilçilərinin reaksiyalarına əsasən mühakimə yürütsək, stadiondan uzaq bir yerdə ildırım çaxmışdı. Futbolçular oynamağa hazır olduqlarını dedilər, Modriç əli ilə səmanı göstərdi. Bəli, güclü yağış var idi, ancaq AÇ-2024-də Almaniya – Danimarka oyununun dayandırılmasına səbəb olan fırtına və şimşək çaxması ilə bağlı heç bir əlamət görünmürdü. Hər halda, futbolçular paltardəyişmə otağının yolunu tutdu, 80 min azarkeş isə stadionun tablosunda yer alan təlimata uyğun yerlərini tərk etdilər. Bu arada oyunun davam etdirilməsinin mümkünlüyü ilə bağlı şübhələr getdikcə artırdı. Meydanda böyük gölməçələr yaranmışdı.
Bununla belə, oyun bərpa olundu. Həm də fasilə “Real”ın xeyrinə işlədi. Tufana qədər “Barsa” dominantlıq edirdisə, artıq madridlilər təşəbbüsü ələ keçirdi. Ancaq Arda Gülərin qolu ofsayd üzündən qeydə alınmadı, ardından Levandovskinin ötürməsindən sonra Pau Viktor hesabı açdı. Bu forvard ötən mövsüm “göy-qırmızılar”ın 2-ci komandasının heyətində heyətində 20 qol vurduğundan, Kataloniya nəhəngi onu “Jirona”dan alıb. İndi 22 yaşlı Viktor MS-nin və “Real”ın qapısına yol tapır. Madridlilərin qapısına vurulan hər iki qolda “Leqanes”dən – icarədən qayıdan 20 yaşlı sağ cinah müdafiəçisi Vallenin də rolu oldu. Onun ayağının içi ilə verdiyi ötürmə möhtəşəm idi.
Flikin gənc futbolçuları yetişdirmək bacarığını nəzərə alıb, təkcə bu soyadları yox, istedadlı yarımmüdafiəçi Kasadonu da yadda saxlamağınızı məsləhət görürük. “Real”dan isə mərkəz yarımmüdafiəçisi Xoan Martines eyni dərəcədə tərifli sözlərə layiqdi. Hazırda Serxio Ramosla müqayisə olunan yenoyetmə parlaq gələcək vəd edir. Halbuki onun 17 yaşı hələ iki həftə sonra tamam olacaq. Bir sözlə, şənbə günü keçirilən “el-klasiko” gələcəyə baxış idi.