final
N 51. İspaniya – İngiltərə 2:1 (0:0)
23. Unay Simon
24. Mark Kukurelya
14. Emerik Lyaport
3. Robin le Norman
(4. Naço Fernandes, 83)
2. Daniel Karvaxal
8. Fabian Ruis
16. Rodri Ernandes
(18. Martin Subimendi, 46)
17. Niko Uilyams
10. Dani Olmo
19. Lamin Yamal
(6. Mikel Merino, 89)
7. Alvaro Morata (k)
(21. Mikel Oyarsabal, 68)
Ehtiyat oyunçular
1. David Raya
13. Aleks Remiro
5. Dani Vivian
12. Alexandro Qrimaldo
11. Ferran Torres
15. Aleks Baena
22. Xesus Navas
25. Fermin Lopes
9. Xoselu
Baş məşqçi: Luis de la Fuente
1. Cordan Pikford
6. Mark Qehi
5. Con Stounz
2. Kayl Uoker
3. Lük Şou
4. Deklan Rays
26. Kobbi Maynu
(24. Koul Palmer, 70)
7. Bukayo Saka
10. Cud Bellingem
11. Filip Foden
(17. Ayven Touni, 89)
9. Harri Keyn (k)
(19. Olli Uotkins, 61)
Ehtiyat oyunçular
13. Aaron Ramsdeyl
23. Din Henderson
8. Trent Aleksander-Arnold
12. Kiran Trippyer
14. Ezri Konsa
15. Lüis Dank
22. Co Qomes
16. Konor Qallaher
21. Ebereçi Eze
25. Adam Uorton
18. Entoni Qordon
20. Carrod Bouen
Baş məşqçi: Qaret Sautqeyt
Qollar: N.Uilyams, 47 (1:0). K.Palmer, 73 (1:1). M.Oyarsabal, 86 (2:1).
Vərəqələr: H.Keyn, 25. D.Olmo, 31. C.Stounz, 53. O.Uoktins, 90+1- sarı.
Hakimlər: FRANSUA LETESYE, Siril Munye, Mehdi Rahmuni (hamısı Fransa).
VAR hakimləri: Jerom Brisar, Villi Delajo (hər ikisi Fransa), Massimilano İrrati (İtaliya).
14 iyul. Berlin. Olimpiya stadionu. 65600 tamaşaçı (74475 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Niko Uilyams.
oyunun statistikası
15 (5) qapıya (“çərçivə”yə) zərbə 8 (3)
8 qayda pozuntusu 4
10 künc zərbəsi 2
1 ofsayd 0
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
62 topa sahibolma (faizlə) 38
544 (496) ötürmə (dəqiq) 303 (246)
109,1 məsafə (km) 108,6
Bu komandalar arasındakı indiyəqədərki oyunların balansı, “üç şir”in qrupda sönük oyun göstərsə də, İsveçrə və Niderland ilə oyunlarda yaxşı təsir bağışlaması, heç bir komandanın ardıcıl iki finalda uduzmamasıyla bağlı tarixi statistika, heç vaxt qitə çempionu ola bilməyən ingilislərin üç çempionluğu olan rəqiblə müqayisədə meydana daha motivasiyalı çıxması - bütün bu məqamlar AÇ-nin qalibləri sırasına yeni adın yazılacağını düşünməyə əsas verirdi. Amma yenə olmadı, İngiltərə elə məqamda qapısından top buraxdı ki, bunun əvəzini çıxmaq üçün nə güc, nə də vaxt qalmışdı...
Bu oyunu birmənalı şəkildə parlaq final adlandırmaq çətindi. İspaniya və İngiltərə yığmaları yalnız fasilədən sonra canlandı. Və 2-ci hissədə biz onların yaxşı tərəflərini görə bildik. İspanların gənc istedadları qarşısıalınmaz idi, britaniyalılar isə növbəti dəfə xarakter göstərdi. Fasiləyə qədər meydanda əsasən ehtiyatlı oyun getdi. İspanlar daha çox hücum qursalar da, Pikfordun qapısı önündə ciddi təhlükə yarada bilmirdilər. Komandaların ilk yarıda birlikdə “çərçivə”yə cəmi bir zərbəsi oldu ki, o da ingilislərin hesabındaydı – Simon Fodenin 45-ci dəqiqədə iti bucaq altından vurduğu zərbənin öhdəsindən gəldi. Amma 2-ci hissə başlayan kimi “qırmızı qəzəb” hesabı açdı. İspaniya yığmasının gənc vingerləri bu qolu təşkil etdi – sağ cinahla irəliləyən Yamalın cərimə meydançasına ötürməsini Uilyams dəqiq zərbə ilə bitirdi. Bu qol ingilisləri şoka saldı. İspanlar cəmi 5 dəqiqə ərzində bütün intriqanı öldürə bilərdi. Ancaq Olmo ilə Uilyamsın zərbələri “çərçivə”yə düşmədi, Morata təkbətəkdən yararlana bilmədi. Bir qədər sonra Yamal də əla şansı boşa verdi. Oyundan qopmayan İngiltərə yığması pley-offda 4-cü dəfə hesabı bərabərləşdirdi. Sautqeytin 70-ci dəqiqədə oyuna qoşduğu Palmer cəmi 3 dəqiqə sonra uzaq məsafədən dəqiq zərbə ilə bərabərlik qolunu vurdu. Amma son 10 dəqiqə birmənalı şəkildə “qırmızı qəzəb”in üstünlüyü şəraitində keçdi. İspanlar açıq-aşkar oyunun əlavə vaxta qədər uzanmasını istəmirdilər. Və Yamal daha bir şansı qaçırdısa, sonradan meydana çıxan Oyarsabal ofsaydı pozan Stounzu qabaqlayıb topu tora sala bildi. İngilislər yenə də əlini yanına salmadı, növbəti dəfə möcüzəyə yaxın oldu. Son dəqiqələrdə Qehi hesabı bərabərləşdirməyə yaxın olsa da, Olmo topu başla qapı xəttinin üzərindən çıxardı.
Qələbə hesabını qoruyan İspaniya 4-cü dəfə Avropa çempionu oldusa, futbolun yaradıcıları son üç ildə 2-ci dəfə finaldan məğlub ayrıldı. Bəli, oyundan əvvəl futbolun ingilislərə borclu olmasıyla bağlı çox söz-söhbət var idi, onların 58 ildən sonra növbəti böyük turnirdən qələbə ilə ayrılacağına inananlar çox idi. Amma futbolun dili acıdı, çempion olmaq üçün rəqibdən daha artıq qol vurmalısan. İngiltərə srağagün bunu bacarmadı. Sautqeyt, Keyn və başqa ingiltərəli ulduzlar bacarmadı. “Üç şir” tarixindəki daha bir acı və ağrılı səhifəni qapadı. Kim bilir, bir də nə vaxt onların əlinə belə şans düşəcək?!
Bombardirlər: Qakpo (Niderland), Keyn (İngiltərə), Mikautadze (Gürcüstan), Musiala (Almaniya), Olmo (İspaniya), Şrants (Slovakiya) – 3.
Finala görə işdən oldular...
İngiltərə yığmasının üç azarkeşi Berlində keçirilən final oyununa yollandığına görə işdən qovulub. “The Sun” nəşrinin yaydığı xəbərə görə, söhbət Birmingemdə mühəndis kimi çalışan atadan və iki oğuldan gedir. Mühəndislər Almaniyaya yollanarkən müdiriyyətdən müqavilənin pozulmasıyla bağlı elektron məktub alıb. Şirkətdən bildiriblər ki, bizə işə sadiq olan əməkdaşlar lazımdı. Qovulanlardan biri isə belə deyib:
“Bu, həyatda bir dəfə ələ düşən şansdı. Hər şeyi riskə atdıq”.
Fikir
Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu:
“Bunun Sautqeyt üçün sonuncu oyun ola biləcəyi ilə bağlı şübhələrim var. Hər birimiz məyusuq. Bəli, daha gözəl, daha hücumameyilli futbol göstərə bilərdik”.
Rəqəmlər və faktlar
* Meydana 17 yaş 1 günlüyündə çıxan Yamal Avropa və dünya çempionatlarının finalında çıxış edən ən gənc oyunçudu. O, 17 yaş 249 günlüyündə DÇ-58-in finalında oynayan əfsanəvi və mərhum Pelenin rekordunu yenilədi.
* Uilyamsın fərqlənməsinə yardım edən Yamal bu turnirdəki məhsuldar ötürmələrinin satını 4-ə çatdırdı. Lamin bir AÇ-də məhsuldar ötürmələrin sayına görə müəyyənləşən rekordu təkrarladı. Əvvəllər Stiven Suber (2020), Aaron Remzi (2016), Eden Azar (2016) və Lübinko Druloviç (2000) də bunu bacarmışdı.
* Yamal həmçinin bir AÇ-nin 1/4 final, yarımfinal və finalında qol və ya məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçudu. O, həm də AÇ-2024-ün ən yaxşı gənc futbolçusu sayıldı. İyulun 13-də 17 yaşını tamamlayan futbolçu turnirdə keçirdiyi 7 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı.
* İspaniya yığmasının yarımmüdafiəçisi Rodri turnirin ən yaxşı futbolçusu sayıldı. O, bu mükafata layiq görülən 3-cü ispaniyalıdı. Xavi AÇ-2008-in, İnyesta isə AÇ-2012-nin ən yaxşısı sayılmışdı.
* Morata AÇ-də 17-ci oyununa çıxmaqla İspaniya yığmasının bu göstəricidəki rekordçusu oldu.
* 22 yaşlı Uilyams AÇ tarxinə finallarda qol vuran ən gənc ikinci futbolçu kimi düşdü. O, yalnız 1968-ci ildə - 20 yaşında fərqlənən italiyalı Pyetro Anastazidən geri qalır.
* Tarixində 4-cü dəfə Avropa çempionu olan İspaniya yığması bu göstəricidə yeni rekord müəyyənləşdirdi. “Qırmızı qəzəb” 1964, 2008 və 2012-ci illərdə də qitənin ən güclüsü adıını qazanıb. Bu göstəricidə 2-ci yerdə üç çempionluqla (1972, 1080, 1996) Almaniya yığması qərarlaşıb. Ardından İtaliya (1968, 2020) və Fransa (1984, 2000) gəlir.
* AÇ-2024-də 7 qələbə qazanan İspaniya yığması bu göstəricidə yeni rekord müəyyənləşdirdi. De la Fuentenin komandası bir-birinin ardınca Xorvatiya (3:0), İtaliya (1:0), Albaniya (1:0), Gürcüstan (4:1), Almaniya (2:1), Fransa (2:1) və İngiltərəni (2:1) məğlub etdi. İndiyə qədər yalnız Braziliya bir nəhəng turnirdə (DÇ-2002) ardıcıl 7 qələbə qazanmışdı.
* İspaniya yığması bir AÇ-də qol sayına görə yeni rekord müəyyənləşdirdi. Bu komandanın futbolçuları rəqib qapılarından 15 top keçirdi. Bu göstəricidə əvvəlki rekordçu AÇ-84-də 14 qol vuran Fransa yığması idi.
* Keyn karyerasındakı növbəti – 6-cı finaldan da məğlubiyyətlə ayrıldı. 30 yaşlı ingiltərəli futbolçu buna qədər Liqa kubokunun (2015, 2021), Çempionlar Liqasının (2019), AÇ-nin (2021) və Almaniya Superkubokunun (2023) finalında uduzmuşdu.
* Sautqeyt futbol tarixinə AÇ-nin ardıcıl iki finalında uduzan ilk məşqçi kimi düşdü. Onun rəhbərlik etdiyi yığma AÇ-2020-nin finalında həlledici oyunda İtaliya ilə bacarmamışdı (1:1, p. – 2:3).
Reaksiyalar
Qaret Sautqeyt:
“İspaniya bu Avropa çempionatının ən yaxşı komandası idi. Topu pis saxlasaq da, son dəqiqələrə qədər oyundan qopmadıq. Sustalmışam. Futbolçular qeyri-adi oyun göstərdi, onlarla qürur duyuram. Bizdə bir qədər çatmadı. Şanslarımız var idi, sonda hesabı bərabərləşdirə bilərdik. Amma bütün 90 dəqiqə ərzində yaxşı olduğumuza əmin deyiləm”.
Luis de la Fuente:
“Bundan daha xoşbəxt ola bilmərəm – biz əsl komandayıq, Avropa çempionuyuq. Oyunçularımla qürur duyuram. İspaniyanın müxtəlif yerlərindən verilən dəstəyə görə sağ olun. Fasilədə futbolçulara nə dedim? Sadəcə, onların təfəkküründə kim olmağımızla bağlı fikri möhkəmləndirməyə çalışdım, bu, inam məsələsi idi. Onlar dünyanın ən yaxşılarıdı. Əvvəllər də bunu demişəm, yenə bu fikirdə qalıram. Həmişə daha yaxşı ola bilərik”.
Rodri Ernandes:
“Necə gündü! Sözsüz, idman karyeramın ən yaxşı günüdü. Biz ailə idik, indi isə Avropa çempionatlarının ən titullu komandasıyıq. Tarixə düşdük, bir turnirdə dörd dünya çempionunu məğlub etdik. Bu komandanın mentallığı... Bizlərin əksəri yeniyetmələr komandasında Avropa çempionu olub, bu gün isə biz Avropa çempionu olduq, irəlidə çoxlu qələbəmiz olacaq”.
Lamin Yamal:
“Çox xoşbəxtəm, bu arzu idi. Ala biləcəyim ən yaxşı hədiyyə budu. İndi evə qayıtmaq və ailəmlə birgə qələbəni bayram etmək istəyirəm. İngilislər bizə böyük təzyiq göstərdi, ancaq biz həmişə oyuna dönür və son nəticədə qələbə qazanırıq. Komanda yoldaşlarım mənə çox yardım edir, onlarla oynamaq mənə rahatdı, çox xoşbəxtəm”.
Niko Uilyams:
“Eyforiya yaşayıram, çox xoşbəxtəm. Bütün fanatlarımız, yaxınlarımız bunu haqq edib. Biz Avropa çempionuyuq, sonra da dünya çempionluğunun arxasınca yollanacağıq. Çox əziyyət çəkdik. İngiltərənin fərq yaratmağı bacaran futbolçuları var, ancaq biz onları saxlaya bildik. Heç kim bizə qalib gələ bilməz. Böyük komandamız var. Nə etdiyimizi hələ sona qədər anlamırıq. Sabah İspaniyaya qayıdırıq – bizlə sevgisini və mehribanlığını bölüşən fanatlarımızla birgə sevinə biləcəyik. Tarix yazdıq! Bütün futbolçular belə anları yaşamağı arzulayır. Bütün bunlar mənə lap əvvəldən inanan adamlar üçündü. Həmişə komandama yardım etmək üçün əlimdən gələni əsirgəmirəm. Adamlar məni daha çox tanımağa və hörmət etməyə başlayırlar. Mən bunu yüksək dəyərləndirirəm. Öz mövqeyimdə ən yaxşı olmaq üçün hər gün çalışıram”.
Mikel Oyarsabal:
“Mən öz işimi gördüm, məndən tələb olunanı etdim. Komandaya qələbə qazandırmaq qismətini yaşadım. Belə imkan qazandığıma görə sevinirəm. Çox xoşbəxtəm. Hamı ilə qürur duyuram, hər kəsin eyni dərəcədə dəyərli olduğu ailəmiz var”.
Harri Keyn:
“Hər birimizin indi yaşadığı hissləri təsvir etmək çətindi. Ağır oyun oldu. Hesabı bərabərləşdirməyi, oyuna dönməyi bacardıq. Ancaq sonda qol buraxmağı qəbul etmək çətindi. Şansı əldən verdik. Belə turnirlərin finalına vəsiqə qazanmaq çətindi, imkanlardan yararlanmaq lazımdı, biz isə ardıcıl ikinci dəfə bunu bacarmadıq. Çox ağrılıdı və yaramız uzun müddət ağrıyacaq. Sautqeytin yığmadakı gələcəyi? Ona bununla bağlı qərar vermək üçün vaxt lazımdı. Bu finalı onun üçün qazanmaq istəyirdik”.
Koul Palmer:
“İspanlar turnir boyunca parlaq təsir bağışladı. Hər kəs onların nəyə qadir olduğunu gördü. Bizə yalnız rəqibi təbrik etmək qalır. Yenə də finala çıxdıq, oyunumuzda müsbət məqamlar var, ancaq hər kəs irəli daha bir addım atmaq istəyirdi. Bunu bacarmadığımıza görə məyusuq”.
Lük Şou:
“Əlim-qolum yanıma düşüb, deməyə söz yoxd. Qalib gələ biləcəyimizə həqiqətən inanırdıq. Ancaq bunu bacarmaq qismətimizə yazılmayıbmış. Sautqeyt komanda ilə, birgə nail olduqlarımızla qürur duyur, ancaq oyundan sonra bizə o qədər də çox söz demədi. Hamı məyusdu. Fanatlara dəstəyə görə təşəkkür edir və onlardan üzr istəyirəm”.