Yanvarın 6-7-də kubokun 1/16 final oyunları keçirildi.
"Football-plus.az" xəbər verir ki, əvvəlki mərhələlərin 28 qalibinə yanvarın 10-11-də İspaniya Superkuboku uğrunda mübarizə aparacaq “Barselona”, “Real”, “Atletiko” və “Osasuna” da qoşuldu. Elita klubları aşağı dəstə təmsilçiləri ilə onların meydanında qarşılaşdı. Nəhənglər – “Real”, “Barselona” və “Atletiko”, eləcə də cari mövsümün kəşfi “Jirona” 1/8 finala adlamaq yolunda çətinlik çəkmədi. “Real” “Arandina”nın qapısına yalnız 2-ci hissədə yol tapsa da, oyunboyu üstünlüyünə şübhə yeri qoymadı. Bu oyunun qəhrəmanı Braim Dias oldu. İspaniyalı yarımmüdafiəçi penalti qazandı, qol vurdu, Rodriqoya məhsuldar ötürmə verdi. Azərbaycanlı azarkeşlər üçün maraq doğuran məqam isə Arda Gülərin çoxdan gözlənilən debütü idi. O, elə ilk oyunda topla davranmaq, meydanı görmək və liderlik keyfiyyətlərini göstərdi. Arda özünü meydanda çox inamlı hiss etdi, yetkin oynadı, məsuliyyəti üzərinə götürməkdən çəkinmədi. Ançelottinin də oyundan sonra vurğuladığı kimi, sadəcə, futbolçu fiziki cəhətdən “artırmalıdı”.
La Liqa 2-nin ortabablarından “Elçe”nin öhdəsindən gələn “Jirona” səfərdə məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırdı – 10 qələbə, 2 heç-heçə. “Jirona” bu mövsüm səfərdə uduzmayan yeganə La Liqa təmsilçisidi. “Real” “Atletiko”ya, “Barselona” isə “Şaxtyor”la “Antverp”ə uduzub.
1/16 final
Arandina (D-4) – Real 1:3
Naço, 90+3-öz qapısına – Xoselu, 54. Dias, 55. Rodriqo, 90+1.
Real: Kepa, Tobias (Rodriges, 80), Naço, Moreno, Qarsiya, Pas (Martin, 70), Kamavinqa (Rodriqo, 59), Sebalyos, Gülər (Valverde, 59), Dias, Xoselu.
Luqo (D-3) – Atletiko 1:3
Antonetti, 39 – Korrea, 2. Depay, 66; 74.
Atletiko: Oblak, Molina, Aspilikueta, Ximenes, Söyüncü (Koke, 46), Qalan, Vitsel, Saul (Lyorente, 68), Rikelme (De Paul, 46), Korrea (Qrizmann, 46), Depay (Morata, 75).
Barbastro (D-4) Barselona 2:3
Qarrido, 60. Prat, 90+3-p. Lopes, 18. Rafinya, 51. Levandovski, 88-p.
Barselona: Penya, Kunde, Arauxo, Kristensen (Martines, 64/Roberto, 75), Fort, Romeu (Gündoğan, 71), De Yonq, Lopes, Rafinya (Roke, 64), Torres, Feliş (Levandovski, 72).
Elçe (D-2) – Jirona 0:2
Blind, 37. Koutu, 67.
Espanyol (D-2) – Xetafe 0:1
Milya, 87.
Ueska (D-2) – Rayo Valyekano 0:2, əlavə vaxtda
Valentin, 118. Palason, 120+2.
Alaves – Betis 1:0
Benavides, 57.
Amorebyeta (D-2) – Selta 2:4
Xaureqi, 30. R.Rodriges, 35 – M.Rodriges, 6. Jailson, 49. Duvikas, 52; 75.
Burqos (D-2) – Malyorka 0:3
Qonsales, 63. Larin, 74. Prats, 81.
Kastelyon (D-3) – Osasuna 0:1, ə.v.
Arnais, 108.
Ferrol (D-2) – Sevilya 1:2
Mansanara, 50 – Teyşeyra, 30. Xuanlu, 87.
Unionistas (D-3) – Vilyarreal 1:1, p. – 6:7
Planas, 87-p. – Ahomaş, 82.
Eybar (D-2) – Atletik 0:3
Vilyalibre, 17; 40. Munyain, 33.
Kartaxena (D-2) – Valensiya 1:2, ə.v.
Ortuno, 4 – Kanyos, 73. Qayya, 106.
Malaqa (D-3) – Real Sosyedad 0:1
Qalilea, 49-öz qapısına.
Tenerife (D-2) – Las-Palmas 2:0
Amo, 4. Luisimi, 21.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Arda yaxşı fiziki formada olmasa da, ilk yarıda ustalığını, səviyyəsini göstərdi, komanda üçün oynadı. Ona münasibətdə dözümlü olmaq lazımdı. Hərçənd fiziki hazırlıq və intensivlik baxımından “artırmalıdı”. Ancaq onun xarakteri var. Braim çoxlu qeyri-dəqiq ötürmə versə də, bütün qollarda həlledici rol oynadı. Oyuna yetərincə yaxşı başlasaq da, ardından nəzarəti əldən verdik, ötürmələrdə səhvə yol verdik. 2-ci hissədə daha yaxşı oynadıq”.