Sabah Konfrans Liqası çərçivəsində meydana çıxacaq üç komandamızdan “Sabah”ın növbəti mərhələyə adlamaq şansı daha yüksəkdi.
Amma bu komandanın çalışdırıcısı Murad Musayev dünənki mətbuat konfransında ya göz qaytarırdı, ya da sadəcə, yetirmələrini arxayın salmaq istəmirdi. Hər halda, “Partizan”ın adı çəkiləndə daş atıb başını tutdu. Bu yazını oxuyanda özünüz də görəcəksiz.
“Sabah futbol tariximizdə çox önəmli bir gündü. Çünki avrokuboklarda ilk ev oyunumuzu keçirəcəyik. Bunun üçün çox çalışdıq, çox məsafə qət etdik. Bizi çətin oyun gözləyir. Çox güclü rəqibə qarşı oynayacağıq. Futbolçular bu oyuna çox ciddi hazırlaşıblar. Sabah maraqlı, çətin oyunun şahidi olacağıq. Ümid edirəm ki, sabah stadionda çoxlu azarkeş olacaq. Güclü qalib gəlsin”
- RFŞ “Sabah”la ilk oyunun ardından yerli çempionatda 7:0 hesabıyla qalib gəldi. Bu amil sizi çəkindirmir ki?- RFŞ çox güclü rəqibdi, ötən il Konfrans Liqasının qrup mərhələsində oynayıb, iki il əvvəl isə Latviya çempionu olub. Mənə görə, Latviyanın ən güclü komandası RFŞ-di. Ayrı-ayrı oyunlar üzrə dəyərləndirmək istəməzdim. Ümumi baxanda onu deyə bilərəm ki, rəqib çox güclü komandadı.
- Sabah “Partizan”dan (bu cütün qalibi növbəti mərhələdə Serbiya klubu ilə oynayacaq – red.) nəsə gizlədəcəksiz, yoxsa bütün gücünüzü qoyacaqsız?- Zarafat edirsiz? Necə belə sual vermək olar? RFŞ-lə şansımız 50-nin 50-yə nisbətindədi. Hansı “Partizan”?
- İlk oyunda inamlı qələbə qazandız. Sizcə, ilk oyunda qeydə alınan nəticə futbolçularda rahatlıq yaratmır? - Əsas məqsəd səhvlərdən nəticə çıxarmaq və oyunçularımızı matça düzgün kökləməkdi. 2:0 hesabı hələ heç nə demək deyil, heç nəyi həll etmir. Çünki buraxılacaq bir səhv hər şeyi tam dəyişə bilər. Ona görə də təmkinli olmalı, matça 100 faiz köklənməliyik.
- RFŞ ilk oyunda sizdən daha çox hücum etdi. Rəqibin itirəcək bir şeyi yoxdu. Çox güman, sabahkı matçda da açıq futbol oynayacaqlar. Bununla bağlı hansısa planınız varmı?- Əvvəla onu deyim ki, rəqib, demək olar, bütün təhlükələri standart vəziyyətlər zamanı yaratdı. Çünki ucaboy oyunçulara sahibdi. Sabah açıq futbol sərgiləmək istəsələr, buyursunlar, mən belə oyunu sevirəm. Ancaq yaxşı olardı ki, rəqibin sabah hansı oyuna üstünlük verəcəyi ilə bağlı sualı RFŞ-in baş məşqçisinə verəsiz.
- Mikelslə Apehin hazırlıq səviyyəsi necədi? Sabahkı matça hazırdılar?- Latviyadakı ilk oyundan öncə Mikelsin çox ağır olmayan zədəsi var idi. Məhz buna görə təlim-məşq toplanışındakı son yoxlama oyununda şans qazana bilmədi. RFŞ-yə qarşı ilk matçda yalnız 45 dəqiqə oynaya bildi. Lakin bərpa olunmaq üçün onun bir həftə vaxtı oldu. Apehlə bağlı isə heç bir problem yoxdu.
- Azarkeşlər həm sizinlə, həm də “Sabah”la bağlı xoş ifadələr işlədirlər. Klub olaraq əsas məqsədiniz nədi? - İlk məqsədimiz RFŞ-ni keçməkdi. Buna kimi heç nə barədə düşünmürük. “Partizan” barədə düşünmürük. Hazırda yalnız RFŞ-yə qarşı uğurlu nəticə əldə etmək barədə düşünürük. Rəhbərliklə belə bu məsələləri müzakirə etməmişik. Sabah bizim vacib matçımız var və bütün hədəflərimiz bu oyunla bağlıdı. Riqada azarkeşlərimizin dəstəyini hiss etdik. Həm Bakıdan bir çox azarkeş getmişdi, həm də orda yaşayan azarkeşlərimizdən çox böyük dəstək gördük. İnanıram ki, sabah azarkeşlər 12-ci oyunçumuz olacaq.
- "Sabah"ın baş məşqçisi yox, azarkeş və mütəxəssis kimi bu gün "Qarabağ" - "Rakuv" oyununda Ağdam təmsilçisinin şanslarını necə dəyərləndirirsiz? - "Qarabağ" yetərincə avrokubok təcrübəsi olan güclü komandadı. Səfərdə "Rakuv"a qarşı yaxşı oyun sərgilədilər. Sadəcə, müdafiəçilərlə qapıçının səhvindən 3 qol buraxdılar. Düşünürəm ki, doğma publika qarşısında "Qarabağ" daha yaxşı çıxış etməklə üstün olacaq. Təbii ki, Polşa təmsilçisi də zəif deyil, rəqibi düzgün qiymətləndirmək lazımdı.
Daha sonra rəqib komandanın baş məşqçisi Viktor Moroz jurnalistlər önünə çıxaraq matçla bağlı bunları dedi:
"Sabah"ın gücünü və bacarığını Riqada yaxşı gördük. Artıq rəqibi bir qədər də yaxşı təhlil etdik. Doğma publika önündə çıxışımız ümumi oyunun 1-ci hissəsiydi. Riqadakı matçı bir kənara qoymuşuq. Sabah rəqiblə duelimizin 2-ci hissəni keçirəcəyik. Əvvəlcədən də bilirdik ki, cütün taleyi Bakıda həll olunacaq. Bizim üçün rəqibin kimliyi vacib deyil. Hər kəsi tam ciddi qəbul edir, heç kimə də yuxarıdan aşağı baxmırıq. "Fiorentina" kimi iddialı komandayla da bir qrupda yer almışıq. Bir oyunda məğlub olmuşuq, digərində heç-heçə etmişik. Odu ki, "Sabah"la oyunda da sona qədər döyüşəcəyik. Amma rəqibə uduzsaq və mübarizəni dayandırsaq, bunu faciə saymayacağıq".
ABDULLA İSMAYILOĞLU