2022/23 mövsümü əvvəlkilərdən fərqli keçdi.
"Football-plus.az" xəbər verir ki, əsas fərq mövsümün Qətərdə keçirilən dünya çempionatına görə qeyri-bərabər şəkildə iki yerə ayrılması oldu. Bu səbəbdən baş məşqçilərin son bir ildəki fəaliyyətinə görə tərtib olunan reytinq cədvəllərində mundialın qəhrəmanlarına da yer ayrılması təbiidi. ESPN nəşri də dünya futbolunda son mövsümün ən yaxşı 10 mütəxəssisini müəyyənləşdirib. Amma siyahıda yerlərin bölgüsü ilə bağlı mübahisə etmək olar.
ESPN Qvardiolanı ən yaxşı saydı
Məşhur nəşrin tərtib etdiyi siyahı 50 jurnalist arasında keçirilən sorğunun nəticəsinə əsasən formalaşıb. Xosep Qvardiola son mövsümün ən yaxşı məşqçisi hesab olunub. “Mançester Siti” ilə “trebl”ə nail olan ispaniyalı çalışdırıcıdan sonrakı iki yeri Karlo Ançelotti (Real) ilə Luçano Spalletti (Napoli) tutub. Maraq üçün 4-10-cu yerlərə layiq bilinən mütəxəssislərin kimliyini də sıra ilə nəzərinizə çatdırırıq: Mikel Arteta (Arsenal), Yürgen Klopp (Liverpul), Lionel Skaloni (Argentina yığması), Erik ten Haq (Mançester Yunayted), Roberto De Zerbi (Brayton), Simone İnzaqi (İnter), Xavi Ernandes (Barselona).
Siyahıya nəzər salarkən bəzi mütəxəssislərin tutduğu yerlərə və ya “10-luğ”a düşə bilməyənlərə görə mübahisə mühiti yaranır. Axı Ançelottinin 2-ci yerə layiq bilinməsi və Kloppun dünya çempionu olan Skalonidən, Avropa Liqasında (AL) “Sevilya”ya böyük hesabla uduzan Ten Haqın Çempionlar Liqasının (ÇL) finalçısı İnzaqidən yüksək yeri tutması ilə necə razılaşmaq olar? Odu ki, ESPN-in reytinq cədvəlindən bir qədər fərqli siyahıya üstünlük verməyə məcburuq. Beləliklə...
1. Xosep Qvardiola
Bəli, sorğuda iştirak edən jurnalistlərin 1-ci yerlə bağlı ümumi mövqeyi ilə razılaşmamaq olmur. Zarafat deyil, Qvardiola MS ilə klub tarixinin ən uğurlu mövsümünü keçirdi: “şəhərlilər”lə premyer-liqanın, İngiltərə kubokunun və ÇL-in qalibi oldu. “Trebl” onu mövsümün gedişində qeyri-adi 3-2-4-1 taktiki sxeminə keçməsi ilə də zirvəyə yüksəltdi. Bura müdafiəçi Con Stounzdan dayaq yarımmüdafiəçisi, Cek Qrilişdən isə sol cinah vingeri kimi istifadə edilməsini də əlavə etmək olar. Əlbəttə, Qvardiolanın ESPN-nin sorğusunda ən yüksək yeri tutmasında yeni transfer Erlinq Holannın bombardirliyinin və bir neçə rekordu yeniləməsinin təsirini də qeyd etməliyik. Bir sözlə, kataloniyalı həqiqətən də son mövsümün ən yaxşısıdı.
2. Lionel Skaloni
Ortaya təbii sual çıxır: əsas favorit sayılmayan komandanı dünya çempionatında qələbəyə daşıyan mütəxəssis nə üçün 6-cı yerdə olmalıdı? Skaloni bir neçə il əvvəl az qala qəzada həlak olacaqdı. Gənc mütəxəssis İspaniyada velosiped sürərkən səriştəsiz avtomobil sürücüsü tərəfindən xəstəxanalıq edilmişdi. Amma Lionel sağ qaldı və argentinalılardan ibarət əsl kollektiv yaratdı. Nəticədə adaşı Lionel Messinin fantastik karyerası ərzində qazana bilmədiyi yeganə böyük titulu da onun üçün təmin etdi.
3. Luçano Spalletti
ESPN-in siyahısında 3-cü olan Spallettinin mövqeyi son mövsümdəki nəticəsinə uyğundu. O, “Napoli”ni əfsanəvi Dieqo Maradonanın dövründən – 33 ildən sonra İtaliya çempionluğuna daşıdı. Bilindiyi kimi, DÇ-1986-nın qəhrəmanı alkoqollu içkilərə, narkotiklərə aludəçiliyi və sevgililəri ilə yaşadığı qalmaqallarla zəngin həyatını 60 yaşında başa vurdu. Bu səbəbdən Neapoldakı böyük çempionluq şadyanalığı onsuz keçdi. Xviça Kvaratsxeliya, Viktor Osimhen, Covanni Di Lorentso və Aleks Meret bundan sonra həmişə ehtiraslı şəhərin arzulanan qonaqları sayılacaqlar. Spalletti də qəhrəmandı. Həm də hiyləgərdi. Axı o, rəhbərliyin klubun inkişafı ilə bağlı siyasətinə etiraz edərək Neapolu qalib kimi tərk edib.
4. Mikel Arteta
Gənc mütəxəssisin layiq olduğu yeri tutduğunu demək olar. Arteta premyer-liqada Qvardiolanın komandasına, AL-də isə “Sportinq”ə uduzdu. Amma onun “Arsenal”ı liderlər qrupuna qaytardığı dəqiqdi. “Topçular”ın onun başçılığı altında premyer-liqada toladığı xalların ildən-ilə necə artdığına baxaq: 61, 69, 84. Son üç mövsümdə komanda oyununda da yüksəliş nəzərə çarpır. Aleksandr Zinçenko ilə Vilyam Saliba londonluların oyununun yaxşıya doğru dəyişməsində rol oynadılar. Komanda uzun illərdən sonra ÇL-ə vəsiqə qazandı. Bu isə məşqçinin uğurudu.
5. Simone İnzaqi
Məlum olduğu kimi, “İnter” kubok yarışlarında uğur qazanmaq üçün A seriyasının son mövsümünü boşa verdi. Amma milanlıların İtaliya çempionatındakı çıxışında da məşqçi işi aydın görünürdü. İnzaqinin komandası superkubok uğrunda oyunda “Milan”a, ölkə kubokunun finalında “Fiorentina”ya qalib gəldi. ÇL-in İstanbuldakı finalında isə MS-dən oyun planında heç də geri qalmadı. Bir az bəxtləri gətirsəydi, milanlılar qalibin 30 dəqiqəlik əlavə vaxtda, ya da penalti seriyasında müəyyənləşməsinə də nail ola bilərdilər.
Əlbəttə, məhdud imkanlara malik olan “İnter” heyətinə görə “Real”la müqayisə oluna bilməz. İnzaqi oyunçuları itirən, amma gedənlərin yerinə layiqliləri gətirə bilməyən məşqçi kimi işləməyə məcbur idi. Bununla belə, döyüşkən komanda yarada bildi. Mövsümün gedişində vətənində həddən artıq tənqid olundu, bu gün-sabah istefaya göndəriləcəyi proqnoz verildi. Ancaq böyük təzyiqə tab gətirərək mövsümü iki titulla başa vurmağı bacardı.
6. Zlatko Daliç
Argentina yığması FİFA-nın sonuncu reytinq cədvəlində birinci yerdədi. Sonrakı yerləri Fransa, Braziliya, İngiltərə və Belçika tutur. 6-cı pillədə isə Xorvatiyadı. Balkanlılar iyunda keçirilən Millətlər Liqasının finalında İspaniyaya penalti seriyasında məğlub oldular. ????? Simon bu seriyadakı iki seyvi ilə pireneylilərə çempionluq bəxş etdi. Nəticədə Luka Modriç DÇ-2018-dən sonra damalı formada növbəti dəfə titul qazanmaq şansını əldən verdi. Buna baxmayaraq, ingilislər və fransızlar qədər yüksək səviyyəli oyunçu seçiminə malik olmayan Zlatko Daliçin çəkdiyi zəhmətin layiqli dəyəri verilməlidi. Amma onun adı ESPN-in siyahısında yoxdu...
7. Eddi Hau
PSJ və “Bavariya”nın çox zəngin olduğu hamıya məlumdu. Bu komandaların ötən mövsüm sərgilədiyi oyun çox mübahisə doğurdu. “Nyukasl” mövsüm ərəfəsində özünə sanballı sponsor tapdı və Eddi Haunun heyəti gücləndirmək üçün əla imkanı oldu. Amma “sağsağanlar” hələ ki “Çelsi” kimi klassik “pil kisəsi” sayılmırlar. Buna baxmayaraq, londonlulardan fərqli ÇL-ə vəsiqə qazandılar. “Nyukasl”ın klubun əvvəlki simic rəhbərliyinə görə çox səbr nümayiş etdirən fanatları indi sevinirlər. Hau komandada çox effektli işlər görə bilib. Və söhbət heç də yalnız Kiran Trippyerin sağ cinahdakı fantastik çıxışından getmir.
8. Roberto De Zerbi
Bu yerdə Qvardiolanın “Brayton”dan olan həmkarı haqqında fikirlərini xatırlayaq: “Roberto De Zerbi son 20 ildə ən nüfuzlu məşqçilərin siyahısına düşüb. O unikaldı. Premyer-liqaya yenicə gələrkən Robertodan müsbət nəticə gözləyirdim, amma onun qısa müddətdə bu dərəcədə effektli iş görəcəyini düşünmürdüm”.
İtaliyalı mütəxəssisin ötən ilin sentyabrında başına keçdiyi “Brayton”dakı fəaliyyəti diqqəti cəlb edir. ÇL-də oynamağa iddia etmək üçün büdcəyə malik olmayan klubun bir il ərzindəki inkişafı göz qabağındadı. Cəsarətli hücumameyilli futbol sərgiləyən “qağayılar” mövsümü 6-cı yerdə başa vuraraq AL-də oynamaq hüququ qazandılar. Amma De Zerbini yeni mövsümdə daha çətin işlər gözləyir. Artıq argentinalı yarımüdafiəçi Aleksis Makallisteri “Liverpul”a satan rəhbərliyin bu mövqedə oynayan ekvadorlu Moyses Kaysedonu qorumaq ehtimalı azdı.
9. Xavi Ernandes
“Barselona” AL-in pley-off mərhələsində MY-yə məğlub oldu (2:2, 1:2). Əlbəttə, mübarizəni bu mərhələdə dayandırması İspaniya nəhəngi üçün uğursuzluq sayıldı. “Barselona” bir il əvvəl ciddi maliyyə çətinlikləri ilə üzləşsə də, heyətini az-çox gücləndirməyi bacardı. Robert Levandovskinin “Bavariya”dan Kataloniyaya gəlməsində Xavi Ernandesin böyük rolu oldu. “Neqreyra işi” ilə bağlı qalmaqal mövsüm ərzində komandanın başı üzərində “Damokl qılıncı”na çevrildi. Buna baxmayaraq, Ernandesin komandası əzəli rəqib “Real”ı arxada qoyaraq La Liqanın çempionu oldu.
Doğrudu, “Barselona” mövsümboyu heç də əla təsir bağışlamadı. ÇL-də qrup mərhələsini aşa bilməməsi Xavini gərgin vəziyyətə saldı. Bu baxımdan çətinliyi Kloppun “Liverpul”da, Tomas Tuxelin isə “Bavariya”da üzləşdiyi təzyiqdən betər oldu. Amma yekun nəticəyə baxsaq, 43 yaşlı mütəxəssisin əsas hədəfə çatdığını görərik. Kataloniyalılar məhz onun sayəsində 4 ildən sonra çempion oldular.
10. Karlo Ançelotti
Mövsümün ən yaxşı məşqçilərini sıralayarkən komandaların imkanlarına və səviyyəsinə yox, məşqçilərin gördüyü işə ciddi nəzər yetiririk. Nəzərinizə təqdim etdiyimiz “10-luq” mövsüm ərzində həqiqətən də az-çox uğurlu işlər görüb. Amma bir çox məşhurların bacardığından aşağı səviyyədə nəticə göstərdikləri faktdı. ESPN-in siyahısında Ançelottinin 2-ci yeri tutması onun bir çox həmkarları üçün ələ salmaq kimi görünür. Dahi italiyalı son mövsümdə “Real”la Avropa Superkuboku, Klublararası Dünya Çempionatı və İspaniya kubokunun qalibi oldu. Bu titullar isə “kral klubu”nun ilk növbədə can atdığı hədəflər deyil. Amma hər halda mövsümü 3 kubokla başa vurması 64 yaşlı don Karlonun “10-luğ”a layiq olduğuna işarədi.