“Neftçi”də qeyri-müəyyənlik davam edir. Komanda iyunun 21-dən təlim-məşq toplanışına başlasa da, kollektivə rəhbərlik edəcək baş məşqçi yoxdu.
İyulun 1-də isə “ağ-qaralar” Rusiyaya yollanacaq. Flaqman toplanışın 2-ci mərhələsini orda keçirəcək və “Match TV” kubokunda iştirak edəcək. Lakin flaqman bu turnirə, ümumiyyətlə, Konfrans Liqasına baş məşqçisiz hazırlaşır. Nonsens!
Vallah, belə şey heç yerdə görünməyib. Deyəsən, yeni mövsümdə də azarkeşlər “Neftçi”nin nəticələrinə görə əsəb keçirəcəklər. Başverənlər bunu deməyə əsas verir. 3 gün öncəyə kimi hamı – fanatlar, jurnalistlər, futbol ictimaiyyəti “ağ-qaralar”ın gələcəyinə ümidlə baxırdı.
Bir çoxları düşünürdü ki, vəssalam, komanda əvvəlki əzəmətini qaytarır! Çünki Sərgən Yalçınla bağlı elə şou tərtib olunmuşdu ki, belə düşünməməyimiz günah olardı. Türkiyəli mütəxəssis xüsusi təyyarə ilə İstanbuldan Bakıya gətirildi. Qardaş ölkə mediası, sosial şəbəkə layihələri onun gəlişi ətrafında maraqlı reportajlar, süjetlər hazırladı. Axırda bəlli oldu ki, tərəflər anlaşmayıb. Bu məsələ ətrafında iki fikir formalaşıb. Ya Sərgən SOCAR rəhbərliyini yola verib, ya da flaqmanın əsas sponsoru uğursuzluqdan ehtiyatlanaraq türkiyəli mütəxəssisin böyük istəkləri ilə razılaşmayıb. Axı məşqçi qərarından necə dönə bilərdi? Deyilənlərə inansaq, Bakıdakı görüşdən öncə “Fənərbaxça” rəhbərliyi onunla əlaqə quraraq “Neftçi”nin təklif etdiyi şərtləri yerinə yetirə biləcəklərini deyib. Yalçın da İstanbul nəhəngində işləməyi daha üstün sayaraq SOCAR rəhbərliyi qarşısında Azərbaycan reallığından uzaq şərtlər irəli sürüb.
Əslində bu ola biləcək məsələdi. Bəli, Sərgən bəy yaxşı məşqçidi. Amma o, ən böyük uğurunu “Beşiktaş”ın baş məşqçisi olarkən əldə edib. Həmin il “qara qartallar”ın heyətində kimlər yox idi?! Gəlin indi fərqli düşünək. Yalçın “Neftçi”yə gəlib uğursuzluqla üzləşsəydi, nüfuzuna zərbə dəyəcəkdi. Ən azı Türkiyədə “Azərbaycanda çempion ola bilməyən məşqçi böyük klublarda heç nə edə bilməz” düşüncəsini formalaşacaqdı. Bundan əlavə, təbii ki, “Fənərbaxça”ya rəhbərlik etmək onun üçün daha rahatdı. Əli Koç komandanın çempion olması üçün hər şey etmək potensialındadı. Çünki azarkeşlər uğursuzluqlardan boğaza yığılıb. Bunları nəzərə alan Yalçın da, təbii ki, “Neftçi”yə ehtiyat variant kimi baxacaq.
Gəlin, ikinci məqama diqqət yetirək. Tutaq ki, Yalçın “Neftçi”nin 2 milyon avroluq təklifi ilə razılaşdı. Guya bununla iş bitəcək? Yəni həqiqətən şirkət rəhbərliyi düşünür ki, bu heyətlə çempion olmaq, “Qarabağ”ın hegemonluğuna son qoymaq mümkündü? Bəs nə üçün Regekampf bunu bacarmadı? Etiraf edək ki, rumıniyalı mütəxəssis Sərgən Yalçından daha təcrübəlidi - ölkəsində 2 dəfə superliqanın, 1 dəfə kubokun, 1 dəfə isə superkubokun qalibi olmuşdu. Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıb. Asiya Çempionlar Liqasının finalçısı olub.
Bunları nəzərə alanda, rumıniyalı mütəxəssisi Yalçından daha güclü saymaq olar. Amma o da “Neftçi”ni özünə gətirə bilmədi. Alınmazdı da. Çünki illərdi flaqmanda sol və sağ cinah müdafiəçi problemi var. Məşqçilər qalıb Azər Salahlı, Ömər Buludov və İsmayıl Zülfüqarlının ümidinə. Hətta Regekampf Kenni Sayeflə Azər Əliyev kimi hücum potensialı daha yaxşı olan futbolçuları müdafiədə oynadırdı. Bundan əlavə, “ağ-qaralar” özünə normal hücumçu tapa bilmir. Altı aydan bir kimsə “Neftçi”yə gəlib-gedir. “Ağ-qaralar”ın yerli futbolçu çatışmazlığı da var. Düzdü, Emin Mahmudov, Eddi İsrafilov, Azər Əliyev kimi oyunçular var. Amma onlar da ümumi çatışmazlıqların fonunda itib-batırlar.
Bu qədər problemləri olan komandanı indiki məqamda hansısa məşqçi ancaq əsas rəqiblərin büdrəməsi fonunda çempion edə bilər. Avrokuboklarda uğur qazanmaq isə alınmaz. Təbii ki, bunları Sərgən Yalçın da bilir. Onun da SOCAR rəhbərliyinin tələbləri qarşısında müəyyən futbolçuların transfer edilməsini istəməsi normal haldı. Həmin oyunçuların da ümumi dəyəri 7-8 milyon avro olanda işlər qarışır. Yəni bir mövsüm ərzində komandaya ümumilikdə 20 milyon manata yaxın maliyyə ayırıb, sonradan uğursuzluqluqla üzləşmək, sadəcə, biabırçılıq olacaq. SOCAR rəhbərliyi də yəqin ki, bunu anlayaraq Sərgən Yalçın variantından əl çəkib...
İndi də Hikmət Karamanın “Neftçi”yə gələcəyi deyilir. Mütəxəssis flaqmanın onunla maraqlandığını yerli mediaya açıqlamasında təsdiqləyib. Türkiyəli “ağ-qaralar”da nəticə əldə edəcək potensialdadı? Yox! Gəlin, 63 yaşlı çalışdırıcının CV-sinə baxaq. Yalnız “Çaykur Rizəspor”da 4 mövsüm çalışıb. Burda da böyük uğur əldə edə bilməyib. Digər klubların hamısında cəmi 1 mövsüm işləyib. 18 ildi məşqçi karyerasına başlayan mütəxəssis ümumilikdə 16 komandaya rəhbərlik edib. Yəni həqiqətən düşünürsüz ki, belə bir çalışdırıcı “Neftçi”də uğurlar əldə edəcək? Sadəlövh olmayaq. Ondansa, yerli mütəxəssislərdən biri ilə razılaşaraq onun üçün normal komanda formalaşdırmaq daha məqsədəuyğundu. Heç yerli məşqçiyə milyonlar xərcləməyə də ehtiyac olmayacaq...
Bir sözlə, “Neftçi”nin işi qəlizdi. Bir neçə gün ərzində yeni baş məşqçi təyin olunmasa, vəziyyət daha da pisləşəcək. Çünki yeni komanda qurulmalıdı, çalışdırıcı fəlsəfəsini futbolçulara aşılamalıdı. Ən əsası, “Neftçi” yeni mövsümə tam hazır olmalıdı. “Match TV” kuboku o qədər də vacib deyil. Amma Konfrans Liqasında və 2023/24 mövsümündə ehtimal olunan uğursuzluq böyük əks-səda doğuracaq...
İLKİN SULTANLI