Yeni mövsümə hazırlığını davam etdirən ''Fənərbaxça'' bu gün toplanış üçün Avstriyaya yollanıb.
İstanbul nəhəngi burda iyulun 8-də ''Admira'', 11-də ''Poqon'', 14-də LASK ilə qarşılaşacaq. Bu arada komandanın toplanışa yollandığı heyətlə bağlı məlumat var.
İlk növbədə Türkiyə yığması ilə DÇ-2026-ya yollanan 7 futbolçunun tətilini başa vuraraq düşərgəyə qoşulduğunu bildirək. Söhbət Çağlar Söyüncü, İsmayıl Yüksək, Kərəm Aktürkoğlu, Oğuz Aydın, İrfan Can Kahveci, Mərt Müldür və Mərt Günokdan gedir.
İrfan Can ötən mövsümün ikinci dövrəsini ''Kasımpaşa''da icarədə keçirmişdi. Tibbi müayinədən keçən bu futbolçular komanda ilə birlikdə Avstriyaya yollanıb.
Bundan başqa heyətdə Dieqo Karlosun da yer alması diqqət çəkir. Daha öncə klubdan verilən açıqlamada bildirilmişdi ki, Karlos düşərgəyə qoşulmaqdan boyun qaçırır. O əslində iyunun 23-dən etibarən məşqlərdə iştirak etməli idi.
Xatırladaq ki, braziliyalı müdafiəçi ötən mövsümü ''Komo''da icarədə keçirərək çox yaxşı performans sərgilədi. Amma tarixində ilk dəfə ÇL-ə vəsiqə qazanan ''Komo'' bu futbolçunu daimi əsasda transfer etməkdən vaz keçdi.
Bundan başqa zədəsi tam sağalmayan Nene Dorgeles də heyətdədi. Amma bu futbolçu Avstriya toplanışında daha çox fərdi və xüsusi məşq proqramı üzrə çalışacaq.
Bu arada Fredin İsmayıl Kartal ilə söhbət etdikdən sonra komandada qalmağa qərar verdiyi məlum olub.
Böyük pullar qarşılığında transfer edilməsinə baxmayaraq ümidləri doğrultmayan Sidiki Şerif isə karyerasını Almaniyada davam etdirə bilər. ''Hamburq'' onu icarəyə götürmək istəyir. Kartal gənc oyunçunun inkişaf etməsi və təcrübə toplaması üçün onun icarəyə verilməsinin əleyhinə deyil. Qışda transfer edilən Şerif 16 oyunda cəmi 3 qol vura bilib.