Paraqvay çirkli oyunu heç bir işə yaramadı - ''Əksinə biz onları əsəbləşdirdik''

5.07.2026 15:58 28
Dünya futbolu
DÇ-2026-nın 1/8 finalında Fransa Paraqvay ilə qarşılaşdı.

Bundan əvvəlki mərhələdə Almaniyanı mübarizədən kənarlaşdırmaqla hamını təəccübləndirən Paraqvayın bu dəfə sürprizə gücü çatmadı. Oyun çox gərgin, sərt və kobud keçdi. Rəqibin tempinə və səviyyəsinə eyni şəkildə qarşılıq verməkdə çətinlik çəkən cənubi amerikalılar belə demək mümkünsə, çox çirkli futbol sərgilədilər.

Ən maraqlısı odu ki, Paraqvay oyunu 13 qayda pozuntusu ilə tamamlasa da, komandanın heç bir üzvünə sarı vərəqə göstərilmədi. Halbuki ən azı iki epizodda nəinki sarı, hətta qırmızı da göstərmək olardı. Əvəzində fransızlar oyunboyu 11 qayda pozuntusuna əl atsalar da, onlara 3 sarı vərəqə göstərildi. Özbəkistanlı hakim İlgiz Tantaşev bu üzdən matçın ən çox müzakirə edilən simalarından biri oldu.

Oyunun taleyini isə Kilian Mbappe həll etdi. O, 70-ci dəqiqədə VAR-ın müdaxiləsindən sonra qazanılan penaltini dəqiq yerinə yetirdi. DÇ-lərdə ümumilikdə 19-cu qolunu vuran Mbappe Lionel Messi (20) ilə fərqi 1 qola endirdi. Bundan başqa Mbappe DÇ-nin pley-offlarında 11-ci qolunu vurmaqla özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı.

Bu turnirdə 7 qolla Messi ilə birlikdə bombardirlər yarışına başçılıq edən Mbappe oyunda sonra rəqibin sərt oyunu mövzusunda diqqətçəkən acıqlamalar verərək bunları dedi:

''Bizi necə oyun gözlədiyini bilirdik. İşimizin öhdəsindən yaxşı gəldik. Göstərdik ki, həm hücum futbolu oynaya bilirik, həm də lazım gəldikdə əlimizi zibilin içinə də salmağa hazırıq. Rəqib düşünürdü ki, biz oyuna kostyumda çıxacağıq və mübarizə aparmayıb yalnız gözəl futbol sərgiləməyə çalışacağıq. Amma çirkli futbol da oynamağı bacarırıq. Hətta bu baxımdan da onları üstələdik. Bu, onların oyun tərzidi. Hər kəs öz bacardığı kimi oynayır. Düzgün və ya yanlış oyun tərzi yoxdu. Futbolda ən vacib şey qələbə qazanmaqdı. Onlar bizi bu yolla əsəbləşdirməyə çalışırdılar. Ancaq əksinə biz onları əsəbləşdirdik. Artıq Mərakeş ilə oyun haqda düşünə bilərik''.