Son olaraq Niderland yığması və ''Mançester Siti''nin üzvü Natan Akeni heyətinə qatmaqla diqqət çəkən ''Fənərbaxça'' ilə bağlı yeni mühüm bir transfer iddiası ortaya atılıb. Türkiyəli insayder Yağız Sabuncuoğlunun paylaşdığı məlumata görə ''Fənər'' ''Marsel''in üzvü Meyson Qrinvud uğrunda mübarizədə ''Roma''nın önünə keçib və transferi bitirməyə yaxındı. Hətta təklifin 50 milyon avro civarında olduğu və iki yönəticinin danışıqları başa çatdırmaq üçün Fransaya yollandığı bildirilib. Ancaq klub rəsmi şəkildə bu iddianı təkzib edib. ''Fənər''in bəyanatında qeyd olunub ki, Yağız Sabuncuoğlunun xəbəri yalandı və klubun heç bir rəsmisi hazırda Fransada deyil. Qeyd olunub ki, klubdan rəsmi açıqlama gəlməyənə qədər fanatlar dedi-qodulara inanmasınlar. Meyson Qrinvud bir müddət öncə seçkilərdə Əziz Yıldırımın əsas rəqibi olan Hakan Safi ilə anlaşaraq ''Fənər''ə gəlməyə razılıq vermişdi. Ancaq bilindiyi kimi Safi seçkilərdə Yıldırıma məğlub oldu. Bu üzdən ''Fənər''in Qrinvuda marağı azaldı. İngiltərəli vinger uğrunda mübarizədə ''Roma'' favoritə çevrilsə də, italyanlar bu transferi hələ də tamamlaya bilməyib.