Bugünlərdə Jorj Kaşkilya ilə vidalaşan "İmişli"də "yarpaq tökümü" davam edir.
Aran təmsilçisinin portuqaliya mütəxəssislə yolları ayırmasının ədalətsiz qərar olduğunu yazmışdıq. Çünki premyer-liqa debütantının mövsümü 9-cu pillədə tamamlayacağını, demək olar, heç kim təxmin etmirdi. Lakin Kaşkilya minimum imkanlardan maksimum yararlandı.
İş ondadı ki, "pələnglər" hədəfə çatan, ümidləri doğruldan futbolçuların da günahını alır. Daha doğrusu, klub mövsümlərarası fasilədə nə az, nə çox 10 futbolçuyla - Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Andrey Sinenka, Rafael Vieqaş və Hüseynəli Quliyevlə vidalaşıb. Əlbəttə, onların hər birinin komandanın premyer-liqadakı yerini qoruyub-saxlamasında müstəsna əməyi var. Axı təkcə "İmişli"nin ev oyunlarını doğma məkanda yox, Qubada - kələ-kötür, palçıqlı stadionda keçirməsi haqda fakt bəs edir ki, həmin oyunçuların hansı çətinliklərə rəğmən, döyüşdüyünü təxmin edək.
Aran təmsilçisinin çatışmazlıqları bununla yekunlaşmır. Komanda çoxsaylı ayrılıqlar fonunda cəmi bir transfer edib. 1-ci liqada iştirak edən MOİK-dən Seyxan Fərəcov alınıb. Həmçinin, "pələnglər"in yeni baş məşqçisi hələ bugünlərdə bilinib. Ev oyunlarının harda olacağı isə hələ də açıqlanmayıb. Görünür, yeni çalışdırıcı Fərid Namazovun sınağı daha çətin olacaq.
Hər halda, "İmişli" bu qədər günah almaqla xoşbəxtliyə çata bilməz. Nə deyək? Babalı başbilənlərin boynuna!
KƏNAN BAHADIR