2022-ci ildə Azərbaycan futboluna “Neftçi” vasitəsi ilə qədəm qoyan Yeqor Boqomolskinin ağ-qara formada ümidləri doğrultduğunu demək çətindi – 67 oyunda 6 qol hücumçuya yox, yarımmüdafiəçiyə layiq olan göstəricidi. Sonra Rəşad Sadıqov onda hansısa keyfiyyət görüb, “Zirə”yə apardı.
Prinsipcə “qartallar”ın heyətində də özünü yaxşı göstərmədi – 19 oyun, 1 qol. Ardından belaruslu hücumçu Rusiya çempionatının 1-ci liqasında mübarizə aparan “Ural”a icarəyə verildi. “Ural” mövsümü 3-cü yerdə bitirdi, keçid oyunlarında “Dinamo-Mahaçqala”ya iki dəfə uduzmaqla elitaya vəsiqə qazana bilmədi. Yeqor yeni komandasının heyətində 10 oyuna çıxdı, 1 qol da vurmadı. İndi isə icarə müddəti bitib və “Zirə”yə qayıdıb.
Deyəsən, belaruslu futbolçu, nəhayət, özünə gəlib. “Zirə”nin mövsümlərarası dövrdə keçirdiyi 4 oyunda (Qarabağ, Novbahor, Iğdır, Fatik Karagamrük) artıq 4 qol vurub. Belə çıxır ki, komandanın Konfrans Liqasında – “Topredo” ilə oyunlarda əsas qol ümidi məhz Boqomolski olacaq. Düzdü, heyətdə Davit Volkov da var, üç mövqedə oynaya bilən Ərən Aydın da var, mərkəz hücumçusu kimi oynaya bilən Junior Martins də. Ancaq yenə də Sadıqovun əsas ümidi Yeqordu.
Mənə elə gəlir ki, qarşıdakı avrokubok oyunları onun üçün özünüsübut baxımından bəlkə də son şansdı.
ORXAN