Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi

4.07.2026 14:00 66
Aktual / Ölkə futbolu
Xəbər verdiyimiz kimi, oktyabrın 22-31-i aralığında Bakıda U-15-lər arasında dünya çempionatı keçiriləcək. Ancaq Azərbaycandan asılı olmayan səbəbdən turnir ətrafında böyük bir qalmaqal yaranıb.

Məsələ ondadı ki, FİFA Rusiya komandalarını Ukraynadakı hərbi əməliyyatlardan sonra beynəlxalq yarışlardan kənarlaşdırandan bəri ilk dəfə bu ölkənin təmsiçiləri yolunda “yaşıl işıq yandırılıb”. Bu qərar Avropada çaşqınlığa səbəb olub.

“Politico”nun məlumatına görə, Avropa Parlamentinin 44 üzvü FİFA-ya birgə məktub yazaraq qurumun prezidenti Canni İnfantinodan Rusiya futbolçularının dünya çempionatında iştirakına icazə vermək qərarını ləğv etməyə çağırıb.

Məktubda deyilir:

"Biz FİFA-nı sülh tərəfdarı olmağa və təcavüzkar Rusiyaya himayədarlıq etməməyə çağırırıq".

Avropalı parlamentarilər iddia edirlər ki, Rusiyanın iştirakına icazə verilməsi FİFA-ya üzv olan digər ölkələrinin yarışı boykot etməsinə səbəb ola bilər və onlar bunu “tam anlaşılan mövqe” adlandırırlar.