
"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək
“Neftçi” 2022/23 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.
“Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq. Ayın 1-də qonşu ölkəyə yollanacaq komandanın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər hələlik dəqiqləşməyib.
Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.
“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21.30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21.00-da “Bakcell Arena”da keçiriləcək.