Vaxtilə "Bakı", "Rəvan", "Xəzər Lənkəran" və "Sabah" kimi elita klublarında oynayan Tural Qürbətovun karyerası istədiyi kimi alınmadı.
Hücumçu hazırda Region Liqasında çempionluğa iddialı "Füzuli"nin şərəfini qoruyur. 30 yaşlı futbolçu burda məhsuldarlığı ilə diqqəti çəkir. Bütün bunları nəzərə alıb onunla söhbətləşdik.
- Həm premyer-liqada, həm də 1-ci divizionda çıxış etmisən. Hazırda Region Liqasında top qovmağı geriləmə saymırsan?
- Bir futbolçu elitada oynayıb sonra aşağı liqalarda çıxış edirsə, birmənalı şəkildə bu enişdi. Amma 1-ci divizionla Region Liqası arasında böyük fərq görmürəm. Əksinə, bura daha maraqlıdı. 1-ci diviziondan təkliflərin olmasına baxmayaraq, Region Liqasını üstün tutdum.
- Bu mövsüm "Füzuli"də parlaq çıxış edirsən. 20 qolla komandan ilə yer aldığınız qrupun və turnirin bombardirlərindənsən...
- Bombardirlik iddiam yoxdu. Əsas "Füzuli"nin uğurudu. Komandamın çempion kimi 1-ci divizionda çıxış etməsini çox istəyirəm. Ona görə də qol vurmaqdan çox, komandamın uğurunda pay sahibi olmaqda maraqlıyam.
- Heyətiniz əsasən təcrübəli futboçulardan qurulub. Bu məqam sənə ayrıca motivasiya verir?
- Bəli, heyətimizdə təcrübəli futbolçu çoxdu. Səmimi deyim ki, onlar hamıdan çox qaçır və fayda verir. Məsələn, ən təcrübəlimizi - 44 yaşlı Ruslan Poladovu götürək. Bəziləri deyir ki, bu yaşda necə futbol oynaya bilər? Mən onu yaşlı saymıram, cavan kimi görürəm (gülür). Ruslan qardaşımızın həm sərgilədiyi oyun, həm təcrübəsi, həm də meydandan kənarda göstərişləri bizim üçün çox faydalıdı. Sözümün canı odu ki, təcrübəli futbolçular həm "Füzuli"nin gücünə güc qatır, həm də başqa oyunçular üçün motivasiyadı.
- “Bakı”, "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz" kimi elita klublarında oynamısan. Güclülər dəstəsindən maraqlananlar var?
- Elita klublarından təklif almamışam. Amma 1-ci diviziondan məni heyətinə cəlb etmək istəyənlər olub. Elə indi də var. "Kəpəz" premyer-liqaya vəsiqə qazanmamış yenidən dəvət göndərmişdi. "Zaqatala" da məni heyətində görmək istəyirdi. Başqa klublar da var idi. Amma 1-ci divizionda perspektiv görmədiyimə görə orda çıxış etmək istəmədim. Perspektiv deyəndə, daha çox Gəncə təmsilçisini nəzərdə tuturam. "Sarı-göylər"in heyətində iki il oynadım. Hər dəfə də söz verirdilər ki, elitaya yüksələcəyik. İki mövsüm "Kəpəz"in elitaya çıxmadığını görəndən sonra ayrıldım. Divizionun başqa təmsilçilərində çıxış etsəydim də, həmin ssenari olacaqdı.
- Türkiyədə legioner həyatının uğursuz alınmasının səbəbi nə idi?
- Samsunun "Atakum Bələdiyəspor" klubuna böyük ümidlərlə getmişdim. Orda kayeramın alınmamasının iki səbəbi var. Aldığım zədə və tez-tez məşqçi dəyişikliyi. Zədəyə görə iki ay yaşıl meydandan uzaq qaldım, sonra da forma yığmaqda çətinlik çəkdim. Klubda olduğum müddətdə 2 dəfə məşqçi dəyişdi. Hər yeni gələn də istəyinə uyğun transferlər edərək fərqli heyət qururdu. Ona görə Samsun təmsilçisində uğursuzluğa düçar oldum.
- Türkiyədə başqa kluba keçə bilməzdin?
- İzmir komandası vardı, məni heyətinə cəlb etmək istəyirdi. Amma həmin vaxt 1-ci divizionda yarışan "Xəzər" daha yaxşı təkliflə çıxış etdi və yenidən vətənə qayıtdım. Adı çəkilən komandada 6 ay oynadım və 1-ci divizionda çempion olduq. Ondan sonra elitaya yeni vəsiqə qazanan "Sabah"a keçdim və orda da 6 ay çıxış etdim. "Sabah"dan sonra "Şüvəlan" və MOİK-də oynadım. Sonra ilyarım yenidən "Kəpəz"də çıxış etdim. "Cəbrayıl"ın formasını geyib çempion oldum. Komandanın 1-ci diviziona çıxışına icazə verilməyəndən sonra bir çoxları kimi, mən də klubu tərk etdim.
- Gəl, bir az da premyer-liqadan danışaq. Çempionatın səviyyəsi yüksəlib?
- Güclülər dəstəsinin səviyyəsi aşağıdı. Bizim vaxtımızda "Bakı", "Xəzər Lənkəran", "Karvan", hazırda "Şamaxı" adı ilə çıxış edən "İnter" var idi. Sadaladığım komandalar premyer-liqaya rəng qatırdı. Çempionluq uğrunda bir neçə komanda mübarizə aparırdı. Amma hazırda hamı əvvəlcədən bilir ki, "Qarabağ" 1-ci olacaq. Çünki qarşısını alan komanda yoxdu.
- "Bakı"nın yetirməsisən. Paytaxt təmsilçisinin məhv olmasına üzüldün?
- "Bakı"nın dağılması məni çox məyus etdi. Təsəvvür edin, komandanın yaxşı bazası, akademiyası var idi. Klubun süqut etməsiylə nə qədər gənc futbolçunun karyerası batdı. Başqa klublara keçənlər oldu, qalanları itib-batdı. Fikrimcə, “Bakı”nın süqutu ölkə futboluna ciddi zərbə vurdu.
- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən sonuncu yeri tutan komanda elitanı tərk edəcək. Həmçinin iddialar var ki, növbəti mövsüm çempionatda 12 komanda olacaq. Bu barədə fikrin necədi?
- Premyer-liqada 12 komanda belə azdı, daha çox komandanın çıxışı təmin olunmalıdı. Elita təmsilçiləri nə qədər çox olsa, kənarda az futbolçu qalacaq. Ona görə də ölkə futbolunun inkişafını istəyiriksə, mütləq komandaların sayı artırılmalı, dağılan klubların fəaliyyəti bərpa edilməli, 1-ci divizionun səviyyəsi yüksəldilməlidi.
- Qayıdaq "Füzuli"yə. Pley-offda "Qusar"la səfərdə heç-heçə etdiz. Cavab oyununda mərhələ keçəcəyinizə inanırsan?
- "Qusar"la görüşün çətin keçəcəyini bilirdik. Oyun istədiyimiz kimi getmədi. Çoxlu imkanı boşa verdik. Rəqib isə bir real qol vəziyyəti yaratmaqla qapımıza yol tapdı. Amma nikbinəm. İnanıram ki, komandamız cavab oyununda daha yaxşı çıxış etməklə mərhələni keçən tərəf olacaq. Təəssüf ki, mən iştirak edə bilməyəcəm. Çünki hazırda çimərlik futbolu yığmamızın toplanışındayam.
- Orda vəziyyət necədi?
- Hər şey qaydasındadı. Bu ildən milli komandaya qoşulmuşam. Özümü burda sınayaraq yaxşı nəticələr göstərmək istəyirəm. Gözəl, mehriban kollektivimiz var. Çimərlik futbolu millimiz dünyada məşhurdu. Avropa çempionatına vəsiqə qazanmışıq. İnşallah, ölkəmizi layiqincə təmsil edib, uğurlu nəticə qazanmağı hədəfləyirik.
- "Füzuli" Region Liqasında çempion olmasa belə, 1-ci divizionda çıxış etməyə layiqdi?
- Əlbəttə. Tək biz yox, Region Liqasının digər iddialı təmsilçiləri də 1-ci divizionda oynamağı haqq edir.
ABDULLA İSMAYILOĞLU