“Bu ayrılıq deyil, xəyanətdi” – Azərbaycan klubundan 11 futbolçu getdi, prezident coşdu

8.10.2025 20:47 217
Manşet / Müsahibə
Mövsümə elə də pis başlamayan “Quba”da problemlər səngimək bilmir.

“Ağdaş”la 2:2 bitən oyundan sonra klub prezidenti Ayaz Abdullayevin “xoşu gəlməyən bazanı tərk etsin” deməsi üzündən komandada aləm bir-birinə dəydi. Ötən həftə Ayaz bəylə əlaqə saxladıqda hər şeyin qaydasında olduğunu, iki-üç futbolçunun ayrıldığını bildirmişdi.

Amma vəziyyət dəyişdi, artıq komandanı yumruq kimi saxlayan baş məşqçi Elvin Həsənov da yoxdu. Odu ki, yenidən Ayaz Abdullayevlə söhbət etməyə ehtiyac yarandı.

- Komanda hazırda baş məşqçisizdi. Yeni baş məşqçinin kimliyi bəllidi?
- Bu aralar çətin dönəmdən keçirik. Ümid edirəm ki, hər şey yoluna düşəcək. Bəli, Elvinlə yollarımızı ayırdıq. Bir neçə variantımız var. Danışıqlar gedir. Qarşıdakı günlərdə bəlli olacaq.

- Komandaya yeni futbolçular cəlb olunması planınızda var?
- Əlbəttə. Yeni transferlərimiz də olacaq. “Xankəndi” ilə oyuna maksimum dərəcədə hazırlaşmaq istəyirik. Mövcud futbolçularımız məşq edirlər, hazırlaşırlar.

- Sirr deyilsə, artıq neçə futbolçu komandadan ayrılıb?
- Bu ayrılmaq deyil, xəyanətdi. Bu, komandaya, futbola xəyanətdi. Futbolun adına ləkədi. Hər şey qaydasında ola-ola, hər kəs vaxtında maaşını ala-ala, hər şey ideal vəziyyətdə olduğu halda, komandadan ayrılıblar. Bunun adı ayrılıq deyil, xəyanətdi. Başqa adı da yoxdu.

- Neçə futbolçu?
- 11 futbolçu. Artıq 11 futbolçumuz yoxdu.

MÜZƏFFƏR QULUZADƏ