“Qalatasaray” bu mövsümdəki transferləri ilə yaxşı mənada təəccübləndirməyi bacarır.
"Football-plus.az" xəbər verir ki, mövsümün əvvəlində İkardi, Mertens, Torreyra, Mata kimi tanınmış oyunçuları heyətinə qatan İstanbul nəhəngi qışda 15 milyon avro qarşılığında “Roma”dan Nikolo Zanyolonu transfer etdi və onunla 2027-yə qədər müqavilə imzaladı. Bu məbləğ hissə-hissə ödəniləcək. Halbuki bu istedadlı italiyalı yarımmüdafiəçiyə bir çox önəmli klub maraq göstərirdi. Debüt oyunundaca qol hesabını açan 23 yaşlı Zanyolo bugünlərdə İtaliyanın “Qazetta dello Sport” nəşrinə verdiyi müsahibədə “Roma”da yaşadıqları və gələcəyi ilə bağlı maraqlı ifadələr işlədib.
- “Qalatasaray”la müqaviləndə 30 milyon avroluq təzminat maddəsi mövcuddu. “Milan” və “Yuventus” hələ də sənə ciddi maraq göstərir. Yaxın müddətdə İtaliyaya qayıtmağın mümkündümü?
- Dərhal bu mövzu haqda danışmağımı istəyirsiz? Təbii ki, Türkiyədə müqaviləmin sonuna qədər, yəni 5 il qalacağıma zəmanət verə bilmərəm. Amma bir məqam dəqiqdi ki, burda olduğum müddətdə əlimdən gələni edəcəm.
- “Fənərbaxça”nın sənə daha çox pul təklif etməsinə rəğmən, “Qalatasaray”ı seçməyin doğrudumu?
- Bəli. Çünki Türkiyədən mənimlə ən birinci əlaqə saxlayan məhz “Qalatasaray” rəsmiləri olmuşdu. Mən də onlara söz vermişdim.
- Türkiyəyə yollanarkən içində bir tərəddüd var idimi?
- Xeyr. Son dönəmlərdə yalnız meydandan kənar olaylar yaşayırdım. Artıq meydana qayıtmaq vaxtı idi. Əvvəlcə Serxio Oliveyra ilə əlaqə saxladım. Onunla ötən mövsüm “Roma”da birlikdə oynamışdıq və münasibətlərimiz yaxşı idi. Mənə “Qalatasaray”da gözəl ab-havanın olduğunu, üstəlik Türkiyədə çox rəqabətli çempionatın olduğunu dedi. Sonra bir neçə il öncə “Qalatasaray”da işləmiş Roberto Mançiniyə zəng vurdum. O da bu transferin karyeram baxımından uğurlu olacağını dedi və Türkiyəyə getməyi məsləhət gördü. Oliveyra da, Mançini də haqlı imiş.
- Orda keçirdiyin ilk aydan sonra Türkiyə futbolu və “Qalatasaray” haqda nə düşünürsən?
- Türkiyədə futbolsevərlər şəkil çəkdirmək və ya imza istədikdə belə bunu mədəni şəkildə edirlər. Mənə qarşı hörmətlə davranırlar. Stadionumuz, sadəcə, inanılmazdı. Ordakı atmosfer dünyada çox az yerdə var. Oyun vaxtı ən azı “Olimpiko”dakı qədər mükəmməl və çılğın ab-hava olur. Orda ilk qolumu vurduqdan sonra sanki qanad açıb uçmağa başladım. Türkiyə futbolunun səviyyəsinin aşağı olduğunu demək düzgün deyil. Okan Burukun başçılığı altında çox gözəl komandamız var. Onun varlığı mənim üçün ikiqat şansdı. Çünki italyan dilində danışmağı bacarır. Sizi əmin edirəm ki, “Qalatasaray” İtaliya çempionatında oynasa, yüksək yerlər uğrunda mübarizə aparardı. Mertens, Torreyra kimi çox səviyyəli oyunçularımız var. İkardiyə isə söz ola bilməz. Ən yaxşı mərkəz hücumçularından biridi.
- Nə üçün indi yığmada deyilsən?
- Çünki 3 aya yaxın normal futbol oynaya bilmədim. İndi üzərimdə daha çox çalışmalıyam. Mançininin köməkçisi Salsano ilə bu haqda söhbət etdim. Sakit və soyuqqanlı olmağımı istədi. Yığmanın məşqçilər korpusu tərəfindən diqqətlə təqib edildiyimi dedi. Fiziki və psixoloji cəhətdən hazır olduğum vaxt işlərin öz-özünə düzələcəyini vuğuladı. Millətlər Liqasının final mərhələsində oynamaq istəyirəm. Yığmanı çox sevirəm. Mənim üçün İtaliyanı təmsil etməkdən gözəl heç nə yoxdu. Bu mövsüm üçün əsas hədəflərim “Qalatasaray”la çempionluq və kuboku qazanmaq, eləcə də yayda yenidən yığmaya dəvət almaqdı.
- “Roma” fanatlarının gözündə xain kimi xatırlanacaqsan...
- Bu, məni çox üzən bir mövzudu. “Roma” mənə hər şey verdi. “Roma”nın sayəsində ilk dəfə yığmaya çağrıldım. Oğlum da Romada dünyaya göz açdı. Amma sonluğun belə olması, fanatlar tərəfindən bu cür xatırlanmaq mənim üçün ağır bir zərbə oldu! Hərçənd digər tərəfdən mənə verilən və həyata keçirilməyən vədlər haqda saatlarla danışa bilərəm. Rəhbərlik mənə ulduz olduğumu deyirdi. Amma zaman göstərdi ki, onlar üçün, sadəcə, pul qazanmaq mənbəyi idim. İki il boyunca mənə deyirdilər ki, yeni müqavilən hazırdı. Ötən ilin yanvarında müqaviləni yeniləmək üçün ən uyğun zaman idi. Çünki Romada xoşbəxt idim. Əvvəl qazandığımdan bir az artığına müqaviləyə imza atmağa hazır idim. Təbii ki, klubun “maliyyə feyr-pleyi” ilə bağlı problem yaşadığını bilirdim. Amma danışıqlar prosesi uzandı və tədricən hər şeydən yoruldum. Mən necə klubda qalmaq haqda düşünürdümsə, başqaları da bu haqda düşünməliydi.
- Amma fanatlar hər şeydə səni günahlandırır.
- “Qalatasaray”dan əvvəl “Bornmut” variantı var idi. İngilislərin təklifini qəbul etmədikdən sonra klubda mənə münasibət dəyişdi. Fanatlar bunun acığını məndən çıxmağa çalışdılar. Bəziləri məni maşınla izləyərək hədə-qorxu gəldilər, bəziləri evimin önündə toplaşdılar. Ailə üzvlərimlə birlikdə çox qorxduq. Özümüzü yalqız hiss etdik. Bu insanlarla söhbət etmək mənasız idi. Əsəbdən gözləri dönmüşdü. Telefonuma durmadan pis mesajlar gəldiyi üçün onu da söndürməli oldum. Məni ən çox üzən isə bəzi komanda yoldaşlarım oldu. Ad çəkmək istəmirəm, amma bəzilərindən tam fərqli davranış gözləyirdim. Başqa vaxt mənə “qardaş” deyirdilər. Amma ayrılanda heç vidalaşmağa da gəlmədilər!
- Bəs Joze Mourinyo ilə münasibətlərin necə idi?
- Mourinyo mükəmməl məşqçi və əla insandı. Mənimlə yaxşı davranırdı və həmişə oynamağa motivasiyalandırırdı. Düzdü, o, məşqçi karyerasında əsasən dünya səviyyəli ulduzlarla işləməyə öyrəşib. Mən isə ulduz deyildim. Onun başçılığı altında böyük məmnuniyyətlə daha 4-5 il oynamaq istərdim. Amma yenə də mənə verdiklərinə görə hər zaman ona minnətdar olacam.
ƏLİ RAUFOĞLU