Qələbələrdən doymayan və dünən ''Girəsunspor''u yenməklə rəsmi oyunlarda ardıcıl 13-cü dəfə qalib gələn ''Qalatasaray'' müdafiəni xəttini gücləndirib.
''Cim-Bom'' İtaliya təmsilçisi ''Sassuolo''dan təcrübəli müdafiəçi Kaan Ayhanı 400 min avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürüb. Amma müqavilədə məcburi transfer ilə bağlı maddə var. Yəni ''Aslan'' yayda bu futbolçunu daimi əsasda transfer edəcək. Bunun üçün qarşı tərəfə 2,8 milyon avro ödəniləcək. Bu məbləğ 4 il ərzində hissə-hissə ödəniləcək. Almaniyada doğulan və ''Şalke-04''ün yetirməsi olan 30 yaşlı futbolçu ilə son illərdə Türkiyənin bütün nəhəng klubları maraqlanırdı. Amma göründüyü kimi sonda ''Qalatasaray'' istəyinə çatdı.
Daha öncə ''Şalke-04'', ''Ayntraxt'' və ''Fortuna''nın şərəfini qoruyan Ayhan 2020-dən bu yana ''Sassuolo''da çıxış edirdi. Bu mövsüm 11 rəsmi oyunda forma geyən müdafiəçi Türkiyə yığmasının da daimi üzvü sayılır. O, 2014-dən bu yana şərəfini qoruduğu ''ay-ulduzlular''ın heyətində 89 oyuna 9 qol vurub.