Hamı DÇ-2022-nin qalibi olan Argentina yığmasında Lionel Messinin dünya çempionu olmasından danışır.
Ya da komandanın Niderland və Fransa ilə oyunlarından sonrakı penalti seriyasında qəhrəmana çevrilən Emiliano Martinesin oyunu qabardılır. Əlbəttə, 36 illik çempionluq həsrətinə son qoyulubsa, deməli, məşqçi və bütün oyunçu heyəti tərifə layiqdi. Futbolçular sırasında Anxel Di Mariya da böyük uğuruna görə xüsusi fərqlənməyə layiqdi.
Faydası olmayan iki ağrıkəsici iynə
Bəli, Messinin milli formada ilk titulunu neçə il gözləməsi haqda çox deyilib və yazılıb. Dünya çemionu olmaq perspektivləri ilə bağlı mülahizələr 2014-cü ildəki finalda Almaniyaya məğlubiyyətdən (0:1) sonra daha da çıxaldı və bu, təbii idi. Onda Argentinaya irəliyə doğru yalnız sonuncu addımı atmaq qalırdı. Ya da komandada bir oyunçuya xüsusi ehtiyac duyulmuşdu. Di Mariya final ərəfəsində zədələnməsinə baxmayaraq, meydana çıxmağa can atmışdı. “Real” rəhbərliyinin qadağasına tüpürməyə də hazır idi. Anxel hətta İspaniya klubundan Argentina yığmasına göndərilən məktubu oxumağı da lazım bilməmişdi. Ona klubundan göstəriş gəldiyini bildirən milli komandanın həkiminə “burda yalnız özüm qərar verirəm” demişdi.
Ancaq Anxel özü və 8 il əvvəlki mərhum baş məşqçi Alexandro Sabelya qarşısında dürüstlüyünü qorumuşdu. Onun final ərəfəsindəki vəziyyəti yalnız özü, həkim Daniel Martines və çalışdırıcıya məlum idi. Futbolçu almanlarla həlledici mübarizəyə tam hazır olmadığını Sabelyaya bildirmiş, həmin anda göz yaşlarını saxlaya bilməmişdi. Məşqçi də böyük məyusluq və təəssüf hissi ilə start heyətində Entso Peresin oynamasına qərar verməli olmuşdu...
Amma Anxel onda səhhəti ilə risk etməyə hazır idi. Hətta bu, onun karyerasını sual altına alsaydı belə meydana çıxmağa can atırdı. Həmin axşam həkimlər ona start fitindən əvvəl və fasilə zamanı iki ağrıkəsici iynə vurmuşdular. Üçüncüyə ehtiyac qalmamışdı, ona görə ki, matçın 30 dəqiqəlik əlavə vaxtının əvvəlində argentinalıların əvəzləmə limiti dolmuşdu. Başqa sözlə, Anxelin fiziki ağrıları mənəvi planda problem də yaratmışdı. Hərçənd bir neçə ildən sonra istənilən halda həmin finalı karyerasının ən yaxşı anı adlandırmışdı...
Bir ildə 2 vacib qol
Təbii ki, bu fikri yalnız komandanın uzun illərdən sonra mundialın finalına çıxmasına görə dilə gətirmişdi. Axı tale həm onun, həm də Messinin üzünə gülmürdü. Nəhayət, “futbol Tanrısı” onları sevindirməyə başladı. Di Mariya isə “albiselesta”ya həlledici məqamlarda titul qazandıran oyunçuya çevrildi. Uğurlar silsiləsi 2021-ci ilin yayında keçirilən Amerika Kubokunun finalından başladı.
Argentina məhz Anxelin vurduğu yeganə qolla Braziliyaya qalib gəldi. Yarımmüdafiəçi “Marakana”dakı matçdan sonra keçirdiyi hislərini belə dilə gətirmişdi: “Bu unudulmazdı. Messi mənə təşəkkür etdi və bu oyunun mənim finalım olduğunu dedi. 2014-cü ildə iştirak edə bilmədiyim həmin finalın əvəzini çıxmış olduq. Bu hadisə indi baş verməli idi və baş verdi də. Bizə dəstək verən ailəmə və hər kəsə, həmçinin final matçına gələn bütün azarkeşlərimizə minnətdaram. Tezliklə dünya çempionatı keçiriləcək və Amerika Kubokundakı qələbə bizim üçün təkan rolunu oynayacaq”.
Və həmin təəssüratı Di Mariyanı aldatmadı. Bu yay Argentina yığması Avropanın son çempionu İtaliya ilə Finalissima adı verilən iki qitənin qalibi arasında keçirilən matçda rəqibinə 3:0 hesabıyla üstün gəldi. İyunun 1-də Londondakı məşhur “Uembli” stadionunda baş tutan oyunda qollardan birini məhz Anxel vurdu. O, matçdan sonra jurnalistlərə açıqlamasında artıq Qətərdəki dünya çempionatına nəzərən fikir səsləndirmişdi: “Hər şey Amerika Kubokundan sonra dəyişdi. Braziliyada uğur qazanmaqla çiyinlərimizdəki ağır yükü bir kənara ata bildik və indi sərgilədiyimiz oyundan daha böyük məmnunluq alır, vaxtımızı daha yaxşı keçiririk. Həqiqətən də indi işlərimiz daha asan alınır”.
Yöndəmsiz ötürmədən dahiyanə finaladək
Amma əlbəttə ki, Qətər sınağı heç də asan olmadı. Bu fikri həm Argentina, həm də şəxsən Di Mariya haqda səsləndirməliyik. O, zədəsini Səudiyyə Ərəbistanı ilə ilk oyundan 3 həftə əvvəl sağaltmışdı. Bilindiyi kimi, “albiselesta” mundiala sensasion məğlubiyyətlə (1:2) başladı. Startdakı uğursuzluqdan dərhal sonra hər şey alt-üst ola bilərdi. Bir neçə gündən sonra Rodriqo De Paul belə başlanğıcın komandada güclü əsəb pozuntusu yaratdığını etiraf etdi. Argentinalılar Meksikayla növbəti oyunda bir saatdan artıq müddətdə “qıfıllanan qapını döyməklə” böyük enerji itirdilər. Sonra Messinin baxımlı zərbəsi milli komandanı uçurumdan xilas etdi. Lionel məhz Di Mariyanın ötürməsiylə hesabı açdı.
Anxel bir müddətdən sonra həmin epizodu belə dəyərləndirdi: