Xəbər verdiyimiz kimi, dünən İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələnin püşkü atıldı. Məlum oldu ki, millimiz 12-ci qrupda Çexiya və Latviya ilə qarşılaşacaq.
Püşkün nəticəsi ilə bağlı fikrini öyrənmək üçün yığmamızın baş məşqçisi Yevgeni Kukseviçə müraciət etdik. Mütəxəssisin "Football-plus.az"a cavabı:
"Hər iki komanda ciddi rəqibdi. Çexiya ilə yoldaşlıq oyunu keçirmişik. Gücünə bələdik. Latviya isə son vaxtlar inkişaf mərhələsinə qədəm qoyub. Amma biz də yerimizdə saymırıq. Yeni və yerli futzalçılardan ibarət kollektiv yaradırıq. Güman edirəm ki, yaxşı hazırlıq keçəndən sonra hər iki rəqibə qarşı layiqincə oyun göstərəcəyik. Gücümüz nəyə çatırsa, onu maksimum dərəcədə ortaya qoyacağıq. Çalışacağıq ki, istəyimizə nail olaq".
Xatırladaq ki, oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Əsas mərhələnin qrup oyunları 12-21 oktyabr, 2-11 noyabr, 6-9 dekabr və gələn il 22 fevral – 3 mart aralığında keçiriləcək.
KƏNAN BAHADIR