Yaxın keçmişdə “Barselona”nın və İspaniya yığmasının heyətində əsrarəngiz oyunu ilə futbolsevərləri coşduran Andres İnyesta hələ də karyerasını davam etdirir.
O, 2018-dən bəri Yaponiya təmsilçisi “Vissel Kobe”nin şərəfini qoruyur. 38 yaşlı İnyesta futbolla yanaşı, bizneslə də məşğuldu. Öz çaxır şirkəti olan məşhur futbolçu indi də “Kapitan” adlı ayaqqabı və geyim brendi buraxmaq qərarına gəlib. İspaniyanın “Marka” nəşri bugünlərdə İnyestadan müsahibə götürüb.
- “Nə üçün məhz “Kapitan”?
- Bu çoxdan həyata keçirmək istədiyim bir layihədi. Həmişə arzulayırdım ki, öz ayaqqabı və idman geyimi brendim olsun. Nəhayət, görülən ağır işlərdən sonra bu məsələ yoluna qoyuldu. İnsanlara mənə öz hədəflərimə çatmağa yardım edən dəyərləri – işgüzarlıq, təvazökarlıq, düzgünlük, qətiyyətliliyi aşılamaq istəyirik. Bu ayaqqabı və geyimlərdən hər bir yaşda olan insanlar yararlana bilər.
- Yaxın dostunuz Leo Messi də öz dəyərləri ilə birlikdə bu yaxınlarda dünya çempionu oldu. Sizcə, futbol tarixinin ən yaxşısı sayılmaq üçün onun məhz bu mükafata ehtiyacı var idi?
- Şəxsən mənim üçün o, dünya çempionu titulunu qazanmadan da tarixin ən yaxşısı idi! Bu çempionluq onu mənəvi cəhətdən insanların düşündüyündən də çox sevindirdi. Tək onu yox, bütün Argentinanı. Bu komanda həmişə favoritlər arasında idi. Onların ilk oyunda uduzandan sonra toparlanmaları, digər matçlarda təzyiqə tab gətirmələri bu titulu daha da dəyərli edir. Kimin üçünsə, Messi DÇ-yə qədər ən yaxşı futbolçu deyildisə, onlar zatən mundialdan sonra da bu fikirdə qalacaqlar və yenə bir bəhanə ilə oz ideyalarının haqlı olduğunu sübut etməyə çalışacaqlar.
- Finalı nəzərə alsaq, bir çoxları üçün DÇ-2022 tarixin ən yaxşı mundialı oldu. Siz nə düşünürsüz?
- Final emosional və məhsuldar alındı. Bütün finalları izləmədiyim üçün müqayisə aparmaq çətindi. Amma yəqin ki, ən yaxşısı elə bu idi. Hər DÇ-nin öz maraqlı detalları olur. Amma diqqətimi çəkən məqam o oldu ki, budəfəki turnirdə müdafiəyə və əks-hücumlara üstünlük verən komandaların sayı çox idi.
- Finala baxanda və bu titulu qazanmağın nə qədər çətin olduğunu görəndə İspaniyanın DÇ-2010-dakı uğuru sanki bir qədər də dəyərli görünür. Elə deyilmi?
- Belə bir deyim var ki, vaxt ötdükcə qazanılan uğurun dəyəri daha çox anlaşılır. İndiyə qədər mundialı cəmi 6-7 fərqli komandanın qazanması dünya çempionu olmağın nə qədər çətin olduğunu göstərir. Bütün turnir boyunca maksimum konsentrasiya ilə oynamalısan. Pley-offda isə səhv etmək haqqın yoxdu...
- İspaniya bu mundialda da favoritlərdən biri idi. Komandanın ən azı daha çox irəliləyəcəyini gözləmək olardı. Siz nə düşünürsüz Luis Enrikenin komandası haqda?
- Deməzdim ki, komandadan zəfər gözləyirdim. Amma bir qədər də irəli gedəcəyini güman edirdim. Çünki məşqçilər korpusuna və futbolçulara inanırdım. Amma DÇ məhz bu özəlliyinə görə çətindi. Pley-offda həmin gün sənin günün deyilsə, mübarizəni dayandırırsan. Hər oyun özünə görə çətindi. Amma burda qazanılan təcrübə gələcəkdə bizə faydalı ola bilər. Ümumiyyətlə, təəssüf ki, 2010-dakı zəfərdən sonra mundiallar bizim üçün çətin keçir. Braziliyada heç qrupdan çıxa bilmədik. Son iki turnirdə isə 1/8 finaldan o yana gedə bilməmişik.
- Bir neçə gün öncə Serxio Buskets yığma karyerasını bitirdiyini açıqladı. Halbuki yığmada çoxları onun davam etməsini istəyirdi...
- Onun qərarı məni təəccübləndirmədi. Busketslə çox yaxşı münasibətlərdəyəm. Tez-tez müxtəlif mövzularda söhbət edirik. Həm yaşını, həm də yığmada baş verən dəyişiklikləri nəzərə alaraq bu cür qərar verdi. Aydın məsələdi ki, o artıq öz gələcyini bu komandada görmürdü. Buskets yığmada son oyuna qədər kapitan vəzifəsinin öhdəsindən əla gəldi və bir çox komanda yoldaşı üçün gözəl nümunə oldu.
- Qətərdə komandanın düşərgəsini ziyarət edərkən Pedri ilə də görüşdüz. O, “Barsa”nın və İspaniya futbolunun gələcəyi sayılır. Kumiri isə sizsiz. Görüşdə nə haqda danışdız?
- Bəli, ona qədər də Pedri ilə bir neçə dəfə söhbət etmişəm. Ona dedim ki, hər an istənilən məsələdə yardım əlimi uzatmağa, məsləhət verməyə hazıram. Çünki onun keçdiyi yolu mən də keçmişəm. Mənim üçün belə böyük potensiala malik olan futbolçunun kumiri olmaq çox xoşdu. Pedri bu cür davam etsə, həmişə üzərində işləməyə və inkişafa can atsa, onu böyük gələcək gözləyir.
- “Vissel Kobe” ilə hələ birillik müqaviləniz var. Bu müddət tamam olandan sonra nə edəcəyiniz barədə düşünmüsüz?
- Bəzən düşünürəm, bəzən isə düşünmək istəmirəm... Hər halda, içimdə futbol oynamaq arzusu azalmayıb. Hələ də karyeramı davam etdirirəm. Əvvəlki kimi məşqlərə getmək, komanda yoldaşlarıma məsləhətlər vermək xoşuma gəlir. Həyat tərzimə, sağlamlığıma diqqət etməyə çalışıram. Gəlin, tələsməyək. Bu il bitsin. Görək yeni il necə başlayacaq. Gələcəkdə nə olacağını bilmirəm. Düzünü desəm, məşqçiliyə də marağım var. Ona görə də məşqçi lisenziyası almaq pis olmazdı. Amma dediyim kimi hələ qərarımı verməmişəm.
- Bir çoxları sizin yenə Xavi ilə duet təşkil etməyinizi arzulayır. Amma bu dəfə ehtiyat zonada. Bu mümkündümü?
- Bunun baş verməsi ehtimalı çox azdı. İnsanlar bizim birlikdə meydanda oyunumuzu gördükləri üçün bu cür düşüncələrə qapılırlar. Məşqçi kimi Xavi ilə işləməyim gözəl olardı. Amma dediyim kimi bunun həyata keçməsi çətin görünür. Çünki mən hələ də karyeramı davam etdirirəm. Mənim heç məşqçi lisenziyam da yoxdu. Əsas odu ki, Xavi işinin öhdəsindən yaxşı gəlir və “Barsa” onu görməyə alışdığımız yerə qayıdıb.
- Ümumiyyətlə, Xavinin “Barsa”da gördüyü iş barədə nə düşünürsüz?
- Son illər yaşananları nəzərə alsaq, o, komandanı çətin dönəmdə qəbul etdi. Amma Xavinin təyinatından sonra yaxşılığa doğru dəyişən bir çox şey var. Düzdü, sonda istənilən məşqçinin fəaliyyəti onun qazandığı titullarla ölçülür. Amma dediyim kimi pozitiv və ümidverici dəyişiklikləri hiss etmək mümkündü.
- Liderliyi nəzərdə tutursuz? “Barsa” bu il çempion olmağa qadirdi?
- Bəli, komanda bu il çempion olmaq iqtidarındadı. ÇL-də mübarizəni dayandırmaq hamı üçün böyük zərbə oldu. Amma digər turnirlərdə mübarizə davam edir. La Liqada komandanın titul şansı yaxşıdı. Baxmayaraq ki, mövsümün sonuna hələ çox var.
- “Barselona” ilə “Real” arasındakı çempionluq mübarizəsinə kimsə qoşula bilər?
- Kiminsə qoşulması inandırıcı görünmür. “Real Sosyedad”la “Betis”i bu mövsüm bəyənirəm. Amma La Liqa çətin turnirdi. Əvvəldən sona qədər eyni səviyyədə çıxış etmək çətindi. İnanıram ki, “Barsa” 2023-cü ildə də səviyyəsini qoruyacaq.
- Həm şəxsi, həm peşəkar planda, eyni zamanda “Barselona” üçün 2023-cü ildən nə gözləyirsiz?
- Özümə və yaxınlarıma ancaq sağlamlıq arzulaya bilərəm. Elə peşəkar planda da sağlamlıq birinci yerdə gəlir. Əks təqdirdə məşq edə, meydana çıxa və futboldan zövq ala bilmərəm. Futbol mənim ən böyük sevgim və ehtirasımdı. Ondan bacardığım qədər çox zövq almağa çalışacam. “Barsa”ya isə 2023-də bütün titulları qazanmağı arzulayıram. Düzdü, çox ambisiyalı səslənir. Amma ümid edirəm ki, komanda bunu bacaracaq.