Futbol tarixində ilk dəfə noyabr-dekabr aralığında keçirilən dünya çempionatının başa çatmasına 8 gün qalır.
Ümumi rəyə və dünyanın aparıcı bukmeker kontorlarının dəyərləndirmələrinə görə, Fransa yığması Braziliya ilə birlikdə çempionluğa əsas iddiaçılar sırasındadı. “Xoruzlar”ın ardıcıl ikinci böyük qələbəyə namizəd sayılması üçün yetərincə səbəb var.
Çempionluq təcrübəsi
Əvvəla, titul uğrunda mübarizədə çempionluq təcrübəsi önəmli amil kimi irəli sürülür. “Üçrənglilər” bu baxımdan bütün başqa iddiaçılardan üstündülər: söhbət mundialın son qalibindən gedir! 8 il əvvəlki turnirin çempionu olan Almaniya artıq mübarizəni dayandırıb. Bundestimin həmin uğurunda rol oynayan oyunçuların sayı elə də çox deyildi. 12 əvvəl keçirilən mundialın çempionu İspaniya da evə yollanıb. Maraq üçün pireneylilərin sıralarında DÇ-2010-un yalnız bir qalibinin – Serxio Busketsin olduğunu bildirək.
Hələ ki Qətərdə çempionluğa əsas iddiaçı sayılan Braziliya dünya çempionatında sonuncu uğurunu 20 il əvvəl qazanıb. Evdə keçirilən DÇ-2014-ün yarımfinalında Almaniyaya rüsvayçı məğlubiyyətin (1:7) vurduğu yara çoxdan sağalıb. Amma həmin müsibətin əlaməti olan çapığın izi braziliyalıların sifətindən həyatı boyunca silinməyəcək... Əlbəttə, Braziliya potensialına görə bu mundialın ən güclüsü sayılır. Amma Titenin sərəncamında Uqo Lyoris, Benjamen Pavar, Rafael Varan, Antuan Qrizmann, Usman Dembele, Kilian Mbappe və Olivye Jiru kimi dünya çempionları yoxdu! Fransaya çempion kimi üstünlük qazandıran turnirlər sırasında ötən il Millətlər Liqasındakı qələbəni də xatırladaq. Bu isə “xoruzlar”ın Avropa komandaları ilə oyunlarda uğurlu nəticə göstərmək bacarığından xəbər verir. Fransa finala qədər məhz avropalılarla qarşılaşa bilər, Braziliya ilə Argentinanın yolu isə başqa istiqamətdədi.
Mbappe mundialda ən yaxşı futbolçudu
1/8 final arxada qalandan sonra əksər mütəxəssislər və futbol adamları mundialın ən yaxşı futbolçusu adına əsas namizəd kimi Mbappeni göstərirlər. Kilian artıq Qətərdə meydana çıxdığı 4 oyunda 5 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. 4 il əvvəl Rusiyada keçirilən turnirin ən yaxşı gənc oyunçusu seçilən hücumçu artıq 23 yaşında kifayət qədər kamilləşib. Zədə üzündən Qətəri çox erkən tərk edən Kərim Benzema bu il “Qızıl top”a layiq bilinib. “Real”ın hücumçusu Mbappe qədər güclü futbolçu olmadığını etiraf edir. Buna səbəb kimi inkişafı üçün Kiliandan daha çox vaxt sərf etdiyini göstərir.
Əlbəttə, cari turnirdə Lionel Messi ilə Kriştiano Ronaldo kimi dahi oyunçular var. Amma onlar artıq karyerasının qürub çağını yaşayırlar. Doğrudu, formasını daşıdıqları komandaların mükafatçılar sırasına düşmək şansı var. Lakin indiki məqamda Mbappenin onlara yox, onların Mbappeyə çatmağa çalışdıqları bir gerçəkdi!
Deşam heyəti yeniləyə bilib
Son bir neçə mundialda çempionların 4 ildən sonra qrupdan çıxa bilməməsi kimi maraqlı tendensiya yaşanıb. Fransa DÇ-2002-də, İtaliya DÇ-2010-da, İspaniya DÇ-2014-də, Almaniya isə DÇ-2018-də 1/8 finala adlaya bilməyib. Buna əsas səbəb kimi heyətdə bir qədər yaşa dolan və ya milli forma ilə vidalaşan oyunçuları “sığortalaya” biməmək göstərilib. Məsələn, İspaniya DÇ-2014-də müdafiənin mərkəzində Serxio Ramosa layiqli tərəfdaş tapa bilməmiş, hücumda isə David Vilya kimi bombardirin yeri görünmüşdü. 4 il əvvəl almanlar müdafiədə ciddi problemlərlə qarşılaşmışdılar: Jerom Boatenqlə Mats Hummels artıq gənc deyildilər, onları əvəzləyəcək oyunçular isə səviyyəcə geri qalırdılar. Toni Kroosa meydanın mərəzində bəslənən ümidlər doğrulmadı, hücumda isə Miroslav Klozenin yerini tutan bombardir yox idi.
Amma Fransa millisində indi belə problemlər gözə dəymir. Heyətdə Adrien Rabyo və Orelyen Çuameni kimi xavbeklər peyda olub. Onlar zədə üzündən mundialı buraxan Pol Poqba ilə Nqolo Kanteni əvəzləyə bilirlər. Qrizmannın yığmadakı rolu dəyişib. O, indi meydanda “azad rəssam” kimi görünür. Benzemanın yoxluğu bu şəkildə “sığortalanıb”. Qrizmannın sərbəstlik qazanması Mbappe və Jiru kimi mahir hücumçuların işini asanlaşdırıb. Bax, Didye Deşamın həm də məcburiyyətdən heyəti bir qədər yeniləyə bilməsi komandanın ilkin vəzifəni – qrupdan çıxmaq planını yerinə yetirməsinə şərait yaradıb.
Yenilənən mövqelər sırasında arxa xətti xüsusi qeyd etməliyik. 4 il əvvəl müdafiənin mərkəzində Samuel Yumtiti, sağda Pavar, solda isə Lüka Ernandes oynayırdı. İndiki düzülüşdə Jül Kunde, Teo Ernandes və Dayo Upamekanonun da öz üstünlükləri var. Dembelenin yaşca böyüyərək təcrübəsini artırması da müsbət təsirini göstərir. Onun sayəsində sağ cinahda qurulan hücumların kəsəri artıb. Mbappe isə Poqba ilə Blez Matyuidinin yoxluğunda daha böyük sərbəstlik qazanıb.
Məşqçi ilə layiqincə vidalaşmaq istəyi
Komanda üç aparıcı futbolçunun sıradan çıxmasına baxmayaraq, növbəti çempionluğa can atır. Deşamın yığmaya namizəd seçimi o qədər geniş idi ki, cari turnirdə də rəqabətədavamlı ola biləcək komandanı qurmaq mümkün olub. Əlbəttə, kimin hansı mövqedə oynayacağına məhz baş məşqçi qərar verib. Deşam komandadakı yenilikləri ilə böyük mütəxəssis olduğunu bir daha göstərib. Daha ispaniyalı Visente Del Boske və almaniyalı Yoahim Lövün qüsurlarını təkrarlamayıb.
Yeri gəlmişkən, onun ilin sonunda komandadan gedəcəyini də qeyd etməliyik. Yerli federasiya ilə müqaviləsi yenilənməyən 54 yaşlı mütəxəsis yığmadakı 10 illik fəaliyyətini tezliklə başa vuracaq. Sözsüz, bunu bilən futbolçular həm də onunla layiqincə vidalaşmaq istəyinə görə Qətəri çempion kimi tərk etməyə çalışacaqlar. Onlar müsyö Didyeyə bundan yaxşı minnətdarlıq edə bilməzlər.
Bu yerdə pandemiyaya görə 2021-ci ildə keçirilən sonuncu qitə çempionatındakı uğursuzluğu yada salaq. Fransa favoritlərdən biri sayılsa da, mübarizəni 1/8 finalda dayandırmışdı. İsveçrə ilə matçın gedişində 3:1 hesablı üstünlük qazanılsa da, əsas vaxt 3:3, penalti seriyası isə rəqibin qələbəsi (5:4) ilə nəticələnmişdi. Həlledici penalti zərbəsini boşa verən Mbappe qitə çempionatını qol vurmadan tərk etməklə böyük məyusluğa səbəbkar olmuşdu. O, indi həmin uğursuzluğun əvəzini artıqlamasıyla çıxır, komandasına necə lazımdısa, xidmət edir. Fransalı futbolçuları mundialda daha böyük motivasiya ilə oynamağa vadar edən digər fakt da var. Axı komanda Millətlər Liqasının bu il keçirilən seçmə mərhələsində fiaskoya uğrayıb: Fransa A liqasının 1-ci qrupunda Xorvatiya, Danimarka və Avstriya ilə mübarizədə 6 oyuna yığdığı 5 xalla 3-cü yeri tutub. Elit liqadakı yerini çətinliklə qoruyan “xoruzlar”ın hazırkı çıxışı isə göz oxşayır.
Perspektiv
“Xoruzlar”da praktiki olaraq təcrübə, ambisiyalar və yüksək səviyyənin ideal uyğunluğu aşkar görünür. Əlbəttə, belə keyfiyyətləri olan komandanın qarşısına ən yüksək vəzifə qoyulmalıdı. Fransa millisi Rusiyada keçirilən mundialdakı uğurunu təkrarlamağa qadirdi. Sözsüz, bunun üçün gərək bəxt də yanında ola...
Faktlar
* DÇ-2022 Fransa yığmasının iştirakı ilə keçirilən ardıcıl 15-ci böyük turnirdi. “Üçrənglilər” AÇ-1996-dan başlayaraq böyük futbol forumlarını buraxmayıblar. Fransızlar son 26 ildə qitə və dünya çempionatlarında 5 dəfə finalda oynayıblar. Bu həlledici oyunlardan üçünü – DÇ-1998, AÇ-2000 və DÇ-2018-in finallarını qalib başa vurublar. “Xoruzlar”ın 2021-ci ildə Millətlər Liqasının qalibi olduqlarını da xatırladaq.
* Deşam futbolçu (həm də kapitan) kimi milli komanda ilə DÇ-1998-də və AÇ-2000-də çempionluq yaşayıb. 2018-ci ildə isə yığmanı baş məşqçi kimi dünya çempionluğuna daşıyıb. O, braziliyalı Mario Zaqallo və almaniyalı Frants Bekkenbauerdən sonra mundialı həm yaşıl meydanda, həm də məşqçi skamyasında qalib başa vuran üçüncü futbol adamıdı. Bu fakt da maraqlıdı: indiyədək yalnız italiyalı Vittorio Potso məşqçi kimi ardıcıl iki dünya çempionatının qalibi olub. O, ölkəsinin komandasını DÇ-1934 və DÇ-1938-də qələbəyə daşıyıb. Müsyö Didye artıq bir neçə gündən sonra unikal uğuru təkrarlaya bilər.
Maraqlıdı...
Fransa yığması DÇ-2022-ni mükafatçılar sırasında başa vuracağı halda Benzema da medal alacaq. Qeyd edək ki, adı komandanın iştirak ərizəsindən çıxarılmadığına görə “Real”ın hücumçusu Qətərə qayıda və turnirdə oynaya bilər.