Tite hazırda ən böyük arzusunu dilə gətirib.
O, Braziliya yığması ilə ən böyük titulu qazanmaq istəyir.
Bu ilin son aylarında Qətərdə keçiriləcək dünya çempionatından sonra milli komandanı tərk edəcək 60 yaşlı mütəxəssis fəaliyyətini major notda başa vurmaq istəyir. Ölkəsinin əsas yığmasını 2016-cı ildən çalışdıran Tite ötən il vətənində keçirilən Amerika Kubokunun finalında Argentinaya məğlubiyyətə (0:1) görə çox tənqid olunmuşdu. Bütün təzyiqlərə tab gətirən mütəxəssis yeganə matçdakı uğursuzluğu DÇ-2022-nin seçmə turnirində qrupu lider və məğlubiyyətsiz başa vurmaqla (hərçənd Argentina ilə təxirə salınan qalmaqallı seçmə oyunun nə vaxt keçiriləcəyi hələ ki bəlli deyil) “sığortalayıb”.
Tite qərarı və mundialla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
“Qərarı çoxdan vermişəm. Bu mənada yaş və məsuliyyət amillərini nəzərə almışam. Mən gücümü yeni düşüncələr üçün ayırmaq niyyətində deyiləm. Dünya çempionu olmaq istəyirəm. Qarşıdakı aylarda bir qədər istirahət edəcək, ailəmlə daha çox vaxt keçirəcəyəm. Amma indi yalnız milli komanda haqda düşünürəm”.
[quote][/quote]