Benzemanın yoxluğunda Fransa yığmasının DÇ-də əziyyət çəkəcəyini düşünənlər artıq barmağını dişləyir.
Doğrudan da, çoxları Olivye Jirunun bu dərəcədə parlaq təsir bağışlayacağını gözləmirdi. Onu karyerası boyunca belə etimadsızlıq mühitinin müşayiət etdiyini nəzərə alsaq, əslində burda qeyri-adi heç nə yoxdu. Yığma formasında ilk rəsmi oyuna yalnız 2012-də - 26 yaşının tamamına bir neçə ay qalmış çıxan Jiru bu gün artıq 52 qolla milli tarixinin bombardiridi.
Məşqçisi onun heç 2-ci dəstə səviyyəsində olduğuna da inanmırdı
Yığmaya ilk dəvət zamanı Jirunun dəyəri 13 milyon avro idi. 2012-nin yayı onun həyatında əlamətdar oldu: “Monpelye”nin sensasiyalı çempionluğu fonunda “Arsenal”a keçdi. Buna qədər son mövsümdə 21 qol və 12 ötürmə ilə Fransaya səs salmışdı.
Jiru Qrenobl yaxınlığındakı Froj kommunasında böyüyüb. “Qrenobl”un akademiyasında futbolun incəliklərini öyrənib və elə burda karyerasına başlayıb. “Monpelye”yə qədər “Qrenobl” ilə yanaşı, “İstr” (icarə) ilə “Tur”un da formasını geyib. Məhz “Tur”un skautları onun istedadını kəşf edib, bu klub “Qrenobl”a 150 min avro ödəməklə razı salıb.
“Qrenobl” hələ də həmin ayrılığın məyusluğunu yaşayır. İş ondadı ki, komandanın baş məşqçisi Mehmed Bajdareviç Liqa 2-də keçirdiyi 17 oyunda 2 qol vuran gənc forvardın potensialına inanmırdı. Hətta onun məşhur ifadəsini də hamı xatırlayır: “Sənin Liqa 2-də oynamaq üçün səviyyən yoxdu. Liqa 1-dən heç danışmağa dəyməz”. Düzdü, Bajdareviç sonradan bu sözləri təkzib etdi, gunahı jurnalistlərin boynuna yıxdı, fikirlərinin kontekstdən çıxarıldığını dedi. Jiru isə 2011-də artıq “Monpelye”nin heyətində Bajdareviçin çalışdırdığı “Soşo” ilə oyunda het-trik etməklə məşqçinin cavabını verdi.
Avtobioqrafik kitab yazdı və dinə üz tutdu
“Tur” 2008-də Jirunun şəxsində gələcəyin bombardirini əldə etdi. İstedadlı hücumçu 2009/10 mövsümündə bu komandanın heyətində 21 qol və 7 ötürmə ilə yadda qaldı, Liqa 2-də bombardir oldu. Media, fanatlar, başqa klublar onun oyunundan heyranlıq duyur və daha məşhur kluba keçəcəyini gözləyirdilər. 2010-un yayında “Monpelye” ilə yanaşı, “Midlsbro” və “Seltik” də ona “elçi düşdü”. Futbolçu “Seltik” variantının tərəfdarı idi, hətta Şotlandiyaya da uçdu. Ancaq “Monpelye”nin prezidentinin adi bir zarafatı hər şeyi dəyişdi: “Sən orda nə edəcəksən? “Kilmarnok”a qarşı oynacaqsan?”
Sonradan, artıq “Arsenal”ın heyətində olarkən Jiru yenə də köhnə problemlə üzləşdi: heç kim onda ulduz kimliyini görmürdü. Xüsusən də Tyerri Anrinin “topçular”ın heyətində xarüqələr yaratması fonunda. Fanatlar təzyiq göstərir, jurnalistlər addımbaşı Olivyeni Tyerri ilə müqayisə edirdilər. Üstəlik xanımı ilə də münasibətlər pozuldu. Həyat yoldaşı futbolçunun xəyanətindən şübhələnirdi. Jiru “tvitter” vasitəsi ilə üzr istədi və şəxsi həyatındakı qalmaqal səhifəsini bağladı.
Jiru fanatlar arasında heç vaxt qeyri-adi populyarlıq qazanmadı. Amma bu məqam hücumçunu o qədər də narahat etmir. Oyunlar vaxtı təzyiqin öhdəsindən çox orijinal yolla gəlir: uşaqlarının adlarının inisialını qoluna yazıb, zaman-zaman ora baxır.
Jiru həm də özünü dində tapıb: xristian kilsəsinə gedir və ətrafındakıları da ora yönəldir. Ancaq başqa dinlərin daşıyıcılarına da hörmət edir. Hətta Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə bağlı ibrətamiz tarixçə da danışır: “Formamın altında üzərində “Mən İsanı sevirəm” yazılan mayka var idi. Qoldan sonra onu göstərmək istəyirdim. Ancaq oyun Azərbaycanda keçirilirdi. Biz müsəlman ölkəsindəydik və bu jest düzgün anlaşılmaya bilərdi”.
2020-də Jiru avtobioqrafik kitab yazdı: