Qətərdəki dünya çempionatının qeyri-adiliyi haqda çox yazılıb, çox danışılıb.
Yaxın Şərqdə və ərəb dünyasında, özü də qışda keçirilən ilk turnirdi. Başqa cəlbedici məqamlar da var. “Futbol+” səhifələrində və “DÇ-2022” adlı xüsusi buraxılışımızda bu haqda zaman-zaman bəhs etmişik.
Bizə elə gəlir ki, diqqət yetiriləsi başqa, özü də praktik məqam da var. DÇ-2022 tarixə iştirakçı komandaların hazırlıq keçmədən qatılacağı ilk mundial kimi düşəcək. Və bu mənada Qətərdəki turnir həqiqətən də unikaldı. Noyabrın 12-13-də Avropanın futbol çempionatlarında oyunlar keçirilib, artıq sabah dünya çempionatı Qətər – Seneqal oyunu ilə start götürür.
Bəs əvvəllər necə olurdu? DÇ-2018 iyunun 14-də başladı. Onda klub mövsümünün son oyunu – Çempionlar Liqasının finalı mayın 26-da keçirilmişdi.
Əsas milli çempionatlar bu tarixdən ən azı bir həftə əvvəl bitmişdi (məsələn, premyer-liqa və La Liqa mayın 13-də). İstənilən halda ÇL-in finalı ilə DÇ-nin startını bir-birindən 18 gün ayırırdı.
DÇ-2014 iyunun 12-də start götürdü, həmin il Çempionlar Liqasının finalı mayın 24-də keçirildi. Premyer-liqa mayın 12-də, La Liqa mayın 18-də “finiş xəttinə çatdı”. Gördüyümüz kimi, minimum fasilə yenə də 18 gündü. Bu incələməni davam etdirmək olar, ancaq vəziyyət təxminən eynidi. Çempionlar Liqasının finalı cəmi iki komanda deməkdi, lap onların əksər futbolçuları sonradan DÇ-də oynasa da beə. Prinsipcə yığmaların hazırlıq üçün təxminən üç həftə vaxtı olub, oyunçular da klub mövsümündən sonra azacıq dincəlib. Bu dəfə fasilə cəmi 6 gündü. Məsələn, İngiltərə yığmasını götürək. Premyer-liqada tur noyabrın 13-də - “Fulhem” – “Mançester Yunayted” oyunu ilə bitib. MY-nin heyətində iki yığma üzvü – Harri Maquayr ilə Lük Şou var. Belədə yığma tam heyətlə yaınəz noyabrın 14-də toplanıb. Artıq 21-də İngiltərə DÇ-də ilk oyununu İrana qarşı keçirəcək. Turnirin reqlamentinə görə, iştirakçı komandalar ilk oyuna ən azı 5 gün qalmış Qətərdə olmalıydı. Yəni İngiltərə yığması Qətərə noyabrın 16-dan gec olmadan uçmalıydı. Uçuş uzun çəkir – təxminən 7 saat. Bu isə o deməkdi ki, İngiltərə yığması ən yaxşı halda 4 gün məşqə çıxa biləcək, ardından hər 3-4 gündən bir oynamalı olacaq.
Əvvəlki abzasda yazılan bütün fikirlər, deyək ki, noyabrın 21-də oynayacaq Niderlanda və bütün başqa yığmalara da aiddi. Heç bir məşq düşərgəsi açılmayıb, planauyğun hazırlıq getməyib, yığışıblar, uçublar və başlayırlar!
Bu məqamda çox maraqlı sual yaranır: bütün bu qəribəliklər DÇ-nin axarına və nəticələrinə necə təsir edəcək? Analitiklər belə düşünür ki, sensasiyaların sayı azalacaq, yəni “intizamlı oyun səviyyədən üstündü” prinisipi Qətərdə işləməyəcək. Əvvəllər hansısa ortabab yığma dağlıq ərazidə ikihəftəlik hazırlıq keçib, dünya çempionatında yüksək fiziki hazırlıqla qatılırdısa, özündən güclü komandanı çox qaçmaq və intizam hesabına üstələyirdisə, indi bunu bacarmaq obyektiv cəhətdən çətindi.
5-6 gün ərzində fiziki hazırlığı möhtəşəm səviyyəyə çatdırmaq çətindi. Belədə oyunçuların ustalıq səviyyəsi, vərdişləri və oyun epizodlarının taleyini bacarıqları hesabına həll etmək qabiliyyəti ilk pilləyə çıxır. Yəni top səviyyəli yığmalarda olan keyfiyyətlər. Eləcə də heyətin dərinliyi önəmlidi. Odu ki, Braziliya yığmasının dünya çempionluğunu qazanmaq şansı heç vaxt olmadığı qədər yüksəkdi.
Bundan başqa, xətlərarası əlaqələri ən yüksək səviyyədə olan, çoxdan eyni heyətlə çıxış edən yığmalar da müəyyən üstünlük qazanacaq. Axı bu amillər sayəsində normal səviyyədə hazırlaşmamağı “pərdələmək” mümkündü. Məsələn, hələ də Vida, Lovren, Modriç, Kovaçiç, Brozoviç, Perişiç və Kramariç kimi ulduzların ön planda olduğu Xorvatiya yığmasının adını çəkə bilərik. İndi artıq elə məqamdı ki, yaşın çoxluğu gerçəkdən də çatışmazlıq sayılmayacaq.